Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda sistem xarakterli islahatlar aparılacaq

Azərbaycanda sistem xarakterli islahatlar aparılacaq

24.08.2013 [08:26]

Bu, yeni keyfiyyətdə iqtisadi, siyasi sistemin yaranmasına gətirib çıxaracaq
Məlum olduğu kimi, aparılan davamlı sosial islahatlar, hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizdə iqtisadi və siyasi sabitliyin möhkəmlənməsinə, Azərbaycanın regionun dinamik inkişaf edən dövləti kimi nüfuzunun artmasına səbəb olub. Son dövrlərdə dünyada cərəyan edən qlobal proseslər, iqtisadi böhranlar fonunda Azərbaycanda əldə edilən tərəqqi ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafını bir daha sübut edir. Əlbəttə, 2009-cu ildən başlayaraq bir neçə il ərzində Avropa regionunda inkişaf etmiş dövlətlər milli məhsul və digər göstəricilər üzrə enmə tendensiyası ilə üzləşdiyi halda Azərbaycanın yüksək artım tempini qoruyub saxlamasını məhz düşünülmüş iqtisadi siyasətin mühüm nəticəsi kimi dəyərləndirmək olar.
Hazırda ölkəmizin yüksək inkişaf dinamikasına malik dövlət olması onu deməyə əsas verir ki, Azərbaycan dövləti düzgün inkişaf istiqaməti seçib və bu yolda inamla irəliləyir. Qeyd etdiyimiz kimi, ölkədə həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferaların inkişafına zəmin yaradır. Bu gün bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir, desək, yanılmarıq. Təsadüfi deyil ki, son illər ərzində bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Əksinə, əldə edilən gəlirlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Ölkəmizdə həyata keçirilən sosial siyasət müxtəlif formalarda özünü göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların artırılması, infrastruktur layihələrinin icra edilməsi, başqa sözlə, insanları narahat edən bütün problemlər aradan qaldırılır.
Ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və Bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Respublikamızın sosial-iqtisadi inkişafını müəyyən edən dövlət proqramlarının uğurlu icrası bu gün bölgələrin ümumi inkişafına əhəmiyyətli təsir etməkdədir. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması, eləcə də məişət-suvarma suyuna olan ehtiyacların tam ödənilməsi üçün layihələr icra olunmaqdadır, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi bu gün də diqqət mərkəzindədir. Yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik enerjisi təchizatı əsaslı şəkildə yaxşılaşdırılır. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.
Beləliklə, demək olar ki, regionların inkişafı ilə bağlı 2004-cü ildən başlayaraq, həyata keçirilən kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: son 10 ildə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik tam modernləşən dövlətə çevrilib.
Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əvəzedilməz rolu, regional layihələrdə fəal iştirakı, qonşu dövlətlərlə əlaqələri onun yeritdiyi xarici siyasətə də öz təsirini göstərməyə bilməz. İlk növbədə, qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən güclü enerji potensialına malik olan və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir dövlət kimi qiymətləndirilir.
Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. Çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır və ya əksinə siyasi sahədə aparılan islahatlar iqtisadi islahatlarla dəstəklənməlidir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren liderinə çevrilib.
Əminliklə söyləmək olar ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Bu inkişaf yolu hələ 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu strateji inkişaf xəttinin indiyədək davam etdirilməsi isə respublikamızın ən çətin dövrlərində olduğu kimi bu gün də öz bəhrəsini verməkdədir. Belə ki, davamlı mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, demokratik siyasi mühit formalaşıb, ölkədə qeyri-hökumət təşkilatları, insan hüquq və azadlıqlarını müdafiə edən təsisatların fəaliyyəti üçün münbit şərait yaradılıb. Bununla yanaşı, Azərbaycanda bütün sahələrdə reallaşdırılan demokratik islahatlarda ölkəmizin milli maraqları əsas faktor kimi çıxış edir. Azərbaycanın heç bir kənar təzyiqə boyun əymədən beynəlxalq aləmdə atdığı addımlar, eləcə də, ölkə daxilində həyata keçirilən siyasi islahatlar onu göstərir ki, Azərbaycan müstəqil dövlətçilik maraqlarına xidmət edən siyasət yürüdür.
Təbii olaraq, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar respublikamızı sözün əsl mənasında müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevrilib. Ölkəmizdə təhlükəsizlik tədbirləri görülür, həm inzibati işlər, həm də sistem xarakterli islahatlar aparılır və öz bəhrəsini verir.
Bütün bunlarla yanaşı, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanın bu sahədəki nümunəvi rolu dünyanın aparıcı ölkələrinin tanınmış siyasətçiləri, din xadimləri tərəfindən dəfələrlə etiraf olunub. Azərbaycanın xarici siyasətinin əsasında dayanan qonşu və digər xalqların maraqlarına, milli dəyərlərinə hörmət prinsipi ölkəmizin müsbət mənada beynəlxalq imicinin formalaşması, qorunmasına öz töhfəsini verib.
Bir sözlə, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, istər siyasi sahədə, istər iqtisadi sahədə, istərsə də sosial məsələlərin həllində Azərbaycan bu gün tamamilə müasir əsaslar üzərində inkişaf edir. Ölkədə həyata keçirilən siyasi islahatlar məqsədyönlü şəkildə ölkənin gələcəyinə hesablanıb və gələcəkdə də siyasi islahatlar birmənalı olaraq davam edəcək: “Son illər ərzində bu istiqamətdə nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir. Gələcək illərdə biz bu işləri davam etdirəcəyik. Çünki hələ görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır”.
SEVİNC

Paylaş:
Baxılıb: 1195 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31