Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Valideynlərini itirmiş uşaqların təhsil haqları dövlət hesabına ödəniləcək

Valideynlərini itirmiş uşaqların təhsil haqları dövlət hesabına ödəniləcək

20.04.2013 [20:38]

Milli Məclis bu haqda qanunvericiliyə dəyişikliklər edib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlərin seçilməsi müzakirə olunub və seçkilər keçirilib.
Məsələ barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, layihə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmlinin imzası ilə daxil olub. O qeyd edib ki, Şurada idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən təmsil olunan nümayəndələrin səlahiyyət müddəti başa çatdığı üçün həmin yerlərə namizədlər təqdim olunub. İdman federasiyaları tərəfindən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə Yaradıcılıq Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı bir yer üçün namizəd olaraq təqdim ediliblər.
Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udi Xristian dini icmasının sədri Mobili Robert Baqratoviç, yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər oğlu, Rəssamlar İttifaqından Əliyev Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən Babayev Şahin Ənvər oğlu namizəd kimi tövsiyə olunublar.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası sədrlə birlikdə müxtəlif sahəni təmsil edən 9 nəfərdən ibarətdir və hər bir üzvün səlahiyyət müddəti 6 ildir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının yeni üzvləri seçilib
Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının səlahiyyət müddəti başa çatmış üç üzvünün yerinə yeni namizədlər seçilməsinin müzakirəsi zamanı deputatlar İctimai TV-nin fəaliyyəti ilə bağlı təkliflərlə də çıxış ediblər.
Müzakirələr zamanı deputat Fazil Mustafa bildirib ki, İctimai TV Azərbaycanda media mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Millət vəkili İqbal Ağazadə isə İTV-nin guya müxalifətə yer verməməsini iddia edib. Ona cavab olaraq isə, spiker Oqtay Əsədov bildirib ki, dəfələrlə İTV-nin fəaliyyətində müxalifətə yer verilib və verilir: “Əgər siz orada görünmürsünüzsə, bu o demək deyil ki, bu televiziyada müxalifətə yer verilmir”.
Siyavuş Novruzov: Yaxşı olardı ki, İTV-də son günlər artan yol hərəkəti qaydalarının pozulmasına qarşı maarifləndirici verilişlərə üstünlük versinlər
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da çıxışında bildirib ki, İctimai Televiziyada konkret kiməsə qadağa qoyula bilməz: “Məsələn, mən nə vaxt İctimai TV-ni açıram Fazil Mustafanı orada görürəm. Sadəcə, mövzu baxımından ola bilər kimsə çox çıxsın, kimsə də az çıxsın”.
S.Novruzov da təkliflərlə çıxış edib: “Yaxşı olardı ki, son günlər artan yol hərəkəti qaydalarının pozulmasına qarşı maarifləndirici verilişlərə üstünlük versinlər. Bir az o aşıq verilişindən azaldıb sosial proqramlara daha çox yer verilsin”.
Parlamentin komitə sədri Hadi Rəcəbli isə təklif edib ki, İctimai TV qanunların şərhinə mütəmadi olaraq daha çox yer versin. H.Rəcəbli İctimai TV-nin siyasi partiyaların deyil, ictimaiyyətin televiziyası olduğunu vurğulayıb: “Bu baxımdan da bu kanal bayağılıqdan uzaqdır”.
Müzakirələr zamanı deputat Fəzail İbrahimli İTV-nin “Eurovision”la bağlı fəaliyyətinə diqqət çəkib və bunu təqdirəlayiq hesab edib.
Millət vəkili Qənirə Paşayeva isə bildirib ki, İTV-yə cəmiyyətdə böyük rəğbət bəslənilir, çünki bu televiziyada mənəviyyata zidd heç bir proqram verilmir. O, xaricdə yaşayan Azərbaycan əsilli insanlar üçün İTV-də Azərbaycan dili ilə bağlı öyrədici verilişin yayımlanmasının vacibliyini qeyd edib.
Müzakirələrdən sonra səsvermə keçirilib. Beləliklə, idman federasiyaları tərəfindən verilən namizədlərdən Boks Federasiyasının təşkilat komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu, Dini konfessiyalar tərəfindən nəzərdə tutulan bir yerə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət oğlu, yaradıcılıq təşkilatları tərəfindən nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova Zemfira Həsən qızı seçilib.
İnsan alverinə qarşı mübarizə daha da sərtləşdirilir
Milli Məclisin iclasında “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər də müzakirə olunub. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən yetkinlik yaşına çatmayanların istismarı da insan alveri hesab olunacaq və bu istismara yol verənləri 12 ilədək həbs cəzası gözləyə bilər. Dəyişikliyə görə, köləliyəbənzər adətlər və ondan irəli gələn asılılıqlar, insanın daxili orqanının qanunsuz olaraq çıxarılması, insanın üzərində bio-tibbi tədqiqatların aparılması da insan istismarı kimi insan alveri hesab olunacaq. Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin 144-cü maddəsinə əlavə və dəyişikliklər edilərək müvafiq cəzalar da müəyyənləşəcək. Qeyd olunan insan istismarı hallarına görə müvafiq olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.
İnsan alveri məqsədilə vətəndaşın şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması insan alveri faktı kimi qeydə alınır və buna görə, 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir. Eyni zamanda, insan alveri məqsədilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təminetmə, o cümlədən, eyni məqsədlə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldəetmə faktları da insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
İnsan alveri məqsədilə hansısa bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə faktı da insan alveri kimi qiymətləndirilərək 1 ildən 4 ilədək həbs cəzası ilə təsbit olunacaq.
Sürücülük vəsiqəsinin itirilməsinə görə nəzərdə tutulan cərimə ləğv edilib
İclasda, həmçinin, sürücülük vəsiqəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, artıq Azərbaycanda “ASAN Xidmət” mərkəzləri fəaliyyətə başlayıb və orada ödəniş etmədən sürücülük vəsiqəsini əldə etmək olar. Dəyişikliyə əsasən, Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilib.
Qeyd edək ki, əvvəl qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulurdu.
Milli Məclisin dünənki iclasında eyni zamanda, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, dəyişikliyə əsasən, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, dövlət və özəl təhsil müəssisələrində ödənişli təhsil alan uşaqların təhsil haqqı dövlət hesabına ödəniləcək. H.Rəcəbli qeyd edib ki, əgər uşaq valideynlərindən birini itiribsə və ikinci valideynin əlillik statusu varsa, həmin uşaq da bu güzəştlərdən yararlana bilər.
İclasda, həmçinin, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb. Sənəd haqqında məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd vətəndaşların pasport alma işini xeyli asanlaşdırır. Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda isə 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək.
Dəyişikliyə əsasən, 15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq izi götürülməyəcək. “Dövlət rüsumu haqqında” Qanunla nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində veriləcək.
Yetkinlik yaşına çatmamış vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış təqdim edildikdə, digər valideynin razılığı tələb olunmayacaq.
Dəyişikliklərə əsasən, əvvəllər şəxsiyyət vəsiqəsi 16 yaşdan sonra verilirdisə, indi 15 yaşından sonra veriləcək.
İclasda, həmçinin, bir sıra beynəlxalq sənədlər də təsdiq olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1047 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30