Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir

Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir

10.07.2014 [10:15]

Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan edirlər
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir.
Ümumiyyətlə, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Bütün bunlar, eyni zamanda, ölkədə əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir. Bu məqamda qeyd etmək yerinə düşər ki, həyata keçirilən islahatların fonunda güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün fundamental azadlıqların təmin olunduğu Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun, reallaşdırılan islahatların milli maraqlara tam cavab verməsidir.
Şübhəsiz, bütün bunlar onu göstərir ki, Azərbaycanda demokratik transformasiya prosesi uğurla başa çatdırılıb. Ulu öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr uğurla yerinə yetirilib. Eyni zamanda, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Ümumiyyətlə, modernləşmə strategiyasının yeni keyfiyyətdə davam etdirilməsi, siyasi mədəniyyətin yeni keyfiyyət ünsürləri ilə zənginləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təkmillik səviyyəsinin artırılması istiqamətində təməl strateji tədbirlərin görülməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, subyektlərarası münasibətlərə real əlverişli zəmin yaradan plüralist mühitin möhkəmləndirilməsi kimi strateji səciyyə daşıyan faktorlar təkmil və mükəmməl struktur elementlərinə malik olan siyasi sistemin tamlığını təmin edib.
Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu demokratik inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın tərəqqisinin davamlı olması üçün əlverişli zəmin formalaşdırılıb. Əldə edilən kompleks nailiyyətlər demokratik təsisatların inkişafını təmin etməklə yanaşı, ölkəmizin pozitiv beynəlxalq imicinə də mühüm töhfələr verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının Bakıda keçirilən XXIII illik sessiyasının plenar iclasının açılış mərasimindəki çıxışı zamanı qeyd edib ki, siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi: “Siyasi sahəyə gəldikdə, bildirmək istəyirəm ki, bu gün Azərbaycan funksional demokratik təsisatlara malik olan ölkədir. Biz demokratiyanın və qanunun aliliyinin inkişaf etdirilməsi, eləcə də fundamental azadlıqların təmin edilməsi üçün bir çox səylər göstəririk. Hesab edirəm ki, bu istiqamətdə böyük müvəffəqiyyətlər qazanmışıq. Azərbaycanda bütün fundamental azadlıqlar - toplaşmaq, təşkilatlanmaq, ifadə, media azadlıqları təmin edilir. Azərbaycanda yüzlərlə çap mediası vardır, internet azaddır, əhalimizin 70 faizdən çoxu internet istifadəçisidir”.
Dolayısıyla, sadalananların məntiqi nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan etməkdədirlər. Demokratik dəyərlərə sadiq olan, öz daxili və xarici siyasətini sırf milli maraqlar üzərində quran Azərbaycanla əməkdaşlıq strateji prioritet kimi müəyyən edilir. Məlum olduğu kimi, iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu mətbuata bəyanatlarla çıxış ediblər. Çıxışı zamanı bəhs etdiyimiz məsələlərə toxunan Avropa Komissiyasının sədri qeyd edib ki, Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır: “Məsələn, biz enerji sahəsində strateji etibarlı tərəfdaş əldə etmişik. Biz bundan sonra da bu istiqamətdə demokratiya və birgə dəyərlər, xüsusilə də fundamental azadlıqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindəyik.
...Biz hesab edirik ki, çiçəklənən vətəndaş cəmiyyəti demokratiya üçün çox vacib məsələdir və uzunmüddətli sabitliyi təmin edir, müasir dövrdə dövlətlərin və cəmiyyətlərin müasirləşməsinin mühüm elementidir”.
Nəticə etibarilə, həyata keçirilən səmərəli daxili siyasət kursu sayəsində Azərbaycan davamlı inkişaf əldə edib. Bütün sahələri, xüsusilə də siyasi sferanı əhatə edən islahatlar Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini şərtləndirir. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Siyasi islahatlar cəmiyyətimizdə olduqca müsbət mühit yaradır. Siyasi vəziyyət sabitdir, proqnozlaşdırılandır. Bunun sayəsində biz gələcəyimizi elə planlaşdırırıq ki, müasirləşməyə nail olaq və Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirək”.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 725 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31