Azərbaycan inamla irəliləyir
19.07.2022 [10:20]
Yeganə BAYRAMOVA
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bu günümüzə qədər keçən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır. Dünyada öz mövqeyini cəsarətlə bildirən, hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşın qarantına çevrilib. Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövləti formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir.
Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğu ilə birbaşa bağlıdır desək, heç də yanılmarıq. Məlumat üçün bildirək ki, hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Konkret olaraq ölkəmizə gəlincə, birmənalı olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Respublikası hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə qədəm qoydu. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.
Məhz Ulu Öndər vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Bu səbəbdən də, Azərbaycanın müasir, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı haqlı olaraq Ulu Öndərin adı ilə bağlanılır.
Konstitusiyanın qəbulundan sonra ölkədə aparılan məhkəmə-hüquq islahatı nəticəsində bütün hüquq təchizatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar qəbul edilib. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi dövlətin prioriteti kimi qəbul edilib.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə vətəndaş cəmiyyətinin əsasını təşkil edən qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başlasa da, ilk illər ciddi çətinliklər mövcud olub. Yalnız ?lu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu sektora münasibət müsbət istiqamətə dəyişməyə başlayıb. Respublikada aparılan hərtərəfli quruculuq işləri və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və quruculuq işləri respublikanın bütün regionlarını əhatə etməkdədir. Azərbaycanda inteqrasiya prosesinin gücləndiyi, hüququn müasir inkişafı və keçirilən islahatların məntiqi davamı kimi, Konstitusiya islahatlarının aparılması zərurətə çevrilib. Məhz bu zərurətdən qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir.
Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Ölkə rəhbərinin xalqın intellektual potensialının, təhsilinin, elminin, mədəniyyətinin inkişafı naminə imzaladığı silsilə fərmanlar, sərəncamlar və bugünkü uğurlar bizə əsas verir ki, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolunun əvəzsiz olduğunu söyləyək.
Cənab Prezident İlham Əliyevin dəstəyi ilə yaradılan “ASAN xidmət” mərkəzləri bu gün dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunu, şəffaflığını təmin edir, korrupsiyanın qarşısını alır. Cənab Prezidentin də dediyi kimi, “vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.
Ümumiyyətlə, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz.
Müasir dövrdə demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.
Son illər dövlət idarəetməsində həyata keçirilən islahatların hakimiyyətin bütün qollarını əhatə etməsi, məhkəmə-hüquq sistemində baş verən yeniliklər, vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycanın hüquqi-demokratik dövlət kimi əsaslarını daha da möhkəmləndirib. Bütün bunlar nəticə etibarilə dövlətimizi və xalqımızın milli həmrəyliyini daha da gücləndirir, cəmiyyətimizin rifahını yüksəldir. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimiz bunun bariz nümunəsidir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

