Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə Əkrəm Əylislinin “Daş yuxular” əsərinə kəskin etiraz...

Milli Məclisdə Əkrəm Əylislinin “Daş yuxular” əsərinə kəskin etiraz...

02.02.2013 [02:25]

Milli Məclisin yaz sessiyasının ilk iclasında millət vəkilləri Əkrəm Əylislinin “Daş yuxular” romanına münasibət bildiriblər. Deputatlar bu əsəri etirazla qarşılayıblar.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Ə.Əylislinin son dərəcə antimilli, zərərli “Daş yuxular” adlı romanı erməni işğalına və separatizmə bəraət qazandırır: “Eyni zamanda, əsərdə Azərbaycan xalqı dünyaya mədəniyyətsiz, tənbəl, qəddar, vəhşi bir xalq kimi təqdim edilir. Ə.Əylisli bu romanda bizim üçün müqəddəs nə varsa, azadlıq mübarizəmizi, toponimlərimizi, ərazi bütövlüyümüzü, böyük şəxsiyyətlərimizi də təhqir edir, lağa qoyur və aşağılayır. Erməniləri isə dünyanın vicdanlı və mədəni insanları kimi qələmə verir. Bu əsərdə qədim Azərbaycan torpağı olan və qürur yerimiz Naxçıvanın tarixən ermənilərə məxsus olduğu göstərilib. Eyni zamanda, Bakıda, Sumqayıtda tökülən qanların yeganə baiskarının Azərbaycan xalqı olduğu fikri də ortaya atılır. İndi erməni mətbuatında Əkrəm Əylislini yüz ildir ki, inadla inkar edilən “erməni soyqırımı”nı etiraf edən və tövbəyə dayanan qəhrəman kimi elan ediblər. İndi toy-bayram içərisində olan Ermənistanda bu erməni təəssübkeşini Aram Aquliski adlandırmağa başlayıblar. Əkrəm Əylisli, yaxud sevdiyi xalqın dili ilə desək, Aram Aquliski ömrünün axirətini düşünən çağındadır. Yəqin ki, son nəfəsində onun üstündə “Qurani-Kərim” deyil, məhəbbətlə bəhs etdiyi Zakariya Aquliskinin gündəliyi oxunacaq. Azərbaycan xalqını alçaltdığına, milli adət-ənənələrimizi aşağıladığına, işğalçı erməni faşizminə haqq qazandıran əsərinə görə belə bir erməni xislətli yazıçının “Xalq yazıçısı” adını daşımağa haqqı yoxdur. Təklif edirəm ki, bu məsələyə baxılsın və müvafiq tədbir görülsün. Xalqın heysiyyatı ilə oynamaq haqqı heç kimə verilməyib”.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov isə çıxışında Əkrəm Əylislinin bu romanı ilə Azərbaycan xalqına böyük zərbə vurduğunu bildirib: “Əgər düşmən səni tərifləyirsə, deməli, sən xalqına qarşı hansısa bir günah işlətmisən. Amma bu əsərlə tanış olanda, qəti əmin olursan ki, bu, sadəcə, bir günah deyil, bu, xalqa qarşı vurulmuş böyük bir zərbədir. Çox təəssüf edirəm ki, Əkrəm Əylisli bu əsərdə günahkar Azərbaycan xalqı obrazı yaradır. Ermənilərin vaxtilə uzun illər boyu həyata keçirmək istədiyi niyyətinə Əkrəm Əylisli, əgər ona Azərbaycan yazıçısı demək olarsa, dəstək verib. Eyni zamanda, o, ermənilərin Azərbaycana qarşı təcavüzünə haqq qazandırır”.
Əli Əhmədovun fikrincə, qətlə yetirilən azərbaycanlılar haqqında bir kəlmə də deyilməməsi bunun bariz nümunəsidir. Onun sözlərinə görə, bu əsərdə Əkrəm Əylisli erməni separatizminə haqq qazandırır: “Əkrəm Əylisli ziyanlı əsəri ilə Dağlıq Qarabağ ermənilərinin separatçı hərəkətlərinə, digər tərəfdən də, Azərbaycana, Azərbaycan torpaqlarına haqsız, ədalətsiz, qərəzli ərazi iddialarına sanki bir ideoloji zəmin hazırlamış olur. Azərbaycanlı yazıçı olaraq ermənilərin hazırlamaq istədikləri ideoloji zəmini gücləndirmiş olur və bu iddiaları bir daha əsaslandırır. Hesab edirəm ki, sadaladığım bu günahlar Əkrəm Əylislinin bu kitabının heç bir zaman Azərbaycanda nəşr olunmaması üçün əsas yaradır. Əkrəm Əylislinin əsərlərinin nə zamansa Azərbaycanda nəşr olunmasına imkan verilməməlidir və qadağa qoyulmalıdır. Azərbaycan xalqına qarşı bu qədər haqsızlıq etmiş, zərbələr vurmuş, aşağılamış bir yazıçının Azərbaycanın xalq yazıçısı adını daşımağa heç bir mənəvi haqqı yoxdur. Digər bir tərəfdən, Azərbaycan dövlətinin ən ali mükafatı olan “İstiqlal” ordenini daşımağa heç bir haqqı yoxdur. Çünki Azərbaycana və Azərbaycan xalqına qarşı etdiyi bu xəyanət bütün bu hüquqları onun əlindən almaq üçün əsaslar verir. Güman edirəm ki, Azərbaycan xalqı və Azərbaycan ictimaiyyəti səsləndirilən bu təklifləri dəstəkləyəcək və ona layiqli cavabını verəcək”.
“Əkrəm Əylisli Azərbaycan xalqına qarşı nankorluq edib. O, əsərini guya deputat olduğu dövrdə yazdığını deyir. Əkrəm Əylisli nə etdiyini bilən adamdır. Əgər millət vəkili olanda bu əsəri yazıbsa, niyə üzə çıxarmırdı?”. Bu fikirləri isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. N.Cəfərov bildirib ki, “Daş yuxular” romanı erməni məntiqi ilə yazılıb. Onun sözlərinə görə, ermənilər bu əsərdən artıq sui-istifadə edirlər.
“Əsər guya bu məntiqlə yazılıb ki, guya günahı bu tərəf boynuna alır, o biri də boynuna alacaq! Bu, nə əbləh yanaşmadır?! Sən kimsən ki, nəyisə boynuna götürürsən. Mən düşünürəm ki, Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından məhrum etmək lazımdır. Gedib Yerevanda hansısa kilsədə xidmətçilik etsin”, - deyə komitə sədri qeyd edib.
Millət vəkili Zahid Oruc qeyd edib ki, Ə.Əylislinin yazdıqları ermənilərin əlində bayraq olacaq. Bu əsər faşizmi təbliğ edir və ermənilərin qəsbkarlığına haqq qazandırır: “Biz Əkrəm Əylislinin çarmıxa çəkilməyini istəmirik. Amma ölüm mələyi bir gün çiyninə qonanda onun tabutu bu millətin çiynində ola bilməyəcək”.
“Əkrəm Əylisli bu əsəri ilə Azərbaycan xalqına xəyanət edib. Xəyanət edənə də bir münasibət olmalıdır. Təkcə qarabağlı, Ermənistandan gələn azərbaycanlılar yox, Azərbaycan xalqı olaraq buna münasibət bildirməliyik”. Bu fikirləri isə Milli Məclisin sədr müavini Bahar Muradova deyib. Əsərdə Azərbaycan vətəndaşlarına ayamalar qoşulduğunu deyən B.Muradova azərbaycanlıların dəliyə, hansısı heyvana bənzədilməsindən hiddətləndiyini bildirib. “Əkrəm Əylislinin fəaliyyətində həmişə belə hallar olub, ancaq böyüklük göstərmişik. Söyləyir ki, Əylis kəndində evlərdə ruhlar, cinlər gəzir. Əkrəm Əylisli, səni əmin edirəm, Qarabağda, Ermənistanda qətlə yetirilmiş, şəhid olmuş insanların ruhları səni rahat qoymayacaq. O, Bakıdan çıxıb gedə biləcəyini deyir. Amma hara getsə də, şəhidlərin ruhu onu rahat buraxmayacaq. Laməkan ruhlar onu hər yerdə tapacaq”, - deyə vitse-spiker vurğulayıb.
Millət vəkili Əhməd Vəliyev isə Ə.Əylisinin azərbaycanlı olub-olmamasının, genetik kodunun və psixoloji durumunun araşdırılmasını təklif edib. “Çünki inanmıram ki, kökü saf olan adam belə işlər görə bilər”, - deyə o bildirib.
Qənirə Paşayeva deyib ki, ermənilər gələcəkdə Əkrəm Əylislinin kitabını əllərində tutub sübut kimi göstərəcəklər: “Üstəlik, bir romanın içində öz xalqını təhqir etmək heç vaxt qəbuledilməzdir”.
Q.Paşayeva Ə.Əylislinin əsəri ilə bağlı böyük təəssüf hissi keçirdiyini bildirərək, digər həmkarlarının bu barədə dediklərini dəstəkləyib.
Bu məsələyə Milli Məclis sədri Oqtay Əsədov da münasibət bildirib. Ə.Əylislinin əməlinin xəcalət doğurduğunu qeyd edən Oqtay Əsədov deyib: “Mən onun müsahibələrinə qulaq asdım. Adam xəcalət çəkir. Qanı qanımızdan olan insan necə belə ola bilər? Əgər bu insan əsəri 2007-ci ildə yazmışdısa, niyə indi üzə çıxarır? Sadəcə, yiyələrindən tapşırıqlar alıb. Nobel alsa belə, Azərbaycan xalqının nifrətindən qaça bilməyəcək. Niyə Sumqayıt hadisələrindən, Ermənistanda 90 uşağı borunun içərisinə doldurub qaynaq edilməsindən yazmır? Əgər onu dəstəkləyən varsa, o da şübhəli adamdır. Ə.Əylisliyə xalq, deputatlar qiymətini verdi. O, Azərbaycan dövlətinin fəxri adlarını alıb, amma sən demə məqsədi başqa olub. Neçə il əvvəl yazdığı əsəri seçki ilində ortaya çıxarması da onun məqsədinin çirkin olmasından xəbər verir”.
Oqtay Əsədov onu da əlavə edib ki, zaman bu əsərin məqsədinin nə olduğunu sübut edəcək.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 1126 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31