Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hüquqi-siyasi savadsızlıq, yoxsa düşünülmüş təxribat...?

Hüquqi-siyasi savadsızlıq, yoxsa düşünülmüş təxribat...?

31.07.2013 [09:33]

Məlum olduğu kimi, ölkəmizin siyasi sisteminin lokomotivi olan Yeni Azərbaycan Partiyası (YAP) yarandığı gündən siyasi proseslərin önündə gedib. Ulu öndərin yaradıcısı olduğu bu partiya bütün seçkilərdə xalqın dəstəyini qazanıb. Təbii ki, bu dəstəyi qazanmaq üçün gərgin əmək sərf edilib. Eyni zamanda, hər bir seçkiyə ciddi şəkildə hazırlıq görülüb. Bu il iyun ayının 7-də YAP-ın V Qurultayı keçirilib. Qurultayda partiya üzvlərinin iradəsini ifadə edən qərar qəbul olunub və bu qərarın icrasına yönəlmiş tədbirlər müəyyənləşib. Belə ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin namizədliyi qurultayda rəsmi şəkildə irəli sürülüb. Təbii ki, bununla əlaqədar olaraq hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, qurultayın qəbul etdiyi qərarlar üzvlər üçün mühüm əhəmiyyət daşıyır və bu məqsədlə də YAP İcra katibliyi tərəfindən yerlərdə görüşlər keçirilir.
Hakim partiyanın effektiv fəaliyyəti opponentləri narahat edir
Bəli, kimsəyə sirr deyil ki, YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın olan partiyadır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. YAP-ın beynəlxalq aləmdə nüfuzlu siyasi partiyalar tərəfindən qəbul edilməsinin səbəbi də onun məhz xalqına söykənməsi, xalqdan qidalanmasıdır. Bu mənada Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası hesab olunması heç də təsadüfi deyil.
21 illik fəaliyyəti dövründə partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və hazırda da bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir. Yəni, partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən YAP ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərir. Bu mənada, partiyanın V Qurultayında da qəbul olunmuş qərarlar xalqımızın rəyini, arzu və istəklərini özündə ifadə edir.
Amma nədənsə, YAP-ın xalqın maraqlarını ifadə edən fəaliyyəti bəzi dairələri narahat edir. Yəqin bu səbəbdəndir ki, “Azadlıq” radiosu seçki ərəfəsində partiyamızın fəaliyyətinə dair “geniş materialla” çıxış edir və YAP-ın fəaliyyətini özünəməxsus şəkildə, yəni qərəzli formada təhlil etməyə çalışır. Xatırladaq ki, adını çəkdiyimiz radio əvvəllər də belə “təhlillərə” geniş yer ayırıb. İndi isə seçki ərəfəsində YAP İcra katibliyinin partiyanın rayon və şəhər təşkilatlarının fəalları ilə görüşləri bu radio tərəfindən şübhə altına alınır, həmin görüşlər “qanunsuz tədbirlər” kimi təqdim olunur. Əslində, “Azadlıq”ın bu yanaşması ya hüquqi-siyasi savadsızlığın göstəricidir, ya da qərəz və təxribatın nümunəsidir. Əks halda, həmin radioda çalışanlar qanuni tədbirlər haqqında belə bir iddiada bulunmazdılar.
YAP-ın regionlarda keçirdiyi tədbirlər qanun pozuntusu deyil
Kimsəyə sirr deyil ki, bütün demokratik ölkələrdə siyasi partiyalar seçkiöncəsi hazırlıq işləri görürlər. Yəni partiyalar gözləmirlər ki, rəsmi şəkildə seçki kampaniyası elan olunsun və bundan sonra seçki hazırlıqlarına başlanılsın. Yeni Azərbaycan Partiyası da 2013-cü ilin əvvəlindən bu il üçün tədbirlər planı qəbul edib ki, burada seçkilərə hazırlıq məsələləri də əksini tapır və tədbirlər sırasında mühüm yer tutur. Bu mənada partiyanın İcra katibliyinin tədbirlər planına əsasən YAP Sədrinin müavini Əli Əhmədovun rəhbərliyi ilə bölgələrdə partiya fəalları ilə görüşlər keçirilir, onlara qarşıdan gələn seçkilərə hazırlıqla əlaqədar müvafiq tövsiyələr verilir.
Ümumiyyətlə, YAP-ın rəhbərliyi mütəmadi olaraq partiyanın yerli strukturlarında görüşlər keçirir. Bu görüşlərdə partiyanın fəalları ilə partiyadaxili məsələlər, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunur. Hazırki görüşlər də bunun tərkib hissəsidir. Həmin görüşlərdə hər hansı seçki təbliğatı aparılmır. Görüşlərin əksəriyyəti isə YAP-ın rayon və şəhər təşkilatlarının qərargahlarında keçirilir. Ona görə də, “Azadlıq” radiosunun “narahatlığına” heç bir əsas yoxdur. Və radionun “YAP seçki təbliğatı aparır” iddiası tamamilə əsassızdır.
Rayon İcra Hakimiyyəti başçılarının həmin tədbirlərdə iştirakına gəlincə, nəzərə almaq lazımdır ki, onlar da YAP üzvləridirlər və əksəriyyəti təmsil olunduğu rayon təşkilatının idarə heyətində və ya şurasında təmsil olunurlar. Həmin tədbirlərdə də bu şəxslər konstitusion hüquqlarından istifadə edərək öz fikirlərini və siyasi baxışlarını ifadə edə bilərlər. Əlbəttə ki, mövcud Seçki Məcəlləsinə əsasən icra strukturlarının seçki prosesinə müdaxiləsi yolverilməzdir və bunu inkar etmirik. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda hələ seçki kampaniyasına rəsmi şəkildə start verilməyib və aktiv seçki hərəkətləri aparılmır. Əlbəttə ki, seçki kampaniyasına start veriləndən sonra, təşviqat-təbliğat prosesində əgər icra başçıları seçki prorsesinə müdaxilə edərsə, bunu qanun pozuntusu hesab etmək olar. Lakin yuxarıda qeyd etdiyimiz kimi, hələ seçki kampaniyasına start verilməyib və YAP fəalları ilə keçirilən görüşlərdə icra başçıları yalnız və yalnız partiya üzvləri kimi iştirak edirlər. Bir də qeyd edirik ki, bu da onların konstitusion hüququdur. Yaxşı olardı ki, “Azadlıq” radiosu bu məsələ ətrafında hay-küy yaradarkən ölkə qanunvericiliyi ilə yaxından tanış olaydı.
YAP-ın keçirdiyi görüşlər Seçki Məcəlləsinə və müvafiq seçki qaydalarına zidd deyil
Bu məqamda vurğulamaq yerinə düşər ki, Yeni Azərbaycan Partiyası öz seçki praktikasında hər zaman qanunları əsas tutaraq fəaliyyət göstərir. “Azadlıq” radiosunun qərəzli mövqeyi isə şər-böhtan xarakterli bir kampaniya hazırlığında olmasından xəbər verir. Guya, YAP-ın Seçki Məcəlləsinin bəzi bəndlərini pozduğunu iddia edən antimilli fəaliyyətlə məşğul olan bu radio hansısa sifariş və ya maraq səbəbindən qanunvericilikdə öz əksini tapmış həmin bəndlərin hər birini ya kontekstdən çıxarıb, ya da uyğunsuz bir şəklə salaraq təqdim edir. Bu isə bir daha həmin radionun şər və böhtan kampaniyası aparmasından, qərəzli mövqeyindən xəbər verir.
Məsələn, YAP-ın uğurlu siyasi fəaliyyətini hədəfə alan həmin yazıda göstərilir ki, guya partiya yerlərdə öz üzvləri, fəalları, yerli təşkilatlarının rəhbərləri ilə görüşməklə Seçki Məcəlləsinin (SM) 2.6 bəndini pozub. Halbuki, həmin bənddə seçkilərdə iştirak edənlərin mətbuat azadlığına hörmət bəsləməsi, öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələrinin nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki (referendum) kampaniyalarına müdaxilə etməmək və onu pozmaması, seçkiqabağı təşviqat materiallarının referendumqabağı təşviqat materiallarının yayılmasına mane olmaması, 2.6.4. seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməmək və korlamamaq;
2.6.5. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmaması və bu kimi müddəalar öz əksini tapıb. Olduqca gülünc bir paralel aparan radio görəsən, bu yazını hazırlayanda heç olmasa SM-nin həmin bəndinə bir nəzər salıbmı? Salıbsa, onların qeyd olunan məsələlərlə partiya üzvləri arasında keçirilən görüşlərin eyniləşdirmə bacarığı insanı “heyran” edir.
Yazıda qeyd olunur ki, guya, YAP SM-nin 11-1.1 bəndini pozub. Həmin bənddə deyilir: “Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır”.
Göründüyü kimi, hələ seçki gününün müəyyənləşmədiyi bir vaxtda “Azadlıq” radiosu YAP üzvlərinin çıxışlarını “seçkinin gedişatına müdaxilə” kimi qiymətləndirir. Onların hansı düşüncənin sahibi olmaları və şantajla məşğul olmaları elə buradan açıq şəkildə görünür.
Bundan başqa, yazıda iddia edilir ki, YAP SM-nin 74.4. bəndini pozub. Həmin bənddə də deyilir: “Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir...”
Göründüyü kimi, burada seçki təşviqat materiallarının hansısa vəzifəli şəxslər tərəfindən yayılması qadağan edilir. Yəni, hansısa bir səlahiyyətli şəxsin namizədin şəklini, bukletini yaymasının qarşısı bu müddəa ilə alınır. Amma MSK-nın heç kimi rəsmən qeydə almadığı bir zamanda YAP-ı seçki təşviqatı məsələsi ilə şərləmək gülünc deyilmi?
Bütün bu paralellərdən də görünür ki, “Azadlıq” radiosunun məqsədi heç də araşdırma aparmaq yox, hər zaman olduğu kimi, qərəzli, antimilli, erməni lobbisinin təsiri altında olan təşkilatların hesabatları üçün indidən material, donos verməkdir. Maraqlıdır ki, onlar bunu da çox qeyri-peşəkar səviyyədə həyata keçirirlər. Bununla yanaşı, radikal müxalifətin zəifliyini kompensasiya etmək üçün aktiv siyasi fəaliyyəti ilə yaddaqalan Yeni Azərbaycan Partiyasına şər-böhtan atmaq insanlıqdan kənar bir addımdır...
Bəs “Azadlıq” radiosunu narahat edən nədir?
Göründüyü kimi, YAP Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına tam əməl etməklə öz fəaliyyətini, o cümlədən, seçki öncəsi addımlarını tam qanunauyğun şəkildə qurur. Belə olan halda, görəsən, “Azadlıq” radiosunu narahat edən nədir?
Əslində, bu suala cavab tapmaq üçün radionun ölkəmizdəki fəaliyyətinə qısa nəzər salmaq yetərlidir. “Azadlıq” radiosu bu günə qədər ortaya qoyduğu mövqeyi və Azərbaycandakı mövcud reallıqları təhrif etmək, ölkəmizə qarşı qara piar kampaniyası aparması ilə məqsəd və niyyətini açıq şəkildə ifadə edib. Eyni zamanda, bu radionun fəaliyyəti haqqında beynəlxalq KİV-lərdə də yer alan məlumatlar “Azadlığ”ın heç də azad olmadığı və müəyyən dairələrdən aldığı direktivləri həyata keçirdiyi qənaətini formalaşdırır. Radionun özü rəsmi şəkildə bəyan edir ki, müstəqil maliyyələşmə sisteminə malik deyil və hansısa qrupun ayırdığı ianələrlə fəaliyyətini maliyyələşdirir. Ona görə də, həmin təşkilatların tapşırıqlarından çıxmaq hüququnu tamamilə itirib. Bunun ən bariz örnəklərini biz 2000-ci illərin əvvəllərində bəzi ölkələrdə müşahidə olunan dağıdıcı proseslərdə, o cümlədən, məlum ərəb ölkələrində yaşanan olaylarda daha aydın müşahidə etdik. Bu hadisələrin yaşanmasında maraqlı olan və ondan ən çox faydalanan imperialist güclərin maraqlarına xidmət edən informasiyaları cəmiyyətə çatdıran və dağıdıcı hadisələri guya demokratik proseslər kimi təbliğ edən bu radionun məramı hamıya bəllidir. İndi Azərbaycandakı hadisələri təhlil edərkən onun birdən-birə həmin imperialist güclərin tapşırığından çıxacağı və obyektiv olacağını gözləmək xəyal qurmaqdan başqa bir şey deyil. Belə olduğu halda, “Azadlığ”ın nə istədiyini təhmin etmək elə də çətin deyil. Görünür, bu radio indidən post-seçki dövrünə hazırlaşır və anti-azərbaycançı mərkəzlər üçün donos hazırlayır. Axı, “Azadlıq” milli dövlətlərə və onların suverenliyinə, ölkələrdəki ictimai-siyasi sabitliyə qarşı fəaliyyətdə ad çıxarıb. Amma bu radionun nəyi necə görməsindən və təqdim etməsindən, kimlərin maraqlarına qul olmasından asılı olmayaraq, Azərbaycan Respublikasında seçkilərin taleyini Azərbaycan xalqı həll edir və bu prosesdə nə “Azadlıq” radiosu kimi vassallar, nə də onlara təlimat verən anti-azərbaycançı mərkəzlər ciddi bir rol oynamır.
Əgər YAP-ın öz fəalları ilə görüşləri qanun pozuntusudursa, onda radikalların Tbilisi sərgüzəştləri nədir?
Sirr deyil ki, YAP qarşıdan gələn prezident seçkilərinə hazırlaşan yeganə siyasi təşkilat deyil. Ölkəmizin siyasi palitrasında təmsil olunan müxtəlif partiyalar artıq seçkilərə hazırlığa start veriblər. Onların bəziləri namizədlərini də müəyyənləşdirərək cəmiyyətə elan ediblər. O cümlədən, Azərbaycanın radikal müxalifət düşərgəsində lövbər salan partiyalar da oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlıq məqsədilə müxtəlif tədbirlər görür. Bütün bunlar təbii proseslər olmaqla yanaşı, qanunla nəzərdə tutulmuş addımlardan çəkinmək şərti ilə normal qarşılanmalıdır. Amma “Azadlıq” radiosu nədənsə bütün digər siyasi təşkilatların seçki hazırlığını bir kənara qoyub, Yeni Azərbaycan Partiyasını təftiş etməklə məşğuldur. Əslində, bunun özü də tam təbii olmaqla bərabər, YAP-ın Azərbaycan siyasi arenasında dominant güc olduğu gerçəkliyini bir daha təsdiqləmiş olur. Çünki digər partiyaların seçki hazırlığı xəbər yükü daşımır və cəmiyyətimiz üçün sadəcə maraqlı deyil. Ona görə də, radionun Yeni Azərbaycan Partiyasına belə böyük diqqət ayırması təəccüblü deyil. Problem radionun hadisələrə qərəzli münasibətindən qaynaqlanır.
Məlumdur ki, radikal müxalifət partiyalarının bəziləri ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”sında təmsil olunur. Bu qondarma qurum artıq prezident seçkilərində Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı qərarını verib. Seçkilərə hazırlıq məqsədilə isə qondarma qurumun üzvləri müxtəlif ölkələrdə görüşlər keçirir, ölkə daxilində, çayxanalarda, klublarda özlərinin azsaylı üzvləri ilə müzakirələr aparırlar. Son olaraq isə Gürcüstanın paytaxtı Tbilisidə görüşəcəklərini deyirlər. Və bu görüşlərdə hər halda Azərbaycan kinosunun keçmişindən, gələcək perspektivlərindən bəhs olunmur. Əlbəttə ki, seçkilərə hazırlıq xarakteri daşıyan bu görüşlərin əsas müzakirə mövzusu da məhz prezident seçkiləridir. Belə olan halda, YAP-ın İcra katibliyinin yerlərdə və paytaxt Bakıda öz fəalları, seçki qərargahlarının üzvləri ilə görüşlərini qanunsuz adlandıran “Azadlıq” radiosu radikalların Tbilisi görüşünü, çayxana söhbətlərini niyə təftiş etmək istəmir? Cavabı kifayət qədər aydındır. Onlara bu yöndə tapşırıq verilib.
“Azadlıq” radiosu ya siyasi savadsızlıq nümayiş etdirir, ya da ictimai fikri manipulyasiya edir
Bir sözlə, yuxarıda sadalananlar bir daha “Azadlıq” radiosunun iddialarının tam əsassız olduğunu göstərir. Bu faktlar təsdiqləyir ki, YAP rəhbərliyinin bölgələrdə keçirdiyi görüşlər nəinki qanunazidd deyil, əksinə hər bir partiya üzvlərinin istənilən məsələni öz daxilində müzakirə etmək, fikir mübadiləsi aparmaq hüququ var. Digər tərəfdən belə görünür ki, “Azadlıq”ın əməkdaşları Seçki Məcəlləsindən bixəbərdilər. Yəni, Azərbaycanda seçkilər oktyabr ayında keçiriləcək, amma Mərkəzi Seçki Komissiyası hələ seçkinin vaxtını rəsmi şəkildə elan etməyib. Seçkilər elan edilmədiyi halda kiminsə seçki təbliğatı aparması barədə fikir söyləmək doğru deyil.
Bu baxımdan, radionun YAP fəalları ilə keçirilən görüşləri seçki təbliğatı hesab etməsi hüquqi savadsızlıqdır. Bir daha xatırlamağa məcburuq ki, hər bir normal partiya öz daxilində seçkilərə əvvəldən hazırlaşmalıdır və YAP da bunu edir. Seçkiyə ciddi şəkildə hazırlaşan partiyalar özünün imza toplayanlarını da, seçki məntəqəsinin üzvlərini də, müşahidəçilərini də, təbliğatçılarını da əvvəlcədən müəyyən edir. Görünür, “Azadlıq” radiosunun əməkdaşlarının savadsızlığı bu məsələləri aydınlaşdırmağa imkan verməyib. Təbliğat işlərinə gəlincə, seçkilərə rəsmi start veriləndən sonra qanunvericilik əsasında bu proses reallaşdırılır. Seçki təbliğatı isə seçicilərlə görüşlərdə aparıla bilər. Bu mənada “Azadlıq” radiosunun məsələyə bu cür yanaşması məntiqsizdir və siyasi-hüquqi savadsızlıqdır. Yaxud da bu yanaşma ilə radio sadəcə ictimai fikri aldatmağa, ictimai fikri manipulyasiya etməyə çalışır. Lakin istənilən halda bu sözügedən radionun məsələlərə qərəzli yanaşdığını növbəti dəfə təsdiqləyir.
Siyasət şöbəsi

Paylaş:
Baxılıb: 1115 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31