Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zəngəzur dəhlizi diqqət mərkəzindədir

Zəngəzur dəhlizi diqqət mərkəzindədir

21.06.2023 [10:16]

Yolun Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevriləcəyinə inam böyükdür

Son zamanlar Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan danışıqlarda mühüm fəallıq müşahidə edilməkdədir. Bir müddət  əvvəl Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupunun iclasında  tərəflərin mühüm irəliləyişlərin əldə etdiyi ilə bağlı xəbərlər də bu deyilənləri təsdiqləyir. Vurğulanmalıdır ki, məsələ beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Məsələn, bugünlərdə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhə alternativin olmaması hər kəsə məlumdur. Onun fikrincə, sülhə nail olmağın ən yaxşı yolu isə insanların qarşılıqlı əlaqəsi üçün imkanlar açmaq, ümumi yol çəkməkdir. Overçuk qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu görüş keçirib və bunun nəticəsində kompleks sənəd hazırlanıb: “Regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası ilə başlayacaq və bu, tərəflərin suverenliyinə hörmət əsasında əsas yanaşmaları müəyyənləşdirir. Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq”.

Overçuk vurğulayıb ki, Azərbaycan ölkənin qərb rayonları ilə Naxçıvan arasında ən qısa zamanda birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır. Eyni zamanda, xəttin Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevrilməsi perspektivi böyük qiymətləndirlir.

Azərbaycanın təşəbbüsü...

Bölgədə kommunikasiyaların açılması məsələsi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə daxil edilib. Beləliklə, Zəngəzur dəhlizinin açılması bu bəyanatın tələblərindən biridir. Həmin sənədin 9-cu bəndində bu məsələ öz əksini tapır - müddəada göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Beləliklə, Zəngəzur dəhlizində hərəkətin təmin edilməsi məhz razılaşmada öz əksini tapıb.

Ermənistan isə bu layihənin qarşısını almaq üçün indiyə qədər bir çox cəhdlər edib - lakin buna nail ola bilməyib. Çünki Ermənistan və İran istisna olmaqla həm region ölkələri, həm də digər dövlətlər bu layihənin ərsəyə çatmasında maraqlıdır. Qeyd edildiyi kimi, dünyanın aparıcı dövlətləri bu layihəni dəstəkləyir. Təsadüfi deyil ki, bu yaxınlarda Rusiyanın başnaziri Mixail Mişustin Soçidə ermənistanlı həmkarı Nikol Paşinyanla görüşü zamanı kommunikasiyaların açılmasının ümumilikdə, regionun bütün dövlətlərinin maraqlarına cavab verdiyini vurğulamışdı. O bildirmişdi ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün sistemli iş aparılır.

Ermənistan mane olmağa çalışır

Təssüfləndirici haldır ki, rəsmi İrəvanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe bu layihənin də reallaşmasını gecikdirir. Erməni tərəfi “dəhliz” sözündən qorxur, sanki bu faktı Ermənistanın varlığının sonu kimi qəbul edirlər. Halbuki, “dəhliz” termini beynəlxalq miqyasda işlədilən ifadədir. Bu ilin mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının toplantısında qonaq qismində iştirak edən Prezident İlham Əliyevin çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs etməsini Ermənistanın baş naziri Nikol Paşinyan nə qədər gülünc olsa da, ölkəsinə qarşı ərazi iddiası kimi “qiymətləndirmişdi”.  Lakin dövlətimizin başçısı İlham Əliyev onun fikirlərinin əsasız olduğunu vurğuladı: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər”.

Aydındır ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil.  Çünki regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ölkələr üçün böyük önəm kəsb edir. İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə vasitəçilik edən tərəflər hər zaman regionda kommunkasiyaların açılmasının vacibliyini xüsusi vurğulayıblar. Ən əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqazın lideri və qalib Azərbaycan yeni şəraitdə bölgə ilə bağlı şərtləri diqtə edir. Zəngəzur dəhlizinin açılması da məhz dövlətimizin irəli sürdüyü təşəbbüsdür - beynəlxalq birlik bu təşəbbüsü dəstəkləyir. Ona görə də, Ermənistanın başqa çıxış yolu qalmayıb.

Beynəlxalq birlik dəstəkləyir...

Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək - bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda, dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Dünyanın aparıcı dövlətləri və müvafiq beynəlxalq təşkilatlar da hesab edirlər ki, bu layihə Avropa ilə Asiya arasında ticarət əlaqələrini daha da genişləndirəcək. Hazırda dünyada baş verən mürəkkəb proseslər, xüsusilə Rusiya-Ukrayna müharibəsi bu ölkələrin ərazisindən gedən ticarət yolları üçün risk yaradır. Bu baxımdan, Zəngəzur dəhlizi təhlükəsiz marşrut kimi daha etibarlıdır. Digər tərəfdən, bu dəhliz Avropa ilə Asiya arasında məsafə baxımından daha yaxın və rentabelli olması ilə seçilir.

Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də mühüm faydalar vəd etməkdədir. Bu ölkə dəhliz vasitəsilə iqtisadi dividendlər qazanacaq. Eyni zamanda, Zəngəzur dəhlizi regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcək.

 Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31