Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır”

“Bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır”

30.01.2013 [01:48]

Prezident İlham Əliyev: Keçən il sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür - yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. Bu il də investisiya proqramında bu layihələr nəzərdə tutulur
Məlum olduğu kimi, ötən əsrin sonunda dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan 20 il ərzində sosial-iqtisadi və siyasi sahədə aparılan düşünülmüş islahatların məntiqi nəticəsi olaraq bu gün dinamik inkişaf edən ölkələr arasında özünəməxsus yerə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar konsepsiyasına əsaslanan makroiqtisadiyyatın genişşaxəli sosial siyasətlə paralel şəkildə əlaqələndirilməsi Azərbaycanın nəinki regionun, dünyanın dinamik inkişaf edən ölkəsi kimi nüfuzunu artırıb. Son dövrlərdə dünyada gedən proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir.
Qeyd edək ki, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı bölgələrimizin inkişafını əsaslandıran böyükhəcmli proqramların icrasına da şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub.
Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə, Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə bəiləcək strateji bölməyə çevrilib.
Sözsüz, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətlərinə diqqət yetirsək görərik ki, vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə bağlı tədbirlərin gücləndirilməsi daim diqqət mərkəzindədir. Təbii ki, ölkənin büdcə vəsaitlərinin artması sözügedən sahədə kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb.
Qeyd etmək lazımdır ki, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində bu gün pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddindən çoxdur. 2012-ci ilin yekunlarına görə, əhalinin pul gəlirləri isə 13,8 faiz artıb. İnflyasiya ilə əhalinin pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 ölkəni geridə qoyur. Yəni davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali yararlanır. Başqa sözlə, iqtisadi inkişafın “inklyuzivliyi” artır. Hazırda, Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
2012-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən, nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilib. Bütövlükdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisəsinin isə tikintisi davam etdirilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, işsizliyin səviyyəsinin azaldılması Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Heç şübhəsiz, regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azalmasıdır. Təkcə onu demək kifayətdir ki, son illərdə açılmış iş yerlərinin 80 faizi bölgələrin payına düşür.
Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülüb. Məsələn, həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində bu gün pensiyaçıların 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. 2012-ci il oktyabrın 1-nə olan məlumata görə, əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. Ölkəmizdə icra olunan ünvanlı yardım proqramı isə hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə ayda orta hesabla 112 manat vəsait ödənilir.
Hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Məşğulluğun təmin olunması öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəni təmin edir. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 7 ildə ölkəmizdə 950 min yeni iş yeri açılıb, minlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Bunların 80 faizi bölgələrin payına düşür. Ötən ilin yekunlarına görə, Azərbaycanda işsizlik aşağı səviyyədə 5,4 faiz təşkil edib.
Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən biri məhz bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və yeni iş yerlərinin açılmasıdır. Məsələn, 2005-ci ildə ölkə üzrə işsizlərin sayı 7,5 faiz və ya 317,8 min nəfər təşkil edirdisə, 2011-ci ildə bu göstərici 5,4 faiz və ya 250,9 min nəfər olub. İşsizlik statusu almış şəxslərin ümumi sayı 56 343-dən (2005-ci il) 38 330 nəfərədək (2011-ci il) azalıb. İşsizlik müavinəti alan şəxslərin sayı isə 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb. Ötən ilin yekunlarına görə, Azərbaycanda işsizlik 5,2 faiz təşkil edib. Bu, o deməkdir ki, işsizliyin səviyyəsi 2012-ci ildə bir qədər də aşağı düşüb. Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində keçən il 117 min yeni iş yeri açılıb ki, onlardan 93 mini daimi iş yeridir. İnkişaf proqramlarının əvvəlindən indiyədək isə 1 milyon 200 min yeni iş yeri açılıb ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərib. Eyni zamanda, işsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşüb və həmin göstərici 7,6 faizdən 6 faizədək azalıb. Bu, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.
Əhalinin sosial problemlərinin həlli ilə yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi hökumətin daim diqqət mərkəzindədir. Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin, rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması da bu məqsədə xidmət edir.
Eyni zamanda, ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılıb. Ötən il ərzində 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub. Hazırda, 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir. Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülüb, yaşayış binaları və istifadəyə verilib, sosial obyektlərin istilik sistemi yenidən qurulub, qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınıb. Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılıb, hazırda 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir.
Vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları, habelə, hazırda icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edib. Xüsusən də, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər bu sahənin inkişafında vacib təkan rolunu oynayıb.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı dövlətimizin başçısı bildirib ki, bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır: “Keçən il digər sosial proqramlar da icra edilmişdir. Bu il isə bu məqsədlər üçün əlavə vəsait nəzərdə tutulacaq və əminəm ki, sosial siyasətimiz bu il də çox təsirli olacaqdır. Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür - yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. Bu il də investisiya proqramında bu layihələr nəzərdə tutulur”.
Prezident İlham Əliyev qeyd edib ki, dövlət büdcəsində nəzərdə tutulan vəsait imkan verəcək ki, ölkə qarşısında duran əsas infrastruktur layihələri vaxtında başa çatdırılsın: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri bu ilin sonuna qədər başa çatsın”.
Bütün bunlar isə bir daha o nəticəyə gəlməyə əsas verir ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən dövlətimizin başçısı İlham Əliyev ötən illər ərzində bu vədini öz əməli ilə doğruldub. Onun həyata keçirdiyi bütün layihələr, atdığı addımlar və gördüyü işlər yalnız bir məqsədə xidmət edir: Azərbaycan dövləti daha da güclü olsun, hər bir Azərbaycan vətəndaşı layiqli, daha yaxşı həyat şəraiti ilə təmin olunsun. Əldə olunan nəticələr göstərir ki, Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsədlərə nail olunması istiqamətində gördüyü işlər böyük müvəffəqiyyətlə davam etdirilir.
SEVİNC

Paylaş:
Baxılıb: 987 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30