Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yaxın Orta Şərqdə yeni nizam...

Yaxın Orta Şərqdə yeni nizam...

04.05.2023 [10:40]

Türkiyənin rəhbərliyi altında region yenidən düzənlənir

XXI əsrin üçüncü onilliyi özünün çağırışları ilə yeni reallıqlar formalaşdırır. Başqa sözlə, dünya mühüm dəyişikliklərin astanasındadır. Ötən əsrin son on illliyindən başlayan və 30 il davam edən yeni dünya düzəni dəyişmək üzrədir. Bu dəyişikliklər isə özündə yeni iqtisadi-siyasi, hətta hərbi münasibətlər sistemini birləşdirir. Maraqldır ki, artıq beynəlxalq hüquq normaları dünyanın təhlükəsizlik arxitekturasının əsas təməllərini təşkil edə bilmir - bu norma və prinsiplərin aşınması olduqca böyük təhdidlər yaradır.

Yaxın Orta Şərq, eləcə də yerləşdiyimiz Cənubi Qafqaz regionunda da sülhün və təhlükəsizliyin formalaşması mühüm yeniliklər və çağırışlarla müşayiət olunur. Təbii ki, bu çağırışlar region ölkələri ilə yanaşı, həm də regiona yaxın ölkələrin də maraq dairəsindədir. Məsələn, Türkiyənin timsalında bəzi dövlətlər bu təhlükəsizlik arxitekturasının möhkəm və davamlı olması üçün çalışır. Təəsüf ki, bu kimi sülhpərvər və sabitlik anlayışını bütün region ölkələrinə şamil etmək olmaz - məsələn, İranın və Ermənistanın timsalında bəziləri bölgədə terrorun inkişafına açıq dəstək verir, sülhün formalaşmasına, yeni iqtisadi layihələrin reallaşmasına mane olmağa cəhdlər göstərir. Bu isə prosesin daha da uzanmasına yol açır.

Türkiyə terrorun varlığına qarşıdır

Regional problemlərin həlli hər zaman diqqət mərkəzindədir və Türkiyənin bu problemlərin həllində oynadığı rol artdıqca bu daha aydın şəkildə görünür. Məsələn, 5 aydır ki, davam edən Rusiya, Suriya və Türkiyə arasındakı təmaslar regionda yeni düzənləmənin başlayacağını deməyə əsas verir. Yeri gəlmişkən, bu ilin aprelin 25-də Moskvada Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirləri və Kəşfiyyat idarələri rəhbərlərinin görüşü mühüm məqamlardan xəbər verir. Bu görüşü şərh edərkən Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib ki, Türkiyə sərhədləri boyu terrorun varlığına qarşıdır. O qeyd edib ki, Türkiyə Suriya və İraqın ərazi bütövlüyünə hörmət edir və daha çox miqrantın ölkəyə daxil olmasını istəmir. Nazirin sözlərinə görə, danışıqların nəticəsi olaraq 4 ölkənin başçısının görüşü də baş tuta bilər.

“Yaxın Orta Şərq” layihəsi bitdimi?

SSRİ-nin parçalanmasının ardından bu dövlətin nüfuz dairəsində olan Yaxın Şərq ölkələri, əsasən də siyasi-iqtisadi parametrlərinə görə “sovet sosializminə” uyğunlaşdırılmış dövlətlər tədricən yeni nizamda fərqli yol seçmək məcburiyyətində qalmışdı. “Məcburiyyət” isə rəngli inqilablar, məzhəb çəkişmələri, etnik qarşıdurmalar və bu kimi ştrixlərdir. “Ərəb baharı”nda qəti qələbə qazanan “inqilabçı mərkəzlər” yeni nizam üçün geniş üfiqlər açdı. Məsələn, radikal çevrilişlər dövrünü sona çatdırdı, siyasi aktivliyi az da olsa, yumşaltdı və ölkələrin daxilində həll edilməsi olduqca çətin problemlər formalaşdırdı. Beləliklə, həmin regionlar istər-istəməz tərəfə çevrildilər -onların multilateral siyasət yürütmə imkanları məhdudlaşdı. Vaxtilə Qərb blokunun aktiv şəkildə fokuslandığı “Yaxın Orta Şərq” layihəsi müəyyən epizodik (Suriyanın timsalında) məqamlar istisna olmaqla həyata keçdi.

İndiki halda isə artıq şərtlər dəyişib - regional və müstəqil inkişaf üçün əsas şərt sayılan sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxıb. Bunun təmin edilməsi isə bütövlükdə, Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir:

- Siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması;

- Siyasi sabitliyin əldə olunması;

- Hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması;

- İqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi.

Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını zəruriləşdirir.

İran “üçlü format”a necə və niyə daxil oldu?

Qeyd edək ki, bu proses ötən ilin sonunda Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüşlə başlamışdı. Müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə etmişdilər.  Bu ilin martında isə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın  Türkiyəyə səfəri zamanı bu ölkənin də həmin formatda iştirak etmək arzusu ortaya qoyuldu.

Əslində, İranın bu formata “daxil olmaq” cəhdi boşuna deyil. Türkiyə və Suriya müdafiə nazirlərinin 11 ildən sonra ilk rəsmi təması kimi yadda qalan dekabr görüşündə regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyi müzakirə edilmişdi. Müzakirənin əsas predmetlərini isə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə məsələləri təşkil etmişdi. Bu format, yəni, danışıqların fərqli formatlarda davam etdirilməsi isə yaxın zamanda Orta Şərq regionu üçün də yeni nizamın formalaşdırılacağından xəbər verirdi. İran isə cidd-cəhdlə bu yeni nizamın formalaşması prosesində iştirak etmək istəyir - səbəb bəllidir:

- Suriyada fəaliyyət göstərən bəzi terror təşkilatları İranın himayəsi altındadır;

- İran yeni dövrdə özünün aqibəti üçün çox narahatdır;

-Daxili gərginlikləri azaltmaq üçün guya xarici müstəvidə “əməkdaşlıqları” gücləndirmək, mühüm danışıqlarda iştirakçı tərəf olması görüntüsü yaradılır.

Bütün bunları göz önünə aldıqda isə İranın özünün öz gələcəyi ilə bağlı heç də pozitiv fikirdə olmadığı aydın şəkildə ortaya çıxır.

Türkiyə-İsrail yaxınlaşması regionda yeni perspektivlər yaradıb

Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçildi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər, bu dövlətlər arasında əməkdaşlığın formalaşması ölkəmizin də marağındadır. Bu iki ölkə arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirəcək. İsrail - Türkiyə - Azərbaycan arasındakı əməkdaşlıq üçbucağı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaradır.

Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verər. İranın, Ermənistanın timsalında iqtisadi əməkdaşlıq platformalarının yaranmasına, regional təhlükəsizliyə nail olunmasına maneçilik törədən bəzi qüvvələrin bu yaxınlaşmadan narahatlıq keçirdiyi bəllidir.

Həmasın İsrailə hücumu - Tehran bu “olayın harasındadır”?

Əslində, son dövrlərdə İsrailin hədəfə alınması faktları da bununla əlaqədar ola bilər. Xatırladaq ki, bir müddət öncə İsrailə Həmas tərəfindən bombalar atılmışdı. Yeni yayılan xəbərə görə isə İsrailə Qəzza zolağından 44 raket atılıb. Onlardan bir qismi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulsa da, bir qismi yaşayış olmayan ərazilərə düşüb. Bunun cavabı olaraq İsrail də Qəzza zolağını raket atəşinə tutub. İsrail Qəzza şəhərinin qərbini, Həmasın dayaq nöqtələrini, Qəzzanın şimal-qərbindəki Safina bölgəsi ətrafındakı Həmasın dayaq nöqtələrini vurub.

Nəzərə alsaq ki, Həmas ilə İranın SEPAH qüvvələri arasında mühüm “əlaqələrin” olması sirr deyil, baş verənlər öz növbəsində rəsmi Tehranın regionda yaranan yeni nizamın formalaşması prosesində iştirak etmək arzularının “ifadəsi” kimi yozula bilər. Qeyd edildiyi kimi, regionda yeni iqtisadi çağırışlar meydana çıxıb. Bu çağırışlar isə yeni mərhələdə həm də yeni iqtisadi nizamı formalaşdıracaq. Hətta bu ərazinin “tranzit xətt”ə çevrilməsi İranın “nəfəsliyinin” bağlanması deməkdir:

- Avropa məhz Yaxın Orta Şərq - Türkiyə xətti ilə özünün yeni enerji təminatı marşurutunu müəyyənləşdirə bilər;

- Yaxın Orta Şərqin və Aralıq dənizi hövzəsi ölkələrinin birliyi İranı bu regionda da “ofsayd” vəziyyətinə salır - yeni iqtisadi nizamda Tehran çıxdaş olunur.

Bu siyahını uzatmaq olar. Bu gün Yaxın Şərq regionunun adıçəkilən xətt vasitəsilə dünya bazarına çıxış əldə etmək niyyətində olması sirr deyil. Bunun üçün isə Azərbaycan və Türkiyənin imkanlarından istifadə etmək onlar üçün ən mühüm prioritetlərdən sayılır. Beləliklə, Yaxın Orta Şərqdə, ən əsası isə Suriyada sabitliyin formalaşması özündə əhəmiyyətli nüansları birləşdirir.

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31