Naxçıvan muxtariyyəti tarixi nailiyyətdir
11.02.2014 [09:03]
Bu il xalqımız müstəqil Azərbaycanın dilbər güşəsi-Naxçıvan Muxtar Respublikasının (NMR) yaradılmasının 90 illik yubileyini qeyd edir. Qədim, zəngin tarixə malik Naxçıvan diyarı Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına-istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərmişdir. Muxtar Respublikanın 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli Sərəncamında bu barədə belə deyilir: “Azərbaycanın qədim bölgəsi olan Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir...”
Ölkə Prezidentinin 14 yanvar 2014-cü il tarixli məlum Sərəncamında da qeyd olunduğu kimi, doğrudan da, Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm rol oynamış, milli dövlətçilik tariximizə öz adlarını əbədi həkk etmişlər. Bütün Türk dünyasının nadir tarixi simalarından sayılan, zəmanəsinin qüdrətli siyasətçiləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, müstəqilliyimizin memarı və banisi Ulu öndər Heydər Əliyev məhz mayası Vətənə və xalqa məhəbbətdən yoğrulmuş Naxçıvan torpağının yetirməsidir.
Heç də təsadüfi deyil ki, Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz Ulu öndərin şərəfli adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həqiqi inkişaf yoluna qədəm qoydu. Bugünkü müstəqil dövlətimizin siyasi, iqtisadi və mədəni potensialı məhz 1969-82-ci illərdə yaradılmışdır. Bu dövrdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası da əsl quruculuq, yüksəliş yolu keçdi, 3500 illik tarixinin maddi və mənəvi intibah dövrünü yaşadı.
Çox təəssüf ki, sonralar SSRİ kimi böyük bir məkanda gedən proseslər Naxçıvana da öz mənfi təsirini göstərdi. Yalnız Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu sahədə vəziyyət müsbətə doğru dəyişdi.
Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovet İttifaqının hər yerində olduğu kimi Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökürdü. SSRİ sərhədlərinin Azərbaycana aid hissəsinin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Belə bir vaxtda Mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək Qanlı 20 Yanvar qırğınını törətdi. Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla sərhəddində ermənilər rus qoşunlarının köməyi ilə Muxtar Respublikaya hücuma keçmişdilər. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvanda həmin il yanvarın 19-da xalqın tələbi ilə Muxtar Respublikanın Ali Sovetinin sessiyası çağırıldı. Sessiyada Muxtar Respublikanın Sovet İttifaqının tərkibindən çıxması haqqında Qərar qəbul olundu. Bu, keçmiş İttifaqda misli görünməmiş bir hadisə idi.
Belə bir vaxtda keçmiş SSRİ-nin türk-müsəlman xalqlarının şəksiz lideri sayılan artıq İttifaq rəhbərliyindən istefa vermiş Heydər Əliyevə qarşı məkrli planları işə salındı. O, Moskvanın bütün təzyiqlərinə baxmayaraq xalqı ilə birlikdə olmaq, Azərbaycana qayıtmaq istəyini gizlətmirdi. Xalqının taleyinə biganə qala bilməyən böyük siyasətçi ciddi təhlükələrə rəğmən 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Onun Bakıda yaşamasına imkan verilmədi və iyulun 22-də Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana getdi.
Naxçıvan əhalisi Heydər Əliyevi böyük izdihamla qarşıladı. Xalqın mənəvi sıxıntı məngənəsində boğulduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran keçirdiyi bir dövrdə Onun Naxçıvana qayıtması respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam yaratdı. Belə bir şəraitdə Heydər Əliyev böyük Qurtuluş savaşının Naxçıvan cəbhəsindən Azərbaycanın azadlıq mücadiləsinə qalxdı. Onun rəhbərliyi ilə Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəldi. Sonralar Heydər Əliyev Naxçıvana səfəri zamanı o dövrü belə xatırlayırdı: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim böyük həyatımda həqiqətən xüsusi yer tutur. Şübhəsiz ki, o illər biz sizinlə birlikdə Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, bəlkə də böyük faciələrdən birlikdə xilas etdik. Bu, hamımızın birlikdə tarixi nailiyyətidir. Mən sizinlə bir idim, siz də mənimlə bir idiniz və bizim bu birliyimiz, dəyanətimiz, dözümlülüyümüz, fədakarlığımız Naxçıvan Muxtar Respublikasının əhalisini o ağır dövrdən, demək olar ki, müvəffəqiyyətlə keçirdi. O dövr böyük sınaq dövrü oldu, naxçıvanlıların böyük bir sınaqdan keçməsi dövrü oldu, insanların öz torpağına, vətəninə sədaqətinin sınaqdan keçməsi oldu. Mənim üçün sınaq dövrü oldu və sizin üçün də sınaq dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.
Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtmasından qorxuya düşmüş o dövrkü hakimiyyət bu parlaq şəxsiyyətə qarşı hər cür çirkin əməllərə rəvac verir, Onun əleyhinə açıq-aşkar kampaniyalar təşkil edirdi. Lakin heç bir təzyiq və təqib böyük Vətən oğlunu öz amalından döndərə bilmədi.
1990-cı il sentyabrın 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.
Heydər Əliyev müdrik siyasətçi kimi İttifaqın dağılacağını qabaqcadan görür və Azərbaycanın müstəqillik ulduzunun yenidən parlayacağına qəlbən inanırdı. Belə bir ağır vaxtda O, Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın qanunvericilik orqanında məhz Onun təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırıldı. Naxçıvan parlamentinin Heydər Əliyevin Sədrliyi ilə keçən həmin tarixi sessiyasında Muxtar Respublikanın rəsmi adından “Sovet Sosialist” sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək “Ali Məclis” adlandırıldı. Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. Bu dövrdə sözün həqiqi mənasında Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə idi. Sonralar o dövrü Heydər Əliyev belə xatırlayırdı: “1990-1991-cı illərdə... müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan Muxtar Respublikası öz xidmətlərini göstərdi”.
Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağımızı qaldırdığı vaxtda respublika rəhbərləri hələ fikirləşirdilər ki, müstəqillik yolu tutsunlar ya yox. Mərkəzi hakimiyyət və onun Bakıdakı əlaltıları hər vəchlə dağılmaqda olan Sovetlər İttifaqını saxlamağa çalışırdılar. Heydər Əliyevin və demokratik qüvvələrin ciddi etirazlarına baxmayaraq 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması barədə referendumda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul olundu. Yalnız Heydər Əliyevin iradəsi nəticəsində Naxçıvanda referendum keçirilmədi.
90-cı illərin əvvəllərində Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına açıq etirazını bildirərək, 1991-ci il iyulun 19-da partiya sıralarından çıxdı. Həmin il avqustun 26-da Naxçıvan ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi.1991-ci il sentyabrın 3-də Naxçıvanda yaşayan Heydər Əliyev əhalinin ciddi təkidi ilə Muxtar Respublikanın Ali Məclisinə Sədr seçilməyə razılıq verdi. O, Muxtar Respublikaya başçılıq etməyə başladığı ilk gündən təcili tədbirlər görməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da Muxtar Respublikanın Ali Məclisi hər il dekabr ayının 31-nin “Dünya Azəri türklərinin həmrəylik və birlik günü” kimi bayram olunması barədə qərar qəbul etdi. 1992-ci il yanvarın 13-də Ali Məclis Qanlı Yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat qəbul etdi. 1992-ci ilin martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. “Qars müqaviləsi”nin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparıldı.Türkiyə Nazirlər Kabineti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat verdi. Sonralar Naxçıvan Ali Məclisinin üzvləri ilə görüşündə (31 oktyabr 1996-ci il) Heydər Əliyev bu barədə belə deyirdi: “1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir. Sonra ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də, Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi. Onun məhz Azərbaycanın tərkibində olmasını bir daha təsdiq etmək üçün... 1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin oktyabr ayında “Qars müqaviləsi” bağlanmışdır. 1990-cı ildə və ondan sonrakı dövrdə Naxçıvanda bu müqavilələr səsləndi, insanlar bu sənədləri yada saldılar və həmin müqavilələrdən istifadə etdilər. 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, o vaxtkı baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik”.
Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ilin avqustunda “İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında” sənəd imzalandı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı-Poldəşt keçid məntəqələri inşa olundu. Muxtar Respublika üçün həqiqətən həyati əhəmiyyət kəsb edən, xalq arasında “Ümid körpüsü” adlandırılan Sədərək körpüsü tikildi. 1993-cü il fevralın 5-də Naxçıvanda Türkiyə Respublikasının, martın 8-də isə İran İslam Respublikasının konsulluqları fəaliyyətə başladılar. Heydər Əliyev ABŞ-ın, Türkiyənin, İngiltərənin, Fransanın səfirləri ilə keçirdiyi görüşlərdə dünya dövlətlərinin diqqətini Azərbaycandakı vəziyyətə cəlb edə bildi. Heydər Əliyevin Naxçıvanda yerləşən Sovet ordusunun hissə komandanlıqları və Rusiya dövlətinin rəhbərliyi ilə apardığı gərgin danışıqlar nəticəsində 75-ci motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlaklarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verərək Naxçıvan ərazisini tərk etdilər. Muxtar Respublikada çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Heydər Əliyev Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin vəziyyəti ilə də yaxından maraqlanırdı. Onun təşəbbüsü ilə 1992-ci ildə Naxçıvanda görkəmli Azərbaycan şairi Hüseyn Cavidin 110 illik yubileyi böyük təntənə ilə qeyd edildi.A.Mütəllibovdan sonra iqtidara gəlmiş cəbhəçilərin hakimiyyəti, yəni, başabəla AXC-Müsavat iqtidarı dövründə Naxçıvana qarşı təzyiqlər daha da artırdı. Hətta iş o yerə gəlib çatmışdı ki, AXC-Müsavat hakimiyyəti Naxçıvan Muxtar Respublikasının statusunun dəyişdirilməsi üçün yollar arayırdı. 1992-ci il iyunun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin iclasında çıxış edən Heydər Əliyev Bakının rəsmi dairələrində Naxçıvanın statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçılıq siyasəti ilə eyniləşdirərək bu məsələyə özünün birmənalı münasibətini bildirdi: “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır”.
Ancaq o zaman hakimiyyətdə olanlar unudurdular ki, Naxçıvanın statusu beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmişdir. Və onların bu məsələyə göstərdikləri ciddi-cəhdlər ən azı gülünc görünürdü. AXC-Müsavat iqtidarının nümayəndələri Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşırdı. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə görkəmli dövlət xadiminə müraciət etdilər. Bundan qorxuya düşən Xalq Cəbhəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Bu, müstəqillik tariximizdə ilk dövlət çevrilişinə cəhd idi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq dövlətçiliyə balta vurmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını aldı. Sonralar O, siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında silahlı müxalifət tərəfindən növbəti dəfə belə cəhdlər olunacaqdı. Ancaq xalq yenə də Heydər Əliyevlə birlikdə öz kövrək addımlarını atmaqda olan müstəqil dövlətinin keşiyində möhkəm dayandığını bir daha nümayiş etdirəcəkdi. O dövrkü iqtidarın bütün təqib və təzyiqlərinə baxmayaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirildi. Heydər Əliyevin adı ilə bağlı olan bu partiya yeganə siyasi qurum idi ki, onun təsis konfransı paytaxtda - Bakıda deyil, ölkənin blokada şəraitində olan bir bölgəsində keçirilirdi. YAP tezliklə təşkilatlandı və respublikanın siyasi arenasında öz dəsti-xətti olan siyasi bir qüvvəyə çevrildi və tezliklə iqtidar partiyası oldu. Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkənin bu bölgəsini daim diqqət mərkəzində saxlamış, blokada şəraitində olan Naxçıvanın dirçəlişi və inkişafı üçün öz qüvvə və bacarığını əsirgəməmişdir.
Təsadüfi də deyil ki, müstəqil Azərbaycanın yeni Konstitusiyasının layihəsi hazırlanarkən Ulu öndər bu diyarın statusu məsələsinə xüsusi önəm verirdi. 1998-ci ilin yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında O, birmənalı şəkildə bildirmişdir: “Naxçıvan muxtariyyəti tarixi nailiyyətdir və biz bunu qoruyub saxlamalıyıq”.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilən ölkənin Konstitusiyasında Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində Muxtar dövlət statusu verildi. Əgər Moskva və Qars müqavilələri ilə Naxçıvanın tarixi-hüquqi statusu müəyyənləşmişdirsə, müstəqillik dövründə qəbul olunan Konstitusiya ilə Naxçıvanın statusu yeni hüquqi məna kəsb etdi. Naxçıvanın muxtariyyət statusunun qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətində həmişə mühüm yer tutub. Onun siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində naxçıvanlılar bunu həmişə hiss etmişlər. Bu gün ölkə Prezidenti İlham Əliyev də əsası Ulu öndər tərəfindən qoyulmuş bu ənənəni və siyasi xətti uğurla davam etdirir. Muxtar Respublikaya səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçısı naxçıvanlılara xitabən belə deyib: “Xalqımızın Ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura Onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü”.
Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycanın, o cümlədən, Naxçıvan MR-in iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında (2004-2008-ci və 2009-2013-cü illər) və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin, o cümlədən, Naxçıvanın da inkişafında keyfiyyətcə yeni və növbəti mərhələnin başlanğıcı oldu. Qeyri-neft sektorunun davamlı inkişafı təmin edildi, yeni iş yerləri və müəssisələr yaradıldı, sosial infrastrukturun keyfiyyəti yüksəldi, sahibkarlıq mühiti yaxşılaşdı. Bu gün blokada şəraitində olmasına baxmayaraq, ölkə rəhbərliyinin apardığı genişmiqyaslı quruculuq işləri sahəsində Naxçıvan MR sürətlə inkişaf edən bölgəyə çevrilmişdir. Burada dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun xətti ilə yüzlərlə məktəb binası tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təmin edilmişdir. Muxtar respublikada Diaqnostika Müalicə Mərkəzi, Olimpiya Kompleksi inşa edilmişdir. Naxçıvanda modul tipli elektrik stansiyası quraşdırılmış, Vayxir su anbarı üzərində elektrik stansiyası yaradılmış, Ulu öndərin adını daşıyan Naxçıvan Hərbi Liseyi tamamilə yenidən qurulmuşdur. Prezident İlham Əliyevin hakimiyyəti illərində burada tikilən binalar, çəkilən yollar, yeni istifadəyə verilmiş məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri diyarın simasını tamamilə dəyişmişdir. İqtisadiyyatda müşahidə olunan sürətli artım tempi sosial sahənin inkişafına da öz təsirini göstərmiş, yeni iş yerlərinin açılması ilə əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir. Blokada ilə əlaqədar mövcud çətinliklərə baxmayaraq Naxçıvan MR Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində özünün fəal iştirakı ilə müstəqil dövlətimizin daha da möhkəmlənməsinə, dünya birliyində öz layiqli yerini tutmasına mühüm töhfələr verir. Bəli, Naxçıvan diyarı öz tarixi missiyasını bu gün də şərəflə yerinə yetirir. Ölkə Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının milli tariximizə rolunu belə xarakterizə etmişdir: “Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır... Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur”.
Eldar İBRAHİMOV,
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri, iqtisad
elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

