Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regional enerji və təhlükəsizlik məsələləri İstanbulda keçirilmiş Xəzər forumunda müzakirə edilib

Regional enerji və təhlükəsizlik məsələləri İstanbulda keçirilmiş Xəzər forumunda müzakirə edilib

07.12.2012 [03:59]

Forumda Azərbaycan mötəbər nümayəndə heyəti ilə təmsil olunub
Regional enerji və təhlükəsizlik məsələləri dünyanın nüfuzlu siyasətçiləri və enerji ekspertlərinin iştirakı ilə dünən İstanbulda keçirilmiş Xəzər forumunda müzakirə olunub.
Tədbir Xəzər Strateji İnstitutu, Türk Əməkdaşlıq və İnkişaf Agentliyi (TİKA), Türkiyə Nazirlər Kabineti yanında Sərmayələrin Dəstəklənməsi və İnkişafı Fondu, ABŞ-ın Brookings İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Forumun açılışında çıxış edən Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş qlobal dünyada Xəzərin karbohidrogen ehtiyatlarının regionun təhlükəsizliyi, bölgədə sülh və sabitliyin bərqərar olması baxımından bu forumun əhəmiyyətindən bəhs edib.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin neft strategiyası və Ulu öndərin təşəbbüsü və iştirakı ilə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft sektoruna 50 milyard dollar, iqtisadiyyatımıza isə 120 milyard dollar sərmayə qoyulmasına şərait yaradıb.
Mühüm transmilli layihələrə imza atan Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Digər tərəfdən, regionun davamlı inkişafı üçün Xəzər hövzəsinin bütün dövlətləri üzərlərinə düşən vəzifələri yerinə yetirməli, bölgədə mövcud olan separatçılığa son qoyulmalı və münaqişələr öz həllini tapmalıdır. Konkret olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmalı, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.
ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts Ermənistan- Azərbaycan münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə tez bir zamanda həllinin zəruriliyini vurğulayıb. R.Qeyts deyib ki, ABŞ və Azərbaycan Xəzər hövzəsində təhlükəsizliyin təmin olunması üçün faydalı əməkdaşlıq edirlər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə Avropanın və dünyanın enerji təhlükəsizliyinə mühüm töhfə olub.
Türkiyə xarici işlər nazirinin müavini Naci Koru, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız dünyanın və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Xəzər regionunda sülhün və sabitliyin bərqərar edilməsinin zəruri olduğunu vurğulayıblar.
Natiqlər Azərbaycanın dünyanın və Avropanın enerji təhlükəsizliyində mühüm rolundan ətraflı bəhs ediblər.
Açılış mərasimindən sonra forum öz işini “Xəzərin enerji resurslarının Avrasiyanın enerji təhlükəsizliyində yeri” mövzusunda bölmə iclasında davam etdirib.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bölmə iclasında çıxış edərək son 20 ildə ölkəmizin enerji sektorunun dünyada bu sahədə baş verən proseslər fonunda inkişafından danışıb, həyata keçirilən enerji layihələri, Ulu öndər Heydər Əliyevin neft strategiyasının Avropanın və qardaş Türkiyənin enerji təhlükəsizliyi, habelə iqtisadiyyatına verdiyi töhfələrdən ətraflı bəhs edib. OPEK və Rusiya xaricində ilk dəfə olaraq müstəqil neft ixracatçısına və mühüm oyunçuya çevrilən Azərbaycanın qardaş Türkiyə ilə həyata keçirdiyi TANAP layihəsi bu strategiyanın daha bir uğurlu nəticəsidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Xəzər hövzəsi və iqtisadi inkişaf: Böyük İpək yolunun bərpası, şaxələndirmə və davamlı inkişaf” mövzusunda bölmə iclasında çıxış edərək Xəzər hövzəsinin geostrateji əhəmiyyətindən ətraflı söhbət açıb. Bu regionda yerləşən 5 ölkənin xalqlarının tarixində İslam və xristianlığın vəhdətinin olduğunu diqqətə çatdıran Əli Həsənov deyib ki, dünyanın ən azı 200 illik neft-qaz ehtiyaclarını təmin edəcək Xəzər regionu geoiqtisadi kontekstdə də dünya üçün ən mühüm məkanlardan biridir. SSRİ-nin süqutundan sonra bu regionda yeni geostrateji vəziyyət yaranıb. Müxtəlif güclərin maraqlarının kəsişdiyi bölgədə Azərbaycan həm neytral siyasət yürüdür, həm də bölgənin təhlükəsizliyinə töhfə verir. Məhz Ulu öndər Heydər Əliyevin neft strategiyası nəticəsində ölkəmiz Xəzərdə ilk dəfə olaraq İran və Rusiya xaricində öz sərvətinin sahibi kimi çıxış edib və karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmağa nail olub. Bu məsələdə Ümummilli liderimiz “bir millət, iki dövlət” kimi xarakterizə etdiyi qardaş Türkiyə ilə birgə hərəkət edib. Ulu öndərin müdrik siyasəti nəticəsində həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri bunun bariz nümunəsidir. Bu boru kəməri, eyni zamanda, Bosfor boğazında tankerlərin sıx hərəkəti ucbatından təhlükə ilə üz-üzə qalmış İstanbulu da xilas edib. Təsadüfi deyildir ki, bu şəhərdə Ulu öndərin möhtəşəm abidəsi ucaldılıb. Atatürk İstanbulu düşməndən xilas edib, Heydər Əliyev isə onu ekoloji fəlakətdən qurtarıb.
Bölmə iclasında çıxış edən Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov, nəqliyyat nazirinin müavini Musa Pənahov ölkəmizdə sosial, təhsil, mədəniyyət və nəqliyyat sahələrində aparılmış islahatlar, əldə olunmuş mühüm nailiyyətlərdən ətraflı bəhs ediblər.
“Avrasiyada sülh və sabitliyin bərqərar olması: perspektivlər və vəzifələr” mövzusunda bölmə iclasında çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Xəzər regionunda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının, torpaqlarımızın tezliklə azad olunmasının zəruriliyini vurğulayıb.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, bu problem və regionda mövcud olan digər münaqişələr həll edilərsə, iqtisadi yüksəliş templəri daha da sürətlənə bilər.
ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts, Tükiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu, NATO-nun müşaviri Culius Qrubliakuskas, London Dövlət Əmək və İnşaat İdarəsinin rəhbəri Dennis Sammut, Britaniya Lordlar Palatasının üzvü, lord Con Desmond Vaverli, Beynəlxalq Enerji Agentliyinin ekspertləri Tim Qould, Con Roberts, Gürcüstan enerji və təbii ehtiyatlar nazirinin müavini Mariam Valişvili və başqaları Xəzər regionunda enerji və təhlükəsizlik məsələlərindən danışıblar.
Forumun sonunda “Xəzər mükafatları”nın təqdimatı olub.

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30