Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Misir Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir

Misir Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir

10.06.2016 [09:55]

Əhməd Sami Elaydi: Əsas amalımız Misir ilə Azərbaycan arasında mədəni-elmi əməkdaşlıq işində canlı körpü rolunu oynamaqdır
Misir ilə Azərbaycan arasındakı əlaqələr dərin tarixi köklərə malikdir. Hər iki ölkə münasibətlərin daha da möhkəmlənməsində və əlaqələrin əhatə dairəsinin genişlənməsində maraqlıdır. Hazırda siyasi və iqtisadi münasibətlərlə yanaşı, iki ölkə arasında təhsil, mədəniyyət, turizm sahəsində də əlaqələrin dinamik inkişafı müşahidə olunur. Ən əsası, iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün geniş potensial var. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, eyni zamanda, Misirin ilk azərbaycanşünas alimi, Bakıda aspirantura (doktorantura) təhsili almış dr. Əhməd Sami Elaydi ilə söhbətimizdə də bu məqamlara toxunduq.
- Cənab Əhməd Sami Elaydi, söhbətimizə rəhbərlik etdiyiniz mərkəzin fəaliyyəti ilə bağlı sualla başlamaq istərdik. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əsas məramı və məqsədi nədən ibarətdir?
- Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi 1999-cu ilin avqustundan Azərbaycanda fəaliyyətə başlayıb. Bizim əsas amalımız ərəb mədəniyyətinin, ədəbiyyatının bu ölkədə tanıdılması ilə yanaşı, Misir ilə Azərbaycan arasında mədəni-elmi əməkdaşlıq işində canlı körpü rolunu oynamaqdır. Bu mərkəz Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir. Adından da göründüyü kimi, mərkəzimiz həm mədəniyyətə, həm də təhsilə önəm verir. Mərkəz müntəzəm olaraq seminarlar, mədəniyyət axşamları, elmi konfranslar təşkil edir, müxtəlif Misir filmləri nümayiş etdirir və azərbaycanlılara Misirin incəsənətinin və mədəniyyətinin həqiqətini çatdırmaqda öz töhfəsini verir.
- Misir ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı ilə bağlı hansı addımlar atılır?
- Bu suala cavab verməzdən öncə bildirim ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin, əməkdaşlığın banisidir. Onun 1994-cü ildə Misirə səfəri ilə iki dövlət arasında münasibətlərin yeni səhifəsi açılıb. Həmin səfər zamanı Azərbaycanla Misir arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib. Ümumiyyətlə, Misir xalqı müasir Azərbaycanın memarı, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş məlumatlara malikdir. Onun həyat və fəaliyyəti, Azərbaycanın inkişafındakı misilsiz xidmətləri haqqında ərəb dilində kitablar nəşr olunub. Mənim də “Heydər Əliyev dövründə Misir və Azərbaycan arasındakı əlaqə” adlı məqaləm var. Hər il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilir. Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Heydər Əliyevin heykəli ucaldılıb. Heydər Əliyev Misirdə heykəli qoyulan ilk və yeganə tarixi şəxsiyyətdir.
Ümumiyyətlə, Misir Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq və bir çox sahələr baxımından nümunəvi bir ölkədir. Ötən il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsinin, bu il ölkənizdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin, iyunun 17-dən 19-dək keçirilməsi nəzərdə tutulan möhtəşəm idman və əyləncə şousu - “Formula-1” üzrə Avropa Qran-prisinin və 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının xüsusi əhəmiyyəti var. Bütün bunlar göstərir ki, müstəqil Azərbaycan dövləti 25 il ərzində sürətlə inkişaf edib.
Konkret olaraq sualınıza gəlincə məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Biz də mərkəzdə “Multikulturalizmin Azərbaycan modeli: fəlsəfi, sosioloji və hüquqi baxış” mövzusunda beynəlxalq elmi seminar keçirdik. Azərbaycanın multikulturalizm ənənələrinin təbliğinə həsr olunmuş tədbirdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi xidmətinin, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, eləcə də Türkiyə və Misirin Azərbaycandakı səfirliklərinin, Misir Mədəniyyət Mərkəzinin əməkdaşları və respublika elmi ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Eyni zamanda, 2014-cü ildə Misirdə Azərbaycan mədəniyyət günləri keçirilib. Növbəti illərdə də belə bir tədbir keçirməyi planlaşdırırıq. Bu barədə mərkəz olaraq təklif irəli sürmüşük. Bundan başqa Misir Mədəniyyət Mərkəzi Azərbaycanın müxtəlif universitetlərində magistr və doktorluq dərəcələri üzrə təhsil alan misirli tələbələri himayə edib. Belə ki, 50-dən artıq misirli tələbə Azərbaycan universitetlərində doktorluq dərəcəsinə yiyələnib. Bu isə Azərbaycan və Misir Təhsil nazirlikləri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq reallaşdırılan əməkdaşlıq proqramı əsasında baş tutub. Bu proqrama əsasən tərəflər hər il həmin tələbələrə ödənişsiz təhsil almaq imkanı verib. 2016-cı ilin mart ayında Xəzər Universiteti və Misir Elm və Texnologiya Universiteti arasında elmi mübadilə və əməkdaşlıq sazişi imzalanıb. Bu yaxınlarda Bakı Musiqi Akademiyasından məzun olan bir doktorantımız “Azərbaycan və Misir xalq mahnıları” mövzusında dissertasiya müdafiə edib.
- Bəs, rəhbərlik etdiyiniz mərkəz yaxın gələcək üçün hansı işləri planlaşdırır?
- Bu ilin noyabrında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Beynəlxalq fəlsəfə günü” münasibətilə konfrans keçirməyi planlaşdırırıq. Bu konfransa Misirdən də qonaqlar qatılacaq. Bununla yanaşı, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının bu yaxınlarda mərkəzdə təqdimatını keçirməyi planlaşdırırıq. Məlumat üçün bildirək ki, Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Esmeralda” rəsm studiyası ilə birgə “Misir Azərbaycan uşaqlarının gözü ilə” adlı rəsm sərgisi keçirilib. İki ölkənin dostluğunun kiçikyaşlı uşaqlar tərəfindən rəsmlər vasitəsilə nümayiş edilməsini təqdirəlayiq hal hesab edirəm. Eyni zamanda, belə sərgilərin mütəmadi keçirilməsi üçün mərkəz olaraq tədbirlər görülür. Növbəti müsabiqəmiz isə “Misir Azərbaycanın gənc rəssamlarının gözü ilə” mövzusunda olacaq. Sonda müəlliflər mükafatlandırılacaqlar. “Misir haqqında nə bilirəm?” adlı inşa müsabiqəsini də keçirməyi düşünürük.
- Kitab mübadiləsinin ən əsas formulasından biri olan tərcümə hansı səviyyədədir? Azərbaycan ədəbiyyatı ərəb dilinə, Misir ədəbiyyatı Azərbaycan dilinə tərcümə olunurmu?
- Azərbaycanda xeyli sayda ərəb dili tərcüməçiləri var. Azərbaycanda şərqşünaslıq sahəsi çox inkişaf edib. Misirin aparıcı universitetlərindən biri, iki yüz mindən çox tələbəsi olan Ayn-Şəms Universitetində Azərbaycan dili tədris olunur. Hər il yüzlərlə tələbəyə Azərbaycan dili öyrədilir. Dünyanın heç bir ölkəsində bu sayda Azərbaycan dilini öyrənən əcnəbi tələbə yoxdur. Bu da Misirdə Azərbaycan dilinə olan marağın ən bariz sübutudur. Heç şübhə yoxdur ki, Misirdə Azərbaycan dilinin tədris olunması Misir və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır. Eyni zamanda, son dövrlərdə ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümə sahəsində böyük canlanma müşahidə olunmaqdadır.
Misirin Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzində ilk dəfə olaraq “Müasir Azərbaycan ədəbiyyatının antologiyası” ərəb dilində çap olunacaq. Antologiyaya Azərbaycanın 20 ən nüfuzlu yazıçısının - Anar, Elçin, Kamal Abdulla və digərlərinin əsərləri daxil ediləcək. Bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Misirin Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzinin müştərək işidir.
Şəxsən mən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin və AZƏRTAC-ın birgə layihəsi olan “Xocalı. XX əsrin soyqırımı” kitabını ərəb dilinə tərcümə etmişəm. Bununla yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını ərəb dilinə tərcümə etmişəm.
Misir yazıçısı, Şərq ədəbiyyatının ilk Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Bildirçin və payız” əsəri və müxtəlif hekayələri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə olunub.
Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, problemin həlli istiqamətində aparılan danışıqlardan və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdikləri qərar və qətnamələrdən söhbət açılan 400 səhifəlik “Qarabağ - Qafqazda sülh yolu” adlı kitab ərəb dilinə tərcümə olunub.
- Misir İslam dünyasında ən nüfuzlu ölkələrdən biridir. 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təbliği ilə bağlı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi hansı işləri görəcək?
- Misir Mədəniyyət Mərkəzinin elm, mədəniyyət və dil sahələrinin bütün aspektlərinə malik olan zəngin bir kitabxanası var. Bu kitabxana, sözün əsl mənasında, ərəb dilini öyrənənlər üçün dəyərli bir xəzinə hesab edilir.
Azərbaycanda ərəb dilinə çox böyük maraq olduğunu nəzərə alaraq mərkəz burada ödənişsiz ərəb dili kursları təşkil edib. Bu işdə ərəb dilinin tədrisi və yayılmasında Misir Əməkdaşlıq Agentliyində təmsil olunan Əl-Əzhər Universitetini və Misirin Xarici İşlər Nazirliyinin rolunu qeyd etməmək qeyri-mümkündür. Belə ki, bu qurum Azərbaycan universitetlərində ərəb dilinin tədrisi üçün təmənnasız olaraq hər il iki nəfər ərəb dili mütəxəssisi göndərir və Misir tərəfi burada nəzərdə tutulan bütün xərcləri öz öhdəsinə götürür. Mərkəzimizdə gələn il keçiriləcək IV İslam Həmrəylik Oyunlarının könüllülərinə dil təlimləri keçiriləcək. Onlara Misirin Ali Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş sertifikat da təqdim olunacaq.
- Misir həm də dünyada turizm ölkəsi kimi tanınır. Amma məlum hadisələr bu ölkəyə turist səfərlərinin azalmasına təsir göstərdi. Hazırkı vəziyyət sizi qane edirmi?
- Təəssüflər olsun ki, bir neçə il öncə ölkəmizdə xoş olmayan bəzi hadisələr baş verib. Bunlara baxmayaraq, hazırda Misirdə tam sabitlikdir. Qeyd etmək istərdim ki, bizim tərəfimizdən bir neçə dəfə Azərbaycanın KİV nümayəndələrindən ibarət heyətin Misirə infoturu təşkil olunub. Onlar da Misirin hazırkı vəziyyətinin sabit və təhlükəsizliyinin şahidi olublar.
Bundan başqa çox sevindirici haldır ki, iyunun 3-də Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılıb. Artıq azərbaycanlıların Misirə birbaşa səyahət etmək şansları olacaq. Bu reysin açılması qarşılıqlı turist səfərlərinin sayının artırılması üçün vacib addımdır. Təhlükəsizlik baxımından isə, dediyim kimi, heç bir problem yoxdur.
- Misirin İsgəndəriyyə kitabxanası dünya ədəbi incilərinin saxlanılmasında ən böyük məbəd hesab olunur. Kitabxanada Azərbaycanla bağlı hansısa materiallar varmı? Müasir ədəbi-bədii nümunələrimiz İsgəndəriyyə kitabxanasında toplanılırmı?
- Misirin İsgəndəriyyə kitabxanasında və digər kitabxanalarda Azərbaycanla bağlı çoxlu sayda kitablar və əlyazmalar var. Məhəmməd Füzuli haqqında dissertasiyalar və kitablar saxlanılır. O cümlədən Misirin “Dərül-kutub Vəs-vəsaiqül-Qaumiyyə” kitabxanasında da Azərbaycana aid bir sıra əlyazmalar saxlanılır. Ötən il kitabxanada Azərbaycanın böyük şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans və dahi mütəfəkkirin büstünün açılış mərasimi keçirilib.
- Müsahibəyə görə təşəkkür edirik.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30