Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / TDT ölkələrinin vahid tematik xəritəsi hazırlanır

TDT ölkələrinin vahid tematik xəritəsi hazırlanır

04.12.2025 [10:28]

Dekabrın 3-də  Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçilik İşçi Qrupunun  2-ci iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov bildirib ki, Azərbaycanda xəritəçilik sahəsi uzun və dinamik inkişaf yolu keçib: “Biz xəritəçilik üzrə əməkdaşlığın daha da sürətlənməsinə böyük önəm veririk. Təbii ehtiyatların xəritələnməsi və regional ekosistemin vahid sisteminin formalaşdırılması TDT qarşısında duran əsas prioritetlərdən biridir”.

Onun sözlərinə görə, təşkilatın beynəlxalq nüfuzu getdikcə artır: “TDT çərçivəsində müxtəlif platformalar üzrə əməkdaşlıq genişlənir. Hazırda təşkilat daxilində regional səviyyədə vahid standartların yaradılması və ortaq tematik xəritəçilik mexanizmlərinin genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur”. R.İsmayılov qeyd edib ki, qarşıdakı dövrdə xəritəçiliyin inkişafı üçün Azərbaycan töhfə verməyə hazırdır.

O, deyib ki, həmsərhəd ölkələrdə dövlət sərhədinin demarkasiyası və delimitasiyası üçün mühüm işlər görülür. R.İsmayılov, eyni zamanda, növbəti iclasın Qazaxıstanda keçiriləcəyini vurğulayıb. Nazirin birinci müavini xatırladıb ki, ötən il Ankarada qəbul edilmiş bəyannaməyə uyğun olaraq TDT ölkələrinin Vahid Tematik Xəritəsinin hazırlanması da iclasın müzakirə mövzuları sırasındadır.

TDT Baş katibinin müavini Merey Mukajan çıxışında bildirib ki, türkdilli ölkələr öz xəritələrini hazırlayırlar və iclasın nəticəsi olaraq bu, gələcəkdə hərbi mülki xəritəçəkmə təsisatları arasında  əməkdaşlığı daha da gücləndirəcək. “Türkdilli ölkələr beynəlxalq elmə, o cümlədən riyaziyyat, fizika və astronomiyaya çox böyük töhfələr veriblər, kartoqrafiya inkişaf edib. Əminəm ki, bu görüşümüz türkdilli dövlətlər arasında körpü olacaq, məhsuldar əməkdaşlığın əsası qoyulacaq”, - deyən M.Mukajan əlavə edib ki, təşkilatın son  Zirvə görüşündə dövlət başçıları Qəbələ bəyannaməsini qəbul etdilər. “TDT-nin humanitar, siyasi, iqtisadi, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğuladılar. Bunun üçün biz kollektiv strategiyalar hazırlamalıyıq, tərəfdaşlığımızı gücləndirməliyik. Bu görüşdə sədrlik Azərbaycana keçib. Düşünürəm ki, bu görüş Azərbaycanın sədrliyi üçün önəmli töhfə verə bilər”, - deyə o qeyd edib.

Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev isə bildirib ki, Azərbaycanda Dünya Geodeziya Qlobal Sistemi (WGS-84) əsasında yeni topoqrafik xəritə hazırlanıb. Onun sözlərinə görə, xəritə Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Vətən müharibəsindən sonra Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı texniki tapşırığa uyğun olaraq tərtib edilib.

A.Əliyev, həmçinin deyib ki, Azərbaycanda tətbiq olunan rəqəmsal modellər uzun müddətdir müdafiə və təhlükəsizlik sahəsində inkişaf etdirilir: “Bu sistemlərin əsasında relyefin müəyyən edilməsi, yüksəklik modelləri, ortofoto xəritələr, rəqəmsal sərhəd xəritələri, çoxölçülü məkansal məlumatlar və digər komponentlər dayanır. Bu isə müasir tələblərin dəyişməsini və yenilənməsini zəruri edir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva isə çıxışında deyib ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) 25 mindən çox iştirakçı qatılacaq: “Regional təmsilçilik baxımından əvvəlki forumlarda ən çox iştirakçının Afrikadan olduğu görünür. Ümumilikdə, regional təmsilçilik çox rəngarəngdir və biz ümid edirik ki, bu dəfə də ölkələr forumda fəal iştirak edəcəklər”.

İclasda digər çıxış edənlər də mövzu ilə bağlı fikirlərini bildiriblər. Sonda toplantının yekun sənədi qəbul olunub.

Qeyd edək ki, Bakıda təşkil olunan iclasda TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 38 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Siyasət

Siyasi kodlar

02 Dekabr 15:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31