Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Moskvada və Kiyevdə aparılan danışıqlar: Sülh yaxındadır, yoxsa uzaqda?

Moskvada və Kiyevdə aparılan danışıqlar: Sülh yaxındadır, yoxsa uzaqda?

09.09.2026 [09:17]

İndiyədək artıq 5 ildir ki, davam edən və bütün dünyanın təsirləndiyi Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə başa çatdırılmasına qardaş Türkiyə də daxil olmaqla, vasitəçilər tərəfindən çoxsaylı cəhdlər göstərilib. O cümlədən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın təşəbbüsü ilə bu məqsədlə ayrı-ayrı məkanlarda baş tutan bir neçə görüş nəticə verməyib.

Bütün bunlara baxmayaraq, Vaşinqton bu günlərdə müharibənin dayandırılmasını və tərəflər arasında sülh əldə olunmasını hədəfləyən yeni diplomatik təşəbbüslə çıxış edib. Bu təşəbbüsə uyğun olaraq D. Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün Rusiyaya və Ukraynaya səfərlər həyata keçiriblər. Onlar əvvəlcə sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, ertəsi gün isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Görüşlərin geniş təfərrüatları açıqlanmasa da, mətbuata müəyyən detallar məlum olub və artıq tərəflər müzakirələrlə bağlı öz mövqelərini açıqlayıblar. Beləliklə, sual yaranır: Moskvada və Kiyevdə baş tutan görüşlər və yaxud Vaşinqtonun yeni vasitəçilik təşəbbüsü müharibənin sonuclanmasına gətirib çıxaracaqmı? Sülh yaxındadır, yoxsa uzaqda? Təəssüf ki, hələlik bu suallara birmənalı şəkildə optimist ruhda cavab vermək mümkün deyil. Tərəflərin açıqlamalarından məlum olur ki, hələ sülhə doğru uzun yol qət etmək lazımdır.

ABŞ-ın nizamlama ilə bağlı 7 bəndlik yeni yol xəritəsi

ABŞ-ın budəfəki diplomatik təşəbbüsü çərçivəsində nizamlama ilə bağlı yeni 7 bəndlik həll planı hazırladığı məlum olub. Belə ki,  Ukrayna və xarici mediada Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün nəzərdə tutulan yeni sülh planının detalları yayılıb. Analitiklərin “ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin bitirilməsinin yeni yol xəritəsi” adlandırdıqları həmin sənəd aşağıdakı şərtləri özündə ehtiva edir:

1. Tam atəşkəs. Rusiya və Ukrayna arasında döyüşlərin dayandırılması və tam atəşkəsin qüvvəyə minməsi nəzərdə tutulur.

2. Ukrayna ordusunun geri çəkilməsi. Ukrayna Silahlı Qüvvələrinin Donbasın müəyyən hissəsindən geri çəkilməsi təklif olunur. Rusiya qüvvələrinin də həmin zonaya daxil olmaması, tərəflər arasında BMT kontingentinin nəzarətində bufer zonasının yaradılması nəzərdə tutulur. Zaporojye vilayətinin bir hissəsində də oxşar mexanizmin tətbiqi və Ukrayna yurisdiksiyasının saxlanılması variantı göstərilir.

3. Seçkilər və referendum. Ukraynada referendum və seçkilərin keçirilməsi planın əsas siyasi bəndlərindən biri kimi təqdim olunur. Bundan sonra ölkədə Konstitusiya dəyişikliklərinin həyata keçirilməsi nəzərdə tutulur.

4. Ərazilərin hərbi yolla qaytarılmasından imtina. Yeni Ukrayna hakimiyyətinin Konstitusiyaya dəyişiklik edərək Rusiyanın nəzarətinə keçəcək ərazilərin güc yolu ilə geri qaytarılmasından imtinanı təsbit etməsi təklif olunur.

5. NATO-dan imtina. Ukraynanın bloklara qoşulmayan statusunun rəsmiləşdirilməsi, NATO-ya və digər hərbi ittifaqlara üzvlükdən imtina etməsi nəzərdə tutulur.

6. Ukrayna ordusuna məhdudiyyət. Planla bağlı yayılan məlumatlarda Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyət qoyulmasının da nəzərdə tutulduğu bildirilir. Eyni zamanda dil məsələsi üzrə müəyyən razılaşmalardan da bəhs olunur.

7. Yeni hakimiyyət Rusiya ilə sülh müqaviləsi imzalayacaq. Seçkilərdən sonra formalaşacaq yeni Ukrayna hakimiyyətinin Rusiya ilə tamhüquqlu sülh müqaviləsi imzalaması, daha sonra isə sənədin BMT-nin iştirakı ilə xüsusi prosedur çərçivəsində təsbit edilməsi nəzərdə tutulur.

Müqayisə apardıqda məlum olur ki, əvvəlki həll planları ilə yeni yol xəritəsinin məzmununda oxşarlıqlar çoxdur. Daha əvvəl də Ukraynaya ərazi güzəştləri, NATO üzvlüyündən imtina və ordunun sayının məhdudlaşdırılması kimi şərtləri ehtiva edən sülh variantları təqdim edilmişdi. Lakin rəsmi Kiyev həmin təklifləri məqbul saymadı və müharibənin davam etdirilməsi variantı qüvvədə qaldı. Bu dəfə də Ukraynaya eyni ağır şərtlər təklif olunur. Kiyev buna razılaşacaqmı?

Kremldə görüş, Moskvanın 4 şərti

Sentyabrın 5-də Kremldə baş tutan görüşlə bağlı diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, ABŞ-ın elçiləri Moskvada tanış qonaqlar kimi qarşılanıb. Cared Kuşner münaqişənin nizamlanması ilə bağlı müzakirələrə üçüncü dəfə qoşulub. Stiv Uitkoff isə Rusiya Prezidenti ilə səkkizinci dəfə görüşüb. Kremldə aparılan müzakirələrdə Rusiya tərəfdən Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak ediblər. “Axios”un məlumatına görə, Moskvadakı danışıqlara Vaşinqton tərəfindən həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasının, Dövlət Departamentinin və Maliyyə Nazirliyinin nümayəndələri də qatılıblar.

Kremldə müzakirələr 3 saat davam edib. Vladimir Putin görüşün mətbuat üçün açıq olan hissəsində ABŞ Prezidentinin müharibənin həllinə töhfə vermək səylərini təqdir edib. Lakin Rusiya Prezidenti hazırkı vəziyyətin çətinliyinə də diqqət çəkib.

Müzakirələrdən sonra  Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün məzmunlu və  konstruktiv keçdiyini bildirib.  Kreml rəsmisi vurğulayıb ki, son dərəcə ciddi məsələlər üzrə müzakirə həm masa arxasında, həm də şam yeməyi zamanı qeyri-rəsmi şəraitdə davam edib. “Müzakirələr yalnız Ukrayna ilə məhdudlaşmadı. Potensial Rusiya-Amerika layihələri barədə də danışıqlar aparıldı”, - deyə o əlavə edib. Ancaq Yuri Uşakov nəyin razılaşdırılıb-razılaşdırılmadığı barədə konkret məlumat verməyib. Kreml rəsmisi həmçinin Moskvanın döyüş meydanındakı vəziyyətə “aydın və əhatəli qiymətlər” verdiyini, müharibənin bütün əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini xüsusi vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə Moskvada baş tutan görüşü nizamlama yolunda “kiçik bir addım” kimi səciyyələndirib. O, “ABŞ nümayəndələrinin Moskva və Kiyevdə keçirdiyi görüşlərin münaqişənin həllinə yaxınlaşdırıb-yaxınlaşdırmadığı” sualını cavablandırarkən bildirib ki, sülhə yönəlmiş istənilən effektiv cəhd tərəfləri nizamlanmaya doğru bir addım yaxınlaşdırır.

Kreml rəsmisi ABŞ nümayəndələrinin səylərinə müsbət münasibətini diqqətə çatdıraraq Rusiya Prezidentinin də Donald Trampın sülh istiqamətindəki mövqeyini və səylərini yüksək qiymətləndirdiyini qeyd edib.

Eyni zamanda, Rusiyadan gələn mesajlardan bəlli olur ki, Moskva maksimalist mövqeyindən geri çəkilməyib. Ekspertlər bəhs olunan görüşlər ərəfəsində Rusiyanın Ukraynaya hücumların intensivliyini artırmasını da Moskvanın masada əlini gücləndirməyə hesablandığını bildirirlər. Kreml təzyiqləri artırmaqla müharibəni bitirmək üçün dörd şərtini qəbul etdirmək istəyir. Həmin şərtlər aşağıdakılardır:

1. Ukrayna qoşunlarının tam geri çəkilməsi: Ukrayna ordusu Rusiyanın öz ərazisi elan etdiyi 4 regiondan - Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən (hazırda Ukraynanın nəzarətində olan hissələr də daxil olmaqla) tamamilə çıxmalıdır.

2. NATO-ya üzvlükdən rəsmən imtina: Ukrayna Şimali Atlantika Alyansına (NATO) qoşulmaq iddialarından və planlarından rəsmən və birdəfəlik imtina etməlidir.

3. Neytral və nüvəsiz status: Ukraynanın bitərəf, hərbi bloklara qoşulmayan (neytral) və nüvə silahına malik olmayan bir dövlət statusu beynəlxalq səviyyədə təsbit edilməlidir.

4. Qərbin sanksiyalarının ləğvi: Müharibənin tamamilə bitməsi və yekun sülh sazişinin imzalanması üçün Qərb dövlətləri Rusiyaya qarşı tətbiq etdiyi bütün beynəlxalq sanksiyaları tamamilə ləğv etməlidir.

Göründüyü kimi, Moskvanın  yenilənmiş şərtləri hətta Vaşinqtonun yuxarıda bəhs etdiyimiz “yol xəritəsi”ndən daha sərtdir. Bu isə, təbii ki, ziddiyyətləri daha da dərinləşdirir.

Kiyev “kapitulyasiya” adlandırdığı şərtləri qəbul edəcəkmi?

Moskvadan sonra Uitkoff və Kuşner danışıqları Kiyevdə davam etdiriblər. Hava məkanının təhlükəsizliyi səbəbindən qonaqların Ukrayna paytaxtına qatarla təşrif gətirmələri diqqətçəkən məqamdır və vəziyyətin nə qədər gərgin olduğunu bütün cəhətləri ilə ortaya qoyur. İş o yerdədir ki, hətta kritik müzakirələr ərəfəsində də Ukrayna səmasında uçuşlar təhlükəsiz deyil.

Kiyevdə aparılan müzakirələrlə bağlı mühüm məqamlardan biri də burada ABŞ təmsilçiləri Stiv Uitkoff, Cared Kuşner və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan danışıqlara Fransa, Böyük Britaniya və Almaniya liderlərinin xarici siyasət və təhlükəsizlik üzrə müşavirlərinin də qoşulmaları olub. Onlarla danışıqlar ayrıca raundda keçirilib. Bu, ondan xəbər verir ki, müharibədə Ukraynaya hərtərəfli dəstək verən Avropa İttifaqı (Aİ) tənzimləmə prosesindən kənarda qalmaq istəmir. Təsadüfi deyildir ki, müzakirələrdə yaxın gələcəkdə Ukrayna, Avropa və ABŞ-ın iştirakı ilə növbəti birgə görüşün keçirilməsi razılaşdırılıb.

Əsas sual isə Ukraynanın “kapitulyasiya” adlandırdığı şərtləri qəbul edib-etməməsi ilə bağlıdır. Volodimir Zelenskinin  görüşdən sonra ABŞ nümayəndə heyəti ilə birlikdə keçirdiyi mətbuat konfransında ifadə etdiyi fikirləri bu suala cavab kimi dəyərləndirmək mümkündür. O, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün diplomatik addımların atıla biləcəyi hər hansı bir formatda danışıqların bərpasını mühüm addım kimi qiymətləndirib. O, buna görə ABŞ Prezidentinə və onun elçilərinə təşəkkür edib.

Bununla belə, dövlət başçısı ərazi bütövlüyü məsələsinin aktual olaraq qaldığını və belə mürəkkəb mövzuların yalnız liderlər səviyyəsində həll edilə biləcəyini vurğulayıb.

Görüşdə təhlükəsizlik zəmanətləri ilə yanaşı, Ukraynanın müharibədən sonrakı bərpası, yenidən qurulması və iqtisadi təminatları müzakirə edilib. Zelenski qeyd edib ki, ölkənin gələcəyi üçün güclü ordu əsas təhlükəsizlik zəmanətidir və bunun üçün resurslar lazımdır.

V.Zelenski müharibənin qışa qədər davam edəcəyinə eyham vurub. O, belə olduğu təqdirdə, Ukraynanın hava hücumundan müdafiə və enerji sahələrində dəstəyə ehtiyacının olduğunu bildirib.

Uitkoff isə öz növbəsində keçirilən müzakirələrə istinad edərək, danışıqları aparanların Moskvada çox irəliləyiş əldə etdiklərini diqqətə çatdırıb. Diplomat məsələ ilə bağlı yaxşı həll yolunun tapılacağına əminliyini ifadə edib. Mətbuat konfransında çıxış edən Cared Kuşner təfərrüatları açıqlamasa da, özünün və səfər yoldaşının “səfərdən çox şey öyrəndiyini” söyləyib.

Üçtərəfli görüş gündəmdə olsa da...

Moskvada və Kiyevdə aparılan müzakirələr çərçivəsində danışıqların üçtərəfli formatda davam etdirilməsi məsələsi gündəmə gətirilib. Stiv Uitkoff və Cared Kuşner Kiyevdə rəsmilərlə görüşdükdən sonra üçtərəfli danışıqların Rusiya-Ukrayna müharibəsinin “yaxşı həlli” ilə nəticələnəcəyinə əminliklərini bildiriblər.

Ukrayna ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli görüşlərin keçirilməsinin tərəfdarıdır. Bununla belə, Kiyev Avropadakı tərəfdaşlarının da  danışıqlara cəlb edilməsini zəruri sayır. Əslində, nizamlama prosesinin genişləndirilmiş formata keçirilməsi daha məqbul variantdır. Çünki Rusiya-Ukrayna müharibəsi artıq iki dövlət arasında qarşıdurma çərçivəsindən kənara çıxıb. Bu, həm də Avropa məsələsidir. Avropa İttifaqı Ukraynaya güclü maddi-texniki-hərbi dəstək verir, eyni zamanda, Rusiyanın müharibəni davam etdirmək imkanlarını zəiflətmək üçün bu ölkəyə qarşı sanksiyaların əhatə dairəsini genişləndirir. Buna görə də Aİ özünü nizamlama prosesindən kənarda təsəvvür etmir. Avropa İttifaqının danışıqlar prosesində təmsilçiliyinə israr etməsi həm də qoca qitənin gələcək təhlükəsizliyinə təminatlar almaqdır.

Eyni zamanda, Rusiyanın da üçtərəfli formatda nəzərdə tutulan danışıqlara qoşulacağı ilə bağlı ehtimallar var. ABŞ nümayəndələri Fransa tərəfinə bildiriblər ki, Moskva Rusiyada keçiriləcək parlament seçkilərindən sonra danışıqların bərpasına hazır ola bilər. “Le Monde”nin məlumatına görə, Fransa prezidentinin administrasiyasının nümayəndəsi bildirib ki, ABŞ tərəfi bazar günü keçirilən görüşdə Rusiyada Dövlət Dumasına seçkilərdən sonra Moskvanın danışıqlara münasibətində yeni hazırlığın yarana biləcəyini deyib. “Amerikalılar bizə Rusiyanın Dövlət Dumasına seçkilərdən sonra danışıqlar prosesinin yeni mərhələsinə hazırlaşmalı olduğumuzu bildirdilər”, - Yelisey Sarayının nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilərin 18-20 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov ABŞ, Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpasının istisna edilmədiyini bildirib. Bununla belə , o, konkret tarix və formatın hələ müəyyənləşdirilmədiyini vurğulayıb.

Təsvir olunanlar Rusiya-Ukrayna müharibəsinin yaratdığı bütün ziddiyyətləri göz önündə canlandırır. Düyün nöqtəsi Rusiyanın maksimalist şərtlərinin Ukrayna tərəfindən birmənalı şəkildə rədd edilməsindədir. Buna görə də tərəflər sahədə hələlik bir-birini taqətdənsalma taktikasının miqyasını genişləndirməyə çalışırlar. ABŞ-dan gələn diplomatik səylər fonunda raket və dron zərbələrinin miqyasının genişlənməsi təzadlı mənzərə yaratmaqla müharibənin tezliklə sonuclanacağına olan ümidləri puç edir. Moskvada və Kiyevdə aparılan müzakirələri diqqət mərkəzində saxlayan və bununla bağlı silsilə materiallar dərc edən nüfuzlu “The New York Times” nəşri maraqlı müqayisə aparıb. “Amerikalılar Kiyevə ukraynalıların “Sülh Ekspresi” adlandırdıqları qatarla gəldilər. Lakin Rusiya ilə müharibəyə son qoymaq prosesində heç bir sürətli və birbaşa addım yoxdur, bunun yaxın vaxtlarda dəyişəcəyinə dair heç bir əlamət görünmür”, - deyə qəzet yazıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Elm

Silahdan daha güclü

09 Sentyabr 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30