Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Zərgəryanın “arzuları”...

Zərgəryanın “arzuları”...

29.07.2023 [10:45]

Rusiya sülhməramlılarının getmək vaxtı yaxınlaşdıqca...  

Ermənilər onları necə “saxlamağın” yollarını axtarırlar

Rusiya sülhməramlı kontingentinin Azərbaycan torpaqlarındakı fəaliyyət müddəti sona yaxınlaşdıqca, bu məsələ intensiv şəkildə gündəmə gəlməyə başlayıb. Xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs Sammiti zamanı çıxışında ilk beş illlik bitən kimi sülhməramlıların Azərbaycan torpağını tərk edəcəyi ilə bağlı qəti fikirləri məsələni fərqli prizmalardan müzakirə obyektinə çevirib. Türkiyə liderinin fikirləri üçtərəli Bəyanatın müddəalarına əsaslanır. Belə ki, həmin bəyanatda kontingentin beş illik fəaliyyət müddəti müəyyənləşdirilib. Kontingentin Azərbaycan torpaqlarını tərk etmə mexanizmi də orada öz əksini tapır.

Təbii ki, zaman daraldıqca bundan qorxuya düşənlər də tapılır. Məsələn, Ermənistan və ya separatçı rejimin ayrı-ayrı nümayəndələri dəfələrlə kontingentin  beynəlxalq status almasının “zərurəti”, hətta BMT mandatı ilə xidməti davam etdirməyin “vacibliyi” haqda fikirlər səsləndiriblər. İlk baxışdan qeyri-ciddi xarakterə malik olan bu kimi “bəyanatlar” heç bir hüquqi əsasa malik olmasa da, ermənilərin “arzularını” özündə əks etdirir.

BMT “mandatı”...

Məsələni yenidən gündəmə daşımaq “cəhdinə” bu dəfə “Sputnik Ermənistan”a müsahibəsində erməni tarixçi və keçmiş diplomat Ruben Zərgəryan əl atıb. O, Rusiya sülhməramlı kontingentinə beynəlxalq mandatın verilməsini nəinki mümkün, hətta zəruri hesab edir. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı əsasında Rusiya sülhməramlı kontingentinin statusu BMT-nin mandatı ilə daha güclü legitimlik qazana və Bakını “Dağlıq Qarabağa və Rusiya sülhməramlılarına qarşı təcavüz cəhdləri”ndən məhrum edə bilər. Zərgəryanın əsassız iddialarından biri də odur ki, BMT mandatı almış sülhməramlıların səlahiyyətlərinə statusla bağlı ərazidə referendumun keçirilməsini təmin etmək də daxildir. O, nümunə kimi, 1999-cu il avqustun 30-da Şərqi Timorda keçirilmiş referendumu göstərib. Zərgərayanın irəli sürdüyü və xəstə təxəyyülə əsaslanan bu kimi qeyri-ciddi iddialar əslində erməni ictimaiyyətinin ən böyük “arzusu” da sayıla bilər...

Bəyanata əməl etməyən Ermənistan...

Bununla belə, Zərgəryanın bu iddialarını fərqli rakurslardan da izah etmək mümkündür. Belə ki, Zərgəryan məxsus olduğu etnosun xüsusiyyətlərinə əsasən riyakarlığını və məkrli planlarını ən müxtəlif vasitələrlə dilə gətirməyə çalışır. İlk olaraq vurğulanmalıdır ki, sülhməramlı qüvvələr Azərbaycanın ərazisindədir və bu mənada kontingentin gələcək taleyi ilə bağlı veriləcək qərarın əsasında daha çox Azərbaycanın mövqeyi dayanacaq. Başqa sözlə, bu məsələ Azərbaycanın səlahiyyətində olan məsələdir. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatda bildirilir ki, sülhməramlı kontingentin qalma müddəti hər iki tərəfin razılığı ilə uzadıla bilər. Ermənistan öncə həmin Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir - müddəalarda vurğulanır ki, sülhməramlı qüvvələrin Azərbaycanın ərazisinə yerləşməsi ilə paralel şəkildə Ermənistanın silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməlidirlər. Amma indiyə qədər hələ də bu qüvvələrin tör-töküntüləri Azərbaycan torpaqlarında qalır. Bu səbəbdən də Ermənistan indidən sülhməramlıların vaxtının uzadılmasını, mandatının daha da gücləndirilməsini arzulayır.

Zərgəryanın bu “arzusu” həm də Rusiyanın “xoşuna gəlməkdən” qaynaqlanır. Belə bir fikrin dövriyyəyə atılması Ermənistanın sülh müqaviləsinə imza atmaqdan boyun qaçırdığını da deməyə əsas verir. Yəni, BMT mandatının verilməsi ilə sülhməramlı kontingentin Azərbaycan ərazilərində qeyri-müəyyən müddətə qədər qalmasına “nail olmaq” istəyən Ermənistan hazırki vəziyyəti maksimum uzatmaq üçün səy göstərdiyini etiraf etmiş olur. Zərgəryan unudur ki, Ermənistanın siyasi rəhbərliyi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bəyan edib və onun bu fikri Paşinyanın verdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

Qərblə düşmən olan Rusiyaya “BMT mandatı”nı kim verəcək?  

Eyni zamanda, Zərgəryanın bu “arzusu” parodoksal bir mənzərə formalaşdırır: ya, Zərgəryanın dünyadan xəbəri yoxdur, ya da... Rusiyanın Ukraynada apardığı müharibə bu gün nəinki Avropanı, bütövlükdə Qərbi Kremllə açıq düşmən edib. Bütövlükdə Qərb dünyası Rusiyaya qarşı 10-dan çox iqtisadi sanksiya tətbiq edib. Rusiya demək olar ki, real şəkildə dünyadan təcrid edilib və bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Ən əsası isə, dünyanın ən aparıcı siyasi analitikləri Rusiyanın NATO ilə qarşıdurmasına bir addımın qaldığı fikrindədirlər. Avropanın ən aparıcı təsisatları, BMT-nin insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumları Rusiyanı terroru himayə edən dövlət kimi tanıyır. Avropanın aparıcı dövlətləri Rusiyanı terror ölkəsi kimi tanımaqla bağlı qətnamələr qəbul edib. Belə olan halda, Rusiyanın regiondakı müvəqqəti silahlı kontingentinə “BMT sülhməramlısı” statusu “arzulamaq” nə dərəcədə məntiqlidir? Adını diplomat qoymuş Zərgəryanın siyasi fəhminin hansı vəziyyətdə olması bu məsələdə ortaya çıxır. Rusiya sülhməramlılarına “BMT mandatı” arzulamaq “xəyalpərəstliyin” kuliminasiya nöqtəsidir.

Ermənistan unutmamalıdır ki...

Təbii ki, bu arzuların haradan doğduğu bəllidir. Amma bu kimi iddiaları siyasi dövriyyəyə buraxmaqla nəyə nail olacağını düşünən zərgəryanlar unutmamalıdırlar  ki, Qarabağda qurulmasına çalışılan oyunların heç bir perspektivi yoxdur. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Ermənistan və ya onun qondarma qurumu unutmamalıdır ki, Azərbaycan dövləti 44 gün ərzində onların illərlə “ümid bağladığı” ordunu darmadağın etdi. “Dəmir yumruq” öz sözünü dedi və Ermənistan kapitulyasiyaya uğradı. Növbəti belə zərbə isə artıq nəinki qondarma qurumu sıradan çıxara, hətta Ermənistan üçün böyük faciələrə yol aça bilər.

PƏRVİZ

Paylaş:
Baxılıb: 574 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31