Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Nəsimi irsinin çağdaş elmdə təzahürü

Nəsimi irsinin çağdaş elmdə təzahürü

31.10.2019 [09:34]

Müasir elm sahələrində dahi şairimizin ideyaları elmi dəlillərlə sübuta yetirilir
XIV əsrin ən böyük söz sənətkarlarından biri də İmadəddin Nəsimidir. O, hürufilik təriqətinin yaradıcısı olan Həllac Mansurun ən fəal davamçısı olub. Nəsimi hürufilik fəlsəfəsində insan məhəbbəti və şəxsiyyət azadlığını anadilli şeirlərində humanist ideyalarla zənginləşdirmiş dahi şairlərimizdən biridir. Hürufilik fəlsəfəsində Allah gizli bir xəzinədir. Hər şeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. Səsin kamilliyi isə kəlam, yəni sözdür. Kəlam isə yalnız insanlarda zühur edir və özünü səsdə göstərir. Mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır, maddiləşir və hərfə çevrilir. Söz isə hərflərin külliyyatından doğan zinətdir. Allahda sözlərlə ifadə olunur və onun yaratdıqları da sözlərin cəmindən doğur. Quranda da Allah “Ol” deməklə kainatı yaratdığını deyir: “Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar” (Yasin/82). Bu, müasir fiziklərin kəşf etdiyi “Big-bang” (böyük partlayış) nəzəriyyəsini xatırladır. Yəni kainat birdən, yoxdan yaradılıb. Bilindiyi kimi, Big-bang hadisəsi başlanğıcda kainatdakı bütün cisimlərin birlikdə olduğunu və sonradan ayrıldığını göstərir. Bu nəzəriyyəyə görə, kainatın “0 həcmindəki nöqtə” insan ağlının anlamadığı “yoxluq” mənasını ifadə edir. Quranda da 15 əsr bundan öncə həmin nəzəriyyə bu şəkildə ifadə olunur: “Allah göyləri və yeri yoxdan var edəndir” (Ənam/101). Bu da materialist fəlsəfənin kainatın var olub və var olacağı “əzəli maddə” anlayışını kökündən dəyişmiş olur.
Hürufilər Quran ayələrindən çıxış edərək insanın daxili aləmində günəşin, ayın - bütün səma cisimlərinin mövcud olduğuna inanırdılar. Nəsimidən öncə yaşamış sənətkarlar da insanı yaranmışların ən şərəflisi hesab etmişlər. Nizami, Xəqani, Rumi, Şəbustəri kimi mütəfəkkirlər Vəhdəti-vücud, yəni varlığın birliyini təbliğ edərək insanı düşünməyə, öz varlığını dərk etməyə çağırırdılar. Vəhdəti-vücud fəlsəfəsini təbliğ edənlər insanı yaradıcının zərrələri hesab edirdilər. Məhz bu ideyalar mütəfəkkir, söz sənətkarlarının öz təxəyyül və ixtiralarına deyil, səmavi kitablardan biri olan Qurana əsaslanaraq irəli sürülmüş ideyalar idi. Quranda da insanı Allah Öz xəlifəsi hesab edir. Quranın bir çox - Bəqərə/30, Sad/26, Ənam/165, Nəml/62, Əraf/74 və s. ayələrində xəlifə sözü istifadə edilib. Məsələn, Fatir surəsinin 39-cu ayəsində xəlifə sözü belə işlədilir: “Sizi yer üzündə xələflər edən odur”. Xəlifə sözünün mənası ərəbcə x, l, f kökündəndir və canişin, əvəzedici bir kəsdən sonra onun yerini tutan şəxs mənasını verir. Nəsimi də Quran ayələrindən çıxış edərək kainatın bütün sirlərini insanı öyrənmək yolu ilə tapmağın mümkün olduğunu söyləyir. Mənlik şüurunu inkişaf etdirmək üçün insan öncə özünü dərk etməlidir. Yalnız bu yolla haqqı, əsl Həqiqəti tapmaq olar. Özünü düzgün dərk edən insanın Həqiqətə qovuşacağını deyir Nəsimi. Həqiqətin isə insanın daxilində olduğu fikrini irəli sürür:
Ey özündən bixəbər,
gəl tanı, səndədir,
Gəl vicdan şəhrinə, seyr et,
gör anı, səndədir.
Qandadır deyü nə sərgərdan
gəzərsən zənn ilən,
Gəzməgil hər mənzili çün
can məkanı səndədir.
Mən nə vəch ilən deyəm
haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm
haqqın nişanı səndədir.
Bülbüli-qüdsi isən ayrı
gülüstan gözləmə,
Seyrə çıx, ruhul-əminin
gülüstanı səndədir.
Şüurlu olmaq, fərqində olmaq, bu ikilikdən qurtulmaq lazımdır. Mən və sən, mən və o deyil, biz məsələsi vardır Nəsiminin əsərlərinin ideyasında. Məhz bu ideyalardan çıxış edərək Nəsimi: “Haqtəala adəm oğlu özüdür” deyir. Quranda da “biz” deyə xitab edilmirmi hamımıza? Hamımız böyük holoqramın kiçik parçalarıyıq, - deyən müasir fiziklər də burada, bu dünyada özümüzlə və o böyüklə əlaqəli bütün keyfiyyətlərin, xüsusiyyətlərin mövcudluğu, bütün inkişaf imkanlarının mövcudluğu qənaətinə artıq gəlmişlər.
Müasir elm Nəsiminin ideyalarını elmi dəlillərlə sübut edir. Kainatın həm maddə, həm də şüurun tək bir sahə halına daxil edildiyini, bütün bu varlıq aləminin əzəmətli və böyük bir holoqram olduğunu deyən müasir fiziklər Enşteyn, David Bohm və Karl Pribram “Bütövün (kainat sistemi) haqqında məlumat əldə etmək istəyirsinizsə, bir kiçik parçanın (insan) haqqında məlumat əldə etməyiniz kafidir”, - deyərək bizə bu gün Holoqram nəzəriyyəsini təqdim etməkdədirlər. Bir kiçik parçanı analiz edib anladığımız zaman bütövü də anlamış oluruq.
Bu parça ilə bütöv arasında birliyi qurmaq dolayısı ilə kosmik şüur deməkdir. Holoqram fiziki bir kəşfdir. Lakin fəlsəfi yönü daha qüvvətlidir. Kosmik anlayış, kosmik şüur üçün kainatı kəşf etməyə ehtiyac yoxdur. Elm adamları insanlar həyatda ikən belə kosmik şüura sahib olacaqlarını holoqram nəzəriyyəsi ilə insanlara sübut etmişlər. Hər şey bizim daxilimizdədir, insan özünü tanıyarsa, kainatı da tanımış olur və bununla da əsl həqiqəti tapmış olur. Hürufilərdə belə bir şüarla çıxış edirdilər: “Mən özüm yoxam, məndə olan da haqdır”, - yəni öz nəfsini, dünyəvi meyillərini öldürüb, maddi həzzin əsarətindən qurtulan şəxs irfani bilik kəsb edərsə, ilahi bir məqama yüksəlib ilahi keyfiyyətlər qazanmış olur. Belə demək mümkündürsə, İlahinin ruhu onda təcəssüm etmiş olur. Belə bir mərtəbəyə yüksələn insan isə haqq ilə insan arasında batini mənada fərq görmür. Nəsimi də “ənəlhəq” deyərkən öz fikirlərini şeirlərində belə izah etməyə çalışıb:
Mən ol Mənsuram, ey arif ki,
Həqdən bulmuşam nusrət.
Ənəlhəq söylərəm daim ki,
Ömrüm payidar oldu.
Hüvəl əvvəl, hüvəl axir
Gedər səndən ikilik kim,
Nəsimi kim yar ilə çün
Ulaşdı Külli-yar oldu.
Çox əfsuslar olsun ki, bu sətirlərə görə onu amansızca edam etmişlər. Lakin buna baxmayaraq, Nəsiminin həm fars, həm türk, həm də ərəbcə yazdığı əsərləri hər zaman sevilərək dillər əzbəri olub.
Dahi şairin Azərbaycan dili, ədəbiyyatı, elmi və fəlsəfəsindəki xidmətlərini nəzərə alan Prezident İlham Əliyev tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi, silsilə tədbirlərin keçirilməsi təkcə nəsimisevərlər arasında deyil, elm və ədəbiyyat ictimaiyyətində də böyük fəxrlə qarşılanır. Həmçinin UNESKO xətti ilə bu yubileyin keçirilməsi göstərir ki, Nəsimiyə layiq olduğu qiyməti dünyanın tərəqqipərvər humanist bəşəriyyəti artıq verib.
Rəxşan Quliyeva

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30