Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “BizNewsAsia” jurnalı Prezident İlham Əliyevi “İlin adamı” elan edib

“BizNewsAsia” jurnalı Prezident İlham Əliyevi “İlin adamı” elan edib

30.08.2013 [09:45]

Jurnalın Azərbaycana həsr olunan xüsusi buraxılışında ölkəmizin son 10 ildə qazandığı nəhəng iqtisadi uğurlardan geniş bəhs olunur
Filippində nəşr olunan və geniş oxucu kütləsinə malik “BizNewsAsia” jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “İlin adamı” elan edib və növbəti buraxılışını Azərbaycana həsr edib. Qeyd edək ki, “BizNewsAsia” jurnalı Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, iqtisadi inkişaf fenomenlərini tədqiq edən beynəlxalq səviyyəli dərgidir.
Jurnalın avqust buraxılışında “İlham Əliyev: İlin adamı”, “Əliyev erası: Azərbaycanın qızıl dövrü”, “İlham Əliyev builki prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədidir”, “Sosial təminatlar və yüksək maaşlar Azərbaycanda yoxsulluğu azaldıb”, “Dünya Bankının Azərbaycana sualı: Yoxsulluğun azaldılmasına necə nail olmaq mümkündür?”, “İqtisadiyyatın şaxələndirilməsi yolları” və digər məqalələr dərc olunub.
Məqalələrdə Prezident İlham Əliyevin fəaliyyəti və Onun rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verilir. Həmçinin, dövlətimizin başçısının ilk dəfə prezident seçildiyi 2003-cü illə müasir dövr müqayisə edilir və ötən illər ərzində əldə olunmuş uğurlardan geniş bəhs olunur.
Prezident İlham Əliyevin zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətinin də yer aldığı yazılarda ötən 10 ildə Azərbaycanın daxili və xarici siyasət sahəsində qazandığı uğurlar konkret faktlar əsasında şərh edilir. Bildirilir ki, bu uğurlara Azərbaycan Prezidentinin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində nail olunub. Məhz Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dünyada özünəməxsus yer tutub.
“BizNewsAsia” jurnalında Nepalın keçmiş baş naziri, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) yaradıcılarından olan Madhav Kumarın müəllifi olduğu “İlham Əliyev: İlin adamı” başlıqlı məqalədə Azərbaycanın sürətli inkişaf modeli olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan rəhbərliyinin müdrik və qətiyyətli liderliyi ölkəni müasirliyə doğru aparır.
Yazıda Asiya ilə Avropanın qovuşduğu strateji əhəmiyyətli bölgədə yerləşən, resurslarla zəngin dövlət olan Azərbaycanın iqtisadiyyatının bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə bərabər olduğu vurğulanır.
Məqalə müəllifi müasir Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin rolundan ayrıca bəhs edir. Məqalədə qeyd olunur ki, Heydər Əliyev harizmalı, yüksək siyasi bacarıqları olan, bilikli və möhkəm iradəli görkəmli şəxsiyyətdir. Ulu öndərin və Onun yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkənin sərvətlərinin xalqın rifahı naminə istifadəsi sayəsində əldə olunan inkişaf və müasirlik təqdirəlayiqdir. Azərbaycan öz zəngin karbohidrogen resurslarından milli maraqları naminə maksimum şəkildə yararlanır, həmçinin, Avropanın enerji bazarlarında mövqeyini möhkəmləndirir.
Məqalədə Azərbaycandakı tolerantlıq mühitinə diqqət yetirilir, müxtəlif dinlərə məxsus ibadət yerlərinin sərbəst fəaliyyət göstərdiyi qeyd olunur. Yazıda deyilir ki, Azərbaycan xalqı qədim tarixə və özünəməxsus mədəni irsə malikdir. Azərbaycan müsəlman şərqində demokratik respublika, çoxpartiyalı parlament quran və qadınlara səsvermə hüququ verən ilk ölkədir. Paytaxt Bakı müsəlman aləmində opera, balet, teatr və dramaturgiya ənənələrinə yiyələnən ilk şəhərdir.
Müəllif bildirir ki, digər Şərqi Avropa və Mərkəzi Asiya dövlətləri ilə müqayisədə, Azərbaycan yüksək iqtisadi inkişaf, savadlılıq və məşğulluq səviyyəsinə malikdir. Yazıya əsasən Azərbaycanın iqtisadi uğurları sürətli və innovasiyalı inkişafla səciyyələnən Şərqi Asiya standartları prizmasından da yüksək qiymətə layiqdir. Azərbaycanda yoxsulluq həddinin kəskin azaldıldığını bildirən məqalənin müəllifi ölkədəki rifahın adi gözlə də müşahidə olunduğunu vurğulayır.
Məqalədə Azərbaycanın yaxın dövr tarixində baş verən hadisələrdən bəhs olunur, həmçinin, Ermənistanın işğalçı siyasəti xüsusi vurğulanır. Qeyd olunur ki, Ermənistan təkcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini deyil, 7 ətraf rayonu da işğal edib. 1994-cü ildə atəşkəsin əldə olunmasına baxmayaraq, münaqişə həllini tapmayıb.
Məqalənin müəllifi İCAPP-ın Gənclər Qolunun və Qadınlar Qolunun yaradılmasında təşkilata göstərdiyi dəstəyə görə Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirir.
Jurnalda Azərbaycanla bağlı əksini tapan digər məqalələrdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın modernləşdirildiyi, işsizlik və yoxsulluq probleminin aradan qaldırıldığı diqqətə çatdırılır. Qeyd edilir ki, dünyanı bürümüş iqtisadi böhran Azərbaycana heç bir təsir göstərməyib. Ölkədə istər enerji sahəsində, istərsə də qeyri-neft sektorunda, xüsusilə də, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində uğurlu islahatlar həyata keçirilir.
Nəşrdə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlərin statistik göstəricilər əsasında təsvirinə böyük diqqət yetirilir. Qeyd olunur ki, Azərbaycanın yüksək iqtisadi artım, yoxsulluğun sürətlə və dərindən azaldılması və müasir firavan cəmiyyətin formalaşdırılması kimi son illərdə qazandığı nailiyyətlər başqa ölkələr üçün demək olar ki, əlçatmazdır. 2001-2010-cu illərdə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real orta artım tempi 15,3 faiz təşkil edib. Bu artım 2006-cı ildə rekord həddə 34,5 faizə yüksəlib. Jurnalın yazdığına görə, bu səbəbdən, Dünya Bankı son 10 ili “Azərbaycanın qızıl dövrü” adlandırıb. Qeyd olunur ki, yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49,6 faizdən 2008-ci ildə 15,8 faizə enib. 2011-ci ildə 7,6 faiz həddində olan yoxsulluq hazırda 5 faizədək azalıb. Bu, o deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə əhali arasında yoxsulluq təqribən 50 faizdən 5 faizə enməklə 90 faiz azalıb. Jurnal bu göstəricini “hər bir cəhətdən nəhəng nailiyyət” adlandırıb. Nəşrdə bildirilir ki, inkişafın əsasında Azərbaycan xalqı, əhalinin rifahı dayanır.
Məqalədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı inkişafa verdiyi qiymətə də yer ayrılır. BVF-nin 2012-ci ilin iyun ayında ölkələr üzrə hesabatında qeyd olunub ki, neft gəlirlərindən istifadə etməklə, Azərbaycanın iqtisadiyyatı son 10 ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatdan biri olmaqla yanaşı, 2009-cu ilin qlobal maliyyə böhranından da yan keçə bilib. Hesabatda bildirilir ki, Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi təxminən 6 dəfə artaraq 2012-ci ilədək 6 000 dollara çatıb. Məqalədə BVF-nin proqnozlarına istinadla ÜDM-nin qarşıdakı illərdə də yüksək templə artacağı göstərilir.
Məqalədə Azərbaycan iqtisadiyyatının müxtəlif sferalarında əldə olunan nailiyyətlərə toxunulur, Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi quruculuq siyasətindən geniş bəhs olunur. Bildirilir ki, ölkədə analoqu olmayan inkişaf BVF, Dünya Bankı, Asiya İnkişaf Bankı kimi qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda yoxsulluğun azaldılmasına nail olmağın yolları barədə jurnal yazır ki, bu ünvanlı sosial yardımların verilməsi və əməkhaqlarının mütəmadi artırılması sayəsində mümkün olub.
Dünya Bankının araşdırmasında qeyd olunur ki, əməkhaqqının artırılması əhalinin rifahının yaxşılaşdırılmasına mühüm təsir edib. Son 10 il ərzində əməkhaqlarının real artımı hər il orta hesabla 13 faiz olub. Minimum əməkhaqqı 2000-ci ildən 2010-cu illədək 1600 faiz artaraq 85 manata yüksəlib. 10 ildən də az müddətdə Azərbaycanda adambaşına düşən gəlir 3,2 dəfə artaraq 9410 dollara, ÜDM isə 9 dəfə artaraq 67,2 milyard dollara yüksəlib.
Jurnalda Azərbaycanın sürətli iqtisadi inkişafının səbəblərindən biri kimi xarici investisiyaların cəlb olunması qeyd olunur. Yazıya əsasən, birbaşa xarici investisiyalar 2000-ci ildə ÜDM-nin 2,5 faizini təşkil edirdisə, 2003-cü ildə bu göstərici 45,2 faizədək yüksəlmişdi. Asiya İnkişaf Bankının hesabatına əsasən, 2012-ci ildə neft sektoru ilə müqayisədə qeyri-neft sektorunda daha sürətli artım qeydə alınıb, birbaşa xarici investisiyalar isə 20 faizdən çox artıb. AİB 2013-cü ildə və qarşıdakı illərdə də əsas iqtisadi artımın qeyri-neft sektorunun payına düşəcəyini proqnozlaşdırır.
Suvarma və meliorasiya layihələrinin icrası ilə əlaqədar AİB kənd təsərrüfatının 5-6 faiz artacağını proqnozlaşdırır. Hökumətin ərzaq proqramı 2015-ci ilədək buğda idxalına ehtiyacın tam aradan qaldırılmasını qarşıya məqsəd qoyub. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksinə əsasən əmtəə bazarlarında səmərəliliyin, eləcə də, müasir texnologiyaların əldə olunması imkanları və innovasiyalara şərait yaxşılaşıb.
Nəşrə əsasən, “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyası əvvəlki illərin iqtisadi və sosial uğurları üzərində ölkənin gələcəyini qurmağa yönəlib. Konsepsiyanın məqsədi 2020-ci ilədək adambaşına düşən ümumi daxili məhsulun həcmini ikiqat artırmaq, biliklərə və innovasiyalara əsaslanan iqtisadiyyat qurmaqdır. Nəqliyyat, kommunal xidmətlər və özəl sektorun inkişafı ilə birgə yeni infrastrukturun yaradılması əsas hədəflərdəndir.
Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, insanların hüquq və azadlıqlarının qorunması istiqamətində xeyli işlər görüldüyünü qeyd edən jurnal oxucuların diqqətinə onu da çatdırır ki, Azərbaycan daxili siyasətdə olduğu kimi, xarici siyasətdə də xeyli nailiyyətlər əldə edib. Bu ölkə beynəlxalq və regional təşkilatların fəal üzvüdür. Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biri də ölkənin 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsidir. Bu ilin əvvəlində isə Azərbaycan orbitə ilk telekommunikasiya peykini buraxmaqla kosmik ailənin üzvünə çevrilib.
Jurnalda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilir. Bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı isə öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Ermənistanın işğalçılıq siyasəti mötəbər beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlarda dəfələrlə pislənib. Rəsmi Yerevan isə bu sənədlərə məhəl qoymur. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylər hələ də heç bir nəticə vermir.
Yeni Azərbaycan Partiyasının keçdiyi yol, respublikanın ağır vəziyyətində bu partiyanı yaradan Ümummilli lider Heydər Əliyevin gərgin əməyini və gördüyü işləri ətraflı işıqlandıran jurnal yazır ki, müstəqil Azərbaycan dövlətinin qurulması bu böyük siyasətçinin adı ilə bağlıdır. 1990-cı illərin əvvəllərində çətin günlər keçirən Azərbaycanda məhz Onun rəhbərliyi altında sabitlik bərqərar olub, bütün sahələrdə köklü islahatlar həyata keçirilməyə başlanıb, ölkənin xarici əlaqələri genişlənib.
Bakının bir sıra mötəbər forumlara, nüfuzlu konfranslara, simpoziumlara, müsabiqələrə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan jurnal Prezident İlham Əliyevin dünya dövlətlərinin liderləri ilə keçirdiyi görüşləri, eləcə də, Azərbaycanda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərini əks etdirən çoxsaylı şəkillərə də yer verib.
Jurnalda “İlham Əliyev builki prezident seçkilərində YAP-ın namizədidir” başlıqlı məqalədə Yeni Azərbaycan Partiyasının bu il keçirilən V Qurultayında Prezident İlham Əliyevin yekdilliklə partiyanın namizədi seçilməsi vurğulanır. Yazıda Yeni Azərbaycan Partiyasının ölkənin müstəqillik yolunda rolundan bəhs olunur, müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, iqtisadi və siyasi islahatlar, uğurlu xarici siyasət prinsiplərinə söykənən partiyanın 600 mindən artıq üzvünün olduğu qeyd edilir.
Bütövlükdə, “BizNewsAsia” jurnalı Azərbaycanın son 10 ildə qazandığı nailiyyətləri, xüsusən də, iqtisadiyyatının müxtəlif göstəricilər üzrə inkişafını yüksək qiymətləndirir, ölkəmizin inkişaf yolunu uğurlu və nümunəvi model kimi təqdim edir.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 1043 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31