Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sülhün memarı Bakıdır...

Sülhün memarı Bakıdır...

06.05.2026 [10:46]

Prosesə mane olmaq istəyənlər fiaskoya məhkumdur

İlham Əliyev: Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır

Azərbaycanın xarici siyasət kursunun aparıcı prioritetləri milli maraqlar çərçivəsində əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, sülh və sabitlik, ədalətli yanaşma kimi ali dəyərlərə söykənir. Rəsmi Bakı istər çoxtərəfli, istərsə də ikitərəfli əlaqələrdə iqtisadi-siyasi dialoqun genişləndirilməsi, səmimi tərəfdaşlıq kursunun dərinləşdirilməsinin tərəfdarı kimi çıxış edir. Bunun nəticəsidir ki, qalib olduğu halda, Ermənistan ilə sülh prosesinin memarı da məhz Azərbaycandır.

Azərbaycan qlobal məkanın aparıcı aktorlarındandır...

Bakı hər zaman çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyub - istər Asiya, istər Avropa, istərsə də Qlobal Cənub və Afrika ilə münasibətlərin inkişafı ölkəmiz üçün mühüm hədəflərdir. Bu gün Azərbaycan beynəlxalq mühitdə mühüm oyunçu statusu ilə həm enerji təhlükəsizliyinin, həm də qlobal sülhün təminində iştirak edir. Avropanın aparıcı siyasi dairələri Bakı ilə əlaqələrin inkişafında maraqlı olduqlarını hər zaman dilə gətirirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etməsi də bu faktı sübut edir. Dövlət başçısı çıxışında bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı Azərbaycan Prezidentinin Zirvə görüşündə iştirakı müzakirə edilib və ölkə başçımızın tədbirə videobağlantı formatında qoşulması razılaşdırılıb.

Sülhün əyani nəticələri...

Ermənistan ilə son 2 ildə baş tutan ikitərəfli görüşlər, xüsusilə Vaşinqtonda ABŞ-ın ev sahibliyi ilə keçirilən danışıqlar prosesi və əldə olunan razılaşmalar Azərbaycanın regionun təhlükəsizliyi və sabitliyi naminə iqtisadi əlaqələrin genişlənməsinə, yeni münasibətlər sisteminin formalaşmasına dəstək verdiyini açıq şəkildə ortaya qoydu. Yeni mərhələdə, sülhün daha da irəliyə aparılması, nəticə etibarı ilə imzalanması bölgədə mühüm yeniliklərə yol açacaq. Bunun konturları indidən üzə çıxır - belə ki, Bakı Ermənistanın “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısına ev sahibliyi etməsini dəstəkləyib. Dövlət başçımız çıxışında bildirib ki, bir il öncə Tiranaya səfəri zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyini soruşublar: “Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.

Qeyd edildiyi kimi, sülh prosesinin memarı Bakıdır. Ötən ilin avqustunda iki ölkə arasında imzalanan, Prezident Trampın da şahid kimi imza atdığı Birgə Bəyannamə, Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflaması hər iki tərəf üçün sülhə doğru olduqca vacib addımlardan biri kimi tarixə düşdü. Nəticə etibarı ilə, artıq 9 aydır ki, Cənubi Qafqazda sülh hökm sürür. Sülhün verdiyi dividentlər isə saysızdır. Xüsusən, Ermənistan sülhün onlara nələr vəd etdiyini əyani şəkildə görür. Dövlət başçısı çıxışında bildirib ki, sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı: “İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib”.

Sülhlə bağlı ən mühüm nailiyyətlərdən biri də qlobal ticari sistemə yeni ruh qazandırılmasıdır. Azərbaycanın təşəbbüsü ilə meydana çıxan Zəngəzur dəhlizi (TRIPP) layihəsi Şərq ilə Qərb arasında nəqliyyat daşımacılığının daha da inkişafı üçün stimuldur. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək bu yol qarşıdakı dövrdə qlobal ticarətin ən mühüm arteriyalarından biri qismində çıxış etmək perspektivinə malikdir. Prezident İlham Əliyev bildirib ki, sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək: “Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm”.

İkili standartlar qəbuledilməzdir...

Cənubi Qafqazda davamlı və əbədi sülhün bərqərar olması dünya xəritəsinə yeni ştrixlər qazandıracaq. Ticari tərəfdaşlıqlarla yanaşı, bu sülh əsasında formalaşan qlobal əməkdaşlıq platformaları həm də ölkələr, hətta qütblər arasında siyasi dialoqun inkişafına təkan vəd edir. Təəssüfləndiciri haldır ki, bəzi “beynəlxalq” statuslu təşkilatlar sülhə qarşı, Azərbaycana qarşı destruktiv mövqedən çıxış edirlər. Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, BMT TŞ-nın məlum 4 qətnaməsinin icrası, regionda sülhün oturuşması erməni lobbisi ilə yaxın təmasda olan bu kimi təşkilatları narahat etməkdədir. Maraqlıdır ki, erməni işğalı dövründə Azərbaycana qarşı olan təcavüzkar siyasəti susqunluqla qarşılayan həmin dairələr bu gün, sülhün bir addımlığındaykən, ədalət bərpa olduğu zamanda “dilə gəlib”, qeyri-hüquqi bəyanatlar verir, “qətnamələr” qəbul edirlər. Bunların sırasında Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyası xüsusilə fərqlənir. Məsələn, 2001-ci ildən AŞ-da təmsil olunan Azərbaycana qarşı münasibət Vətən müharibəsi, xüsusilə də antiterror tədbirlərinin ardından köklü şəkildə dəyişdi - ikili standartlar ortaya qoyulmağa başlandı, hətta separatizmin dəstəklənməsi halları belə müşahidə olundu. Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycanın  nümayəndə heyətinə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi: “2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.

Hazırda isə eyni mövqeni Avropa Parlamenti nümayiş etdirir. Bu qurum açıq şəkildə sülhə qarşı yanaşma sərgiləyir  - statistika da bunu təsdiqləyir. Belə ki, İkinci Qarabağ müharibəsi bitdikdən cəmi 6 ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Dövlət başçısı beş il ərzində 14 qətnamənin qəbulunu aludəçilik adlandırıb: “Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib”.

Sülhə sadiqlik...

Bu kimi qeyri-hüquqi mövqelərə baxmayaraq, Ermənistan ilə Azərbaycan sülh prosesində ardıcıldırlar. Bakının yanaşması açıq və şəffafdır - biz bölgədə əbədi sülhün olmasının tərəfdarıyıq. Dövlət başçısı nitqinin sonunda bu məsələyə xüsusi diqqət çəkib. Bildirib ki, “prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31