/ / Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
19.02.2015 [12:41]
Prezident İlham Əliyev: Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir
Son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması mühüm yer tutur. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.
Həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının və maliyyə imkanlarının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Respublikamızda dövlət tərəfindən aqrar sektorda səmərəliliyin təmin edilməsinə və yerli istehsalın artırılmasına güclü siyasi iradə nümayiş etdirilir. Təsadüfi deyil ki, dövlət başçısının cari il 12 yanvar tarixli müvafiq Sərəncamı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunub. Sərəncamda vurğulandığı kimi, respublikada həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Azərbaycanda 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması isə, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi daşıyır.
Prezident İlham Əliyev yanvarın 27-də keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında Azərbaycanda kənd təsərrüfatının inkişafının ölkədə iqtisadiyyatın şaxələndirilməsinin əsas istiqamətlərdən biri olduğunu və prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdırıb: “Bu il “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı bu qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır... Həm struktur islahatları aparılır, eyni zamanda, kənd təsərrüfatının səmərəliliyinin artırılması üçün tədbirlər görülür”.
Respublikada aqrar sektorun inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir
Yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının gəlirli sahələrinin inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili aqrar sahədə dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Dövlət başçısı kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində ölkəmizdə kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir. Prezident İlham Əliyev respublikamızda aqrar sektora dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini bildirib. Dövlət başçısı yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğulayıb ki, respublikanın aqrar sektorunda dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir: “Bir daha demək istəyirəm ki, biz dünyanın ən qabaqcıl təcrübəsini, müasir texnikanı tətbiq etməliyik, bütün lazımi tədbirləri görməliyik, xidmət lazımi səviyyədə göstərilməlidir”.
Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır
Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq. Təkcə bu fakt bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması xüsusilə təqdirəlayiqdir. Dövlət başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında ərzaq təhlükəsizliyi məsələsini bir daha gündəmə gətirib: “Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün böyük önəm daşıyır”.
Məlum olduğu kimi, keçmiş ittifaq məkanında birtərəfli qurulan təsərrüfat mexanizminin, həmçinin, səriştəsiz idarəçiliyin nəticəsi olaraq Azərbaycan müstəqilliyinin ilk vaxtlarında ərzaq təchizatında bir sıra ciddi çətinliklərlə üzləşirdi, ölkəmiz idxaldan böyük dərəcədə asılı vəziyyətdə idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, son 11 ildə ərzaq idxalından asılılığı aradan qaldırmaqdan ötrü ciddi tədbirlər həyata keçirilib: “...Müstəqilliyin ilk dövrlərində biz idxaldan böyük dərəcədə asılı vəziyyətə düşmüşdük. Bu vəziyyəti dəyişmək üçün çox ciddi tədbirlər görüldü və son illər ərzində biz ərzaq təhlükəsizliyimizi demək olar ki, təmin etmişik”.
Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayıb. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb.
Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq ölkəmizin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir.
Azərbaycanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artması, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Bundan başqa, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib və yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun yaradılması, o cümlədən, 26 rayonda tutumu 290 min ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan 22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.
Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Dünya Bankının hesabatına əsasən, son 10 ildə dünyada ərzaq məhsullarının istehsalında artım 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, yumurtaya, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında qarşıya qoyduğu hədəf belədir: “Biz özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməliyik və ixrac etməliyik”.
Dövlət başçısı diqqəti, həmçinin, hələlik arzu edilən nəticələrin əldə olunmadığı sahələrə də yönəldib. Məsələn, ölkənin taxıla olan tələbatının yalnız 60 faizinin daxili istehsal hesabına ödənilməsi məqbul hal deyil. Dövlət başçısı iri fermer təsərrüfatlarının yaradılması ilə respublikada taxıl istehsalının da artırılacağına əminliyini bildirib: “Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq”.
Məlum olduğu kimi, hazırda respublikamızda regionların sosial-iqtisadi inkişafı ilə bağlı reallaşdırılan üçüncü Dövlət Proqramında aqrar sektorun inkişafı ilə bağlı bir sıra mühüm tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin reallaşdırılması sayəsində ölkəmizdə ərzaq məhsulları istehsalının daha da genişlənəcəyi gözlənilir. Dövlət başçısı bununla bağlı deyib: “Mən hesab edirəm ki, üçüncü proqramın başa çatması nəticəsində biz bütün bu rəqəmləri 100 faizdən artıq səviyyədə görməliyik və görəcəyik!”
Aqrar sahədə geniş ixrac potensialına malik olan Azərbaycan yeni bazarlara çıxmalıdır
Daxili tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialının artırılması da Prezident İlham Əliyevin aqrar sektorda qarşıya qoyduğu hədəflər sırasındadır. Azərbaycan ənənəvi olaraq xarici bazarlara kənd təsərrüfatı məhsulları çıxaran ölkədir. Son illərdə müasir aqrar-sənaye komplekslərinin yaradılması nəticəsində respublikamızın xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq imkanları da artıb. Paralel surətdə xarici ölkələrdə respublikamızın ixrac infrastrukturu qurulur. Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin tikintisi cari ildə başa çatdırılacaq. Gələcəkdə digər ölkələrdə də mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin artmasına müsbət təsir göstərəcək.
Eyni zamanda, ölkəmizdə Taxtakörpü və Şəmkirçay su anbarlarının istifadəyə verilməsi ilə yeni torpaqların dövriyyəyə verilməsi imkanları yaranıb. Prezident İlham Əliyevin yuxarıda haqqında bəhs olunan konfransdakı çıxışında vurğuladığı kimi: “Eyni zamanda, Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıbdır. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq”.
Ümumiyyətlə, aqrar sektorda istehsalın artırılmasında istifadəsiz torpaqların dövriyyəyə cəlb edilməsi çox aktual məsələdir. Hazırda düzgün nəzarətin olmaması, torpaqların elektron qeydiyyatının lazımı səviyyədə təşkil edilməməsi və digər bu kimi səbəblər üzündən respublikamızda böyük torpaq sahələri istifadəsiz qalıb. Bu isə yolverilməzdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev konfransdakı çıxışında aqrar sektorda məhsul istehsalının artırılmasına nail olmaq üçün torpaqlardan səmərəli istifadə edilməsinin zəruriliyini bir daha diqqətə çatdırıb: “İstifadəsiz qalan torpaqlar da kifayət qədər çoxdur. Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni, hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə”.
Azərbaycanın dünyada həm də kənd təsərrüfatı məhsulları ilə təmsil olunmasını şərtləndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz böyük istehlak bazarları ilə əhatə olunub. Prezident İlham Əliyev bunu respublikamızın üstünlüyü kimi dəyərləndirib: “Üstünlüyümüz ondan ibarətdir ki, bizim ətrafımızda böyük bazarlar var. O bazarlara bizim ənənəvi çıxışlarımız var. Azərbaycan məhsulları o bazarlarda tanınır və o bazarlarda Azərbaycan məhsulunun artımını gözləyirlər”.
Prezident İlham Əliyev, həmçinin, bildirib ki, Azərbaycan ənənəvi bazarlarla kifayətlənməməlidir və yeni ixrac bazarlarına çıxmalıdır: “...Biz ənənəvi bazarlarda işləməliyik, daha fəal, daha da geniş əhatə dairəmiz olmalıdır və biz yeni bazarlara çıxmalıyıq, həm regional, həm beynəlxalq. Biz Avropa bazarlarına çıxmalıyıq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

