Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Bakı Brüssel üçün vacib tərəfdaşdır...

Bakı Brüssel üçün vacib tərəfdaşdır...

07.05.2026 [11:35]

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakteri

Son illər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal və aparıcı oyunçuya çevrilməsi həqiqəti bütün parametrlər üzrə qəbul edilir. 2020-ci ildə qazanılan zəfər yalnız hərbi strateji müstəvidə deyil, paralel olaraq həm də yeni geosiyasi reallıqların bünövrəsi kimi təhlil edilməkdədir. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, regionun iqtisadi, siyasi və təhlükəsizlik arxitekturasını dəyişdirdi. Azərbaycan artıq təkcə regional aktor kimi deyil, qlobal proseslərdə mövqeyi nəzərə alınan dövlət kimi tanınır. Bunun bariz nümunəsi BMT, Avropa İttifaqı, ŞƏT, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Bakının ortaya qoyduğu təşəbbüslərin dəstəklənməsidir.

Regional və qlobal proseslərdə milli maraqlara əsaslanan, praqmatik, qarşılıqlı bərabərhüquqlu münasibətlərə istinad edən siyasət yürütmək dövlətimizin əsas prioritetlərindəndir. Bu kontekstdə Avropa İttifaqı ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan - Aİ əlaqələri hər zaman işgüzar və tərəfdaşlıq dinamikasında inkişaf edib, qarşılıqlı maraqlar müstəvisində qurulub. Azərbaycan - Aİ münasibətləri siyasi dialoqdan tutmuş enerji, ticarət, nəqliyyat, təhsil və humanitar sahələrə qədər geniş spektri əhatə etməkdədir. Bu əlaqələr ilərdir ki, inkişaf edir və qarşılıqlı etimad, real maraqlar əsasında dərinləşərək strateji məzmun qazanır.

Münasibətlərdə müsbət dinamika

Azərbaycan Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məqam xüsusilə vurğulanıb. Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub. Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib.

Bu məqam təşkilat ilə ölkəmiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir - qeyd edək ki, bu müsbət tendensiyanın təməli Azərbaycan və Aİ liderləri arasında 2025-ci ilin may ayında Tiranada və oktyabr ayında Kopenhagendə keçirilmiş konstruktiv görüşlər zamanı qoyulub. Ötən il ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizliklə bağlı müzakirələr, dialoq təşkilat ilə ölkəmiz arasında münasibətlərin inkişafına öz töhfəsini verib. Bu müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaradıb. Vurğulanmalıdır ki, Azərbaycan dövləti mühüm toplantılarda, fundamental enerji dialoqlarında, yeni nizamın formalaşdırılması yönündə müzaikrlərdə əsas dövlətlərdən biri kimi qəbul olunur. Bunun da əsas səbəblərindən biri qalib Azərbaycanın xarici siyasət fəlsəfəsinin dünyanın qlobal əhəmiyyətə malik prinsipləri üzərində fokuslanmasındadır.

Enerji dialoqu yüksək səviyyədədir...

Söhbət zamanı Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

Geosiyasi reallıqlar fonunda Avropa İttifaqı məkanında enerji daşıyıcılarına tələbatın artması Cənub Qaz Dəhlizi ideyasını irəli sürən və bu layihənin əsas moderatoru qismində çıxış edən Azərbaycanın strateji baxışlarının uzaq məqsədlərə hesablandığını bütün cəhətləri ilə təsdiqləyir. 2022-ci ilin iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması isə bu prosesdə xüsusi yerə malikdir. Avropa bazarında Azərbaycan qazına ehtiyac ildən-ilə daha da çoxalır - bu isə yeni idxalçı ölkələrin ortaya çıxmasını şərtləndirir. Digər tərəfdən, paralel olaraq Azərbaycanın ixrac potensialı da artmaqdadır. Ölkənin hədəfi  2030-cu ilə qədər qaz hasilatını daha 8 milyard kubmetr artırmaqdır - hazırda ixrac 25 milyard kubmetr təşkil edirsə, o zaman üçün təqribən 33 milyard kubmetr təşkil edəcək.

Sülh regiona inkişaf vəd edir...

Görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunulub, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib, İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.

Bakı yeni nizamın təhlükəsizlik konturlarını müəyyənləşdirən sabitləşdirici faktordur. 2020-ci ildə Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran Azərbaycan bölgənin siyasi xarakterini dəyişdi - regionumuz artıq əməkdaşlıq platforması kimi izlənir və qəbul olunur. Qalib ölkə olmasına baxmayaraq Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin Cənubi Qafqazın həm siyasi, həm də iqtisadi gələcəyi üçün yeni strateji xətt müəyyənləşdirməsi vacib amildir. Ötən ilin yayında Vaşinqtonda baş tutan Sammit məhz bu reallıqların uğurlu nəticəsi kimi qəbul edilir. Aİ də hər zaman Vaşinqton Sammitini, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini alqışlayır - bu isə,  Azərbaycanın apardığı sülh siyasətinin və yaratdığı yeni reallıqların növbəti təsdiqidir.

Rəqəmsal transformasiya üzrə əməkdaşlıq perspektivi...

Qeyd edək ki, qəbul zamanı Azərbaycanla Avropa İttifaqının gündəliyindəki rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olunub.

Vurğulayaq ki, son illər Azərbaycanda rəqəmsallaşma sahəsində mühüm nailiyyətlər əldə olunub. Elektron hökumət sistemlərinin genişləndirilməsi, rəqəmsal identifikasiya mexanizmlərinin tətbiqi və bulud texnologiyalarının inkişafı dövlət idarəçiliyində səmərəliliyi artırıb. Qlobal rəqabətin kəskinləşdiyi, texnoloji innovasiyaların iqtisadi gücü müəyyən etdiyi bir dövrdə ölkəmizin rəqəmsal transformasiyaya uyğun strategiyalar formalaşdırması isə həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin gələcək inkişaf modelində mühüm mərhələ kimi qiymətləndirilə bilər. Aİ ilə əməkdaşlıq isə bu sahədə daha yüksək inkişaf tempi əldə edilməsinə yol aça bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31