Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Saxta soyqırımına axıdılan saxta göz yaşları... 

Saxta soyqırımına axıdılan saxta göz yaşları... 

26.04.2023 [10:36]

İran İslam dövlətidir. Dünyəvi dövlət quruluşuna malik olan Azərbaycanda da əhalinin böyük əksəriyyəti eyni dinə etiqad bəsləyir. Belə olan halda İranın ölkəmizə münasibəti həm də İslam həmrəyliyinə əsaslanmalıdır. Təəssüf ki, İslam dövlətinin siyasətində din, etiqad həmrəyliyinin kiçik nişanələrini belə müşahidə etmək mümkün deyil. Bu ölkə 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan, zəbt etdiyi ərazilərdə İslam dininə aid olan 67 məsciddən 65-ni dağıdan və təhqirlərə məruz qoyan Ermənistanla dostluq edib və bu ölkəni hərtərəfli şəkildə dəstəkləyib. İran eyni siyasəti postmüharibə mərhələsində də davam etdirərək Ermənistanla dostluğu yeni bağlarla daha da möhkəmlətmək istiqamətində addımlar atır. Deyə bilərik ki, İslam həmrəyliyindən uzaq düşən İranın Ermənistanla həmrəyliyi ən yüksək zirvəyə çatıb.

Rejimin dəstək verdiyi aksiyalar

İrandan, demək olar ki, hər gün Ermənistana və ermənilərə rəğbət ifadə edən xəbərlər gəlir. Aprelin 24-də bu ölkə saxta erməni soyqırımına göz yaşları axıdıb.  Belə ki, səhər saatlarından başlayaraq İranın müxtəlif şəhərlərində qondarma erməni soyqırımının 108-ci ili ilə bağlı mərasimlər keçirilib. İlk olaraq səhər saatlarında Tehranın “Serkise müqəddəs” kilsəsındə başlayan mərasimdə hər il olduğu kimi Türkiyə və Azərbaycan əleyhinə ənənəvi çıxışlar edilib.

İran hökumətinin dəstəyi və təşkilatçılığı ilə keçirilən anım mərasimindən sonra iştirakçılar Türkiyənin Tehrandakı səfirliyi qarşısına yürüş edib və burada aksiya keçiriblər. Əllərində “Türkiyə cinayət edir, Amerika himayə edir” və başqa anti-Türkiyə məzmunlu plakatlar qaldıran aksiyaçılar səfirlik qarşısına toplaşıblar. Bununla yanaşı, İranın İsfahan və başqa bir neçə şəhərində də oxşar aksiyalar baş tutub. Verilən xəbərlərdə bildirilir ki, İranda aksiyaların keçirilməsinə həssaslıq və qəddarlıqla yanaşan İran hökuməti ermənilərin Türkiyənin Tehrandakı səfirliyinin qarşısında aksiya keçirmələrinə şərait yaradıb.

İranın şəhərlərində saxta erməni soyqırımına göz yaşları axıdılması bu ölkənin Ermənistana bitib-tükənməyən rəğbətini ifadə edən yeganə fakt deyil. Bu ölkədə yaşayan az sayda erməninin bütün mədəni hüquqları təmin edilib. Onlar azlıq olsalar da, öz dillərində təhsil alırlar və qəzetlər, jurnallar dərc etdirirlər. İranın ayrı-ayrı şəhərlərində erməni mədəniyyət mərkəzləri yaradılıb. Bir qədər bundan əvvəl Ermənistanın baş nazirinin həyat yoldaşı xüsusi bir dəvətlə İrana təşrif gətirdi və burada məscidləri gəzdi. Tehranın İrəvanla qardaşlaşması, İranın Qafanda tələm-tələsik konsulluq açması da diqqətdən kənarda qala bilməz.

İranda azərbaycanafobiya

Özünü İslam dövləti adlandıran İranın işğalçı, monoetnik dövlət olan Ermənistana rəğbətinin fonunda burada müşahidə edilən və deyə bilərik ki, dövlət siyasəti səviyyəsinə yüksələn azərbaycanafobiya dərin təəssüf doğurur. İranın ərazisinin böyük bir hissəsində sayları təxminən 40 milyona çatan Azərbaycan türkü yaşayır. Onlar bu yerlərin abor?egen sakinləridirlər. Azərbaycanlıları özünün qorxulu röyası sanan mollakratiya soydaşlarımıza qarşı repressiv siyasət həyata keçirir. İranda azərbaycanafobiya siyasəti bir neçə istiqamətdə təzahür edir.

-Birincisi, İranda azərbaycanlılar yaşayan vilayətlərin etnik tərkibinin dəyişdirilməsinə nail olmaqdan ötrü ən müxtəlif variantlara əl atılır. Belə ki, həmin bölgələrdə iqtisadi layihələr reallaşdırılmır, ekoloji və sosial gərginliklər yaradılır. İran hakimiyyətinin Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək əldə olunan vəsaitləri farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına yönəltməsinə dair çoxsaylı faktlar var. Eyni zamanda,  atom-nüvə proqramında istifadə olunan radioaktiv tullantılarının azərbaycanlılar yaşayan vilayətlərdə basdırılmasına dair təkzibolunmaz məlumatlar yayılıb. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb.

İran hakimiyyətinin gizli planına əsasən azərbaycanlıların rəmzlərindən birinə çevrilən Urmiya gölü quruyur. Ümumilikdə, 13 iri və çoxlu sayda kiçik çayın töküldüyü bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Burada nadir heyvanlar və bitkilər var idi. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələri əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdə birini təşkil edir. Urmiya gölü ətrafda yaşayan azərbaycanlılar üçün həyat, dolanışıq mənbəyi idi. İndi insanlar bu mənbədən məhrum qalıblar və ekoloji fəlakətlə üzləşiblər. Bütün bunlar insanların bezdirilməsinə hesablanıb, yerli sakinlər - azərbaycanlılar yurd yerlərini tərk etmək məcburiyyətində qalırlar.

-İkincisi, azərbaycanlılar yaşayan bölgələrdə insanların dövlətin sosial qayğısından kənarda qalmaları. Buna ən son nümunə kimi, cari ilin yanvarında baş verən zəlzələnin dağıdıcı təsirlərinə məruz qalan azərbaycanlılara yardım göstərilməməsini nümunə çəkə bilərik. Zəlzələnin ən dağıdıcı təsirləri əsasən azərbaycanlıların yaşadıqları Xoyda və bu şəhərə bitişik yaşayış məntəqələrində qeydə alınıb. Dağıntıların miqyası böyükdür. Ancaq zəlzələdən sonrakı ilk günlərdə İran hakimiyyəti adekvat davranış ortaya qoymadı. Rəsmi KİV informasiyaları çox xəsisliklə yaydı. Hər şeydən görünürdü ki, ölkənin hakimiyyət dairələri zəlzələnin miqyasını məqsədli şəkildə gizlətməyə çalışır. Eyni zamanda, rejim zəlzələnin fəsadları ilə üzləşən insanlara kömək göstərməyə əsla tələsmədi. Zəlzələ fəsadları ilə üzləşən Xoy İranın unudulmuş bölgəsi kimi görünürdü.

-Üçüncüsü, İran rejiminin azərbaycanlıların mədəni və təhsil hüquqlarını tanımaması. Şovinist mollakratiya azərbaycanlıların milli ruhunu öldürmək, onları öz köklərindən ayırmaq üçün əlindən gələn hər şeyi edir. İranda Azərbaycan dilində məktəblərin açılmaması, qəzet və jurnalların nəşrinə imkan verilməməsi bunu əyani şəkildə təsdiqləyir. Bir qədər bundan  əvvəl rejimin siyasi iradəsi əsasında Təbriz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi bağlanıb. Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib. Təbriz Universitetinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinə xitam verilməsi mollakratiyanın İranda uzun illərdir ki, davam etdirdiyi bu ölkədə yaşayan azərbaycanlıların təqib edilməsi, diskriminasiyaya məruz qoyulması siyasətinin tərkib hissəsi anlamına gəlir.

İran Xocalı soyqırımını niyə tanımır?

Ermənilərin uydurduqları “soyqırımı” əslində tarixin məqsədli şəkildə təhrif edilməsindən başqa bir şey deyil. Məlum olduğu kimi, Türkiyə dəfələrlə arxivlərin açılması və 1915-ci il hadisələrinin araşdırılması təklifləri ilə çıxış edib. Ancaq tarixlərini miflər üzərində yazan ermənilər belə təklifləri qəbul etmirlər və arxivlərin açılmasından, yumşaq desək, ehtiyatlanırlar. Çünki arxivlərin açılacağı təqdirdə erməni mifləri dağılacaq, o cümlədən də 1915-ci ildə baş verənlərlə bağlı uydurmalar üzə çıxacaq.

Ermənilər soyqırımına məruz qalan yox, soyqırımı törədən toplumdur. 1992-ci il fevralında Xocalının bir gecənin içində yer üzündən silinməsi erməni vəhşiliyinin bariz nümunəsidir. Çox doğru olaraq Xocalı soyqırımı Xolokost, Xatın  və  bir sıra digər bəşəri faciələrlə müqayisə olunur. Xocalı soyqırımının araşdırılması üçün tarixə baş vurmağa, arxivləri açmağa lüzum yoxdur. Məşum hadisələrin canlı şahidləri var. İndiyədək dünyada çoxlu sayda ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Hazırda “Xocalıya ədalət!” kampaniyası beynəlxalq miqyasda geniş vüsət alıb. Sual olunur: Bəs qonşuluqda yerləşən İran bu insanlıq faciəsinə niyə biganə qalır? İran Xocalı soyqırımını niyə tanımır? Niyə indiyədək bu ölkənin siyasi hakimiyyəti Xocalıda uşaqların, qadınların, yaşlı insanların ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmələrinə hansısa bir formada öz etirazlarını bildirməyib?

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 502 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31