Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan cəmiyyətində hicab davasının böyüməsinə zəmin yoxdur

Azərbaycan cəmiyyətində hicab davasının böyüməsinə zəmin yoxdur

15.10.2026 [10:32]

Nazirlər Kabinetinin sentyabrın 21-də və oktyabrın 6-da qəbul etdiyi qərarlar ölkəmizdə təhsilalanların və təhsilverənlərin vahid geyim formalarını müəyyənləşdirir. Bu qərarların verilməsində məqsəd məktəblərdə təhsil mühitini daha da optimallaşdırmaq, şagirdlər arasında sosial bərabərliyi təmin etmək, nizam-intizamı möhkəmlətməkdir. Yəni müxtəlif sosial təbəqələri təmsil edən şagirdlər məktəbə gedərkən geyim, bəzək əşyaları taxmaq seçimi qarşısında qalmırlar. Onlar ümumi qaydalara riayət etməyin zəruri olduğunu hələ məktəb yaşlarından anlamağa başlayırlar ki, bu da gələcək həyat üçün çox vacibdir. Öz növbəsində pedaqoji fəaliyyətə adekvat geyimlə məktəbə gələn müəllimlər lövhə önundə şagirdlərin diqqətini fərdi geyim üslubu ilə deyil, yalnız mükəmməl bilgiləri, izahları ilə çəkirlər.  Necə deyərlər, ideal bir modeldir. Valideynlər övladlarını məktəbə  dərs oxumaq, biliklərə yiyələnmək üçün göndərirlər və bu istək də təhsil müəssisəsində təmin olunur. Təsadüfi deyildir ki, Nazirlər Kabinetinin bəhs olunan qərarlarının tətbiqinə keçid edilməsi bütövlükdə Azərbaycan cəmiyyəti tərəfindən təqdirlə qarşılanıb və bu keçid təmin olunub.

Bununla belə, qərarların tətbiqi müəyyən qüvvələrin təxribat cəhdləri ilə müşayiət olunur. Xüsusilə də son günlərdə ayrı-ayrı sosial şəbəkələrdə vahid məktəbli formasına keçid edilməsi oxşar məzmunlu paylaşımlarla absurd şəkildə tənqid olunur. Eyni zamanda, bəzi məktəblərdə təxribatçı dəstələr məsələnin mahiyyətini tam anlamayan məktəblilərdən və valideynlərdən özlərinə “sosial dayaq” düzəltməklə qayda-qanun pozuntularına yol veriblər - bəzi ünvanlarda məktəblərin şüşələrini sındırıblar, avtomobilləri yandırıblar...

Bunlar ölkəmizin reallıqları ilə bir araya sığmayan və qalib Azərbaycana yaraşmayan hallardır. Məktəb özbaşınalıq, vandalizm ünvanı yox, təhsil məkanıdır. Xalqımızın, Vətənimizin gələcəyinə qapılar məhz bu məkanda açılır. Hə, elə təhsil ocaqlarımızı hədəfə alanlar da məhz gələcəyimizə balta çalmaq, müstəqilliyimizə, suverenliyimizə xələl gətirmək, dünyaya inteqrasiyamızın qarşısını kəsmək istəyənlərdir.

Burada diqqətçəkən məqamlar var. Əvvəla, sosial şəbəkələrdəki paylaşımların məzmun oxşarlığı, Nazirlər Kabinetinin  qərarlarının gerçək mahiyyəti təhrif edilməklə Azərbaycan dövlətinin hədəfə alınması və bütün bunların ayrı-ayrı təhsil ocaqlarının qarşısında törədilən özbaşınalıqlarla sinxron qaydada baş verməsi diqqətdən kənarda qala bilməz. Paralel şəkildə, bəzi qonşu dövlətlərin hətta hakimiyyətlərə yaxın olan çevrələrindən Azərbaycanın daxili işlərinə qarışmaq, bizə böyük qardaşlıq edərək öyüd-nəsihət vermək, nəyi necə etməli olduğumuzu anlatmaq istəyənlər də tapılır. Beləliklə, xorun dirijor çubuğunun kimlərin əlində olduğu aydın görünür. Sosial şəbəkələrdəki hicab ajiotajının və ayrı-ayrı ünvanlarda qeydə alınan xuliqanlıq hallarının ideya mərkəzləri ölkə hüdudlarından kənardadır. Hər mərkəzin də öz ideoloji xətti və özəl məqsədi var. Uzantılar Azərbaycanın dünyəvi dövlət quruluşunu dəyişərək dini müstəviyə keçirmək, burada “Kərimə dövləti” yaratmaq və yaxud ölkəmizin suveren qərarlar vermək imkanlarını məhdudlaşdırmaq məqsədi güdənlərə gedib çıxır. Xaricdən idarə olunan təxribat ortadadır. Lakin Azərbaycan cəmiyyətinin ölkəmizi din, hicab bəhanəsi ilə xaosa yuvarlamağa çalışan qüvvələrə qarşı müqavimət immuniteti kifayət qədər güclüdür. Belə cəhdlər əvvəllər də olub və hər zaman da iflasa uğrayıb. Sosial şəbəkələrdəki son ajiotajın pik həddinin də cəmi bircə gündən sonra səngiməyə başlaması ondan xəbər verir ki, hicab davasına da  tezliklə son qoyulacaq və hər şey öz normal axarına düşəcək.

Xarici güclərin atdıqları oxların daşlara dəyərək çilik-çilik olmasının obyektiv səbəbləri var. Bu, bilavasitə ölkəmizin reallıqlarından qaynaqlanır. Azərbaycan cəmiyyətində hicab davasının böyüməsinə real zəmin və əsas yoxdur. Bu, xalqımızın sosial sifarişi deyil. Eyni zamanda, məktəblərdə təhsilalanların və təhsilverənlərin vahid geyim formasına keçid edilməsi hüqu?i bazaya əsaslanır. Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğu təsbit edilib. Konstitusiyanın 18-ci maddəsində isə dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabərliyi və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması prinsipləri müəyyənləşdirilib. Bu müddəalar Azərbaycanda təhsil prosesinin dünyəvi əsaslar üzərində qurulduğunu göstərir. Burada əlavə şərhə ehtiyac yoxdur. Əsas ?anun təhsil prosesinin dünyəviliyini təsbit edirsə, burada məzmun da, forma da dünyəvi xarakterdə olmalıdır. Hicab isə dini geyimdir. Dini geyimlə dünyəvi təhsili necə uzlaşdırmaq olar? Bundan başqa, Azərbaycanda digər dinləri təmsil edən ailələr də var. Onlar da övladlarını məktəbə aid olduqları dinin atributlarını daşıyan geyimlərlə göndərsələr, yaranacaq alabəzək mənzərəni təsəvvür etmək çətin deyil. Bu, əsla dünyəvi təhsil mühiti deyil, əksinə, dünyəvi təhsili dini çağırışlara qurban vermək anlamına gəlir.

Ən vacib məqamlardan biri də elə  hicab məsələsi ilə bağlı idarə olunan xaosu körükləyənlərin din pərdəsi altında gizlənmələridir. Onlar bizim üşün həssas nöqtənin üstündə dayanmaqla  Azərbaycan hökumətinin qərarını İslam dininə qarşı hücum anlamında təqdim edirlər. Bu, şərin, böhtanın, iftiranın ifrat həddidir ki, var. Bəlli təbliğatın  qaynaqlandığı qonşu dövlətlərlə Azərbaycanın İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələri müqayisə etdikdə kəskin fərq ortaya çıxır. Azərbaycan ölkədə “İslam Həmrəyliyi İli” elan edən, İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirən, qlobal pandemiya dövründə ehtiyacı olan İslam ölkələrinə və icmalarına davamlı yardım göstərən, onlar üçün təhsil proqramları reallaşdıran, müxtəlif sosial layihələr icra edən dövlətdir. Bəs siz nə etmisiz? Sizlərin İslam dünyasına ən böyük “xidmətiniz” zərərli ideyalar yaymaq cəhdlərindən uzağa getməyib. Ölkə daxilinə gəldikdə isə Azərbaycan xalqı olaraq biz dinimizi sevirik, ona bağlıyıq. Biz keçmiş sovet hakimiyyətinin ideoloji  qadağaları dövründə belə İslam dininə sadiqliyimizi qoruyan xalqıq, həmçinin milli-mənəvi dəyərlərimizi bundan sonra da yaşatmaq istəyirik. Eyni zamanda, dövlət səviyyəsində xalqın inamına, etiqadına böyük sayğı göstərilir. Konstitusiya ilə din dövlətdən ayrı olsa da, Azərbaycan dövləti bütün ölkə boyunca məscidləri yüksək səviyyədə təmir edir, yenilərini tikir, dini bayramlar dövlət səviyyəsində qeyd olunur, dini qurumlara hər il maddi yardım göstərilir. Müharibədən çıxan ölkənin otuz il ərzində işğal altında qalmış ərazilərdəki dağılmış məscidlərin bərpasına başlaması İslam dininə böyük sayğının ifadəsi deyilmi? Kifayət qədər uzun olan bu siyahı Azərbaycanı İslam dininə qarşı qoymağa uğursuz cəhd göstərənlərə bir cavabdır. Din başqa, dünyəvi təhsil başqadır, cənablar. Sizlərin məqsədi heç müqəddəs dinimizi müdafiə etmək də deyil. Sadəcə hicab məsələsini ortaya atmaqla aranı qarşdırmaq istəyirsiniz ki, bu da alınmayacaq. Dünyada Azərbaycanı tutduğu doğru yoldan döndərə biləcək qüvvə yoxdur!

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31