Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / FETÖ-nün terror əməllərinin izi ilə...

FETÖ-nün terror əməllərinin izi ilə...

01.08.2023 [10:20]

Terror, çox doğru olaraq, bəşəriyyətin,  insanlığın bəlası kimi səciyyələndirilir. Onun qanlı izlərinə dünyanın bütün nöqtələrində rast gəlmək mümkündür. Terrorun motivləri müxtəlif olur və adətən, belə əməllərin hədəfi kimi, tanınmış dövlət və ictimai xadimlər seçilirlər. Kütləvi terrorların baş verməsi də acı reallıqdır. Qəfil atılan xain güllələr, gözlənilməz bıçaq zərbələri, ən ağlasığmaz yerlərdə qoyulan minalar, partlayıcı maddələr minlərlə insanın həyatına son qoyub.

Bunlar açıq terrorlardır. Eyni zamanda, biz şəbəkələşmiş müxtəlif qurumların gizli terror əməllərinə əl atdıqlarının da şahidi oluruq. Belə hallarda gənclərin beyinlərinin yuyulmasına, milli ideologiyaların nüfuz edilməsinə, din pərdəsi altında zərərli təbliğatların aparılmasına və ilk baxışda gözə görünməyən bu kimi digər bədnam əməllərə rəvac verilir. Qurd ağacı içindən yeyir. Mənəvi terror da belədir - insanları, cəmiyyətləri özləri də hiss edib bilmədən yadlaşdırır, manqurta çevirir və bu terror növü daha təhlükəlidir. FETÖ-nün çirkin əlləri isə terrorun hər iki növünün qanına bulaşıb.

Din terror aləti kimi

FETÖ-nün təmsilçiləri özlərini “Gülənçilik”, “Gülən camaatı”, “Xidmət hərəkatı” kimi adlar altında dini-ideoloji cərəyan nümayəndələri kimi təqdim etsələr də, əslində bu cərəyanın və yaxud qurumun İslam dininə hansısa bir bağlılığı yoxdur. Söhbət yalnız müqəddəs İslam dəyərlərindən alət, çətir kimi istifadə etməklə çirkin məqsədlərin həyata keçirilməsindən gedir.  Qeyd edək ki, FETÖ Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında qardaş Türkiyənin İzmir şəhərində təşəkkül tapıb, sonradan gülənçilər fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlayıblar. Əslində, gülənçilər klassik nurçuluq içərisində meydana çıxsalar da, fərqli ideoloji və əməli fəaliyyət xətti tutublar. Təsadüfi deyildir ki, FETÖ-də cəmləşən neo-nurçular Səid Nursinin əsərlərindən daha çox “xoca əfəndi” adlandırdıqları Fətullah Gülənin kitablarını oxuyurlar. Əgər Səid Nursi “Nur mədrəsələri”, “Nur şagirdləri”, “Nur müridləri” ifadələrini tez-tez işlədirdisə, Fətullah Gülənin əsərlərində “İşıq evləri”, “İşıq süvariləri”, “Altun nəsil” kimi ifadələrə müraciət olunur və bu ifadələr xüsusi mənalandırılırlar.

Bütövlükdə, FETÖ-nün dinə bağlılığı yalnız zahiridir. Reallıq ondan ibarətdir ki, bu təşkilat bütünlüklə fərqli ideologiyaya və məqsədlərə malikdir. Fəaliyyət istiqamətlərini ümumiləşdirdikdə bəlli olur ki, bu qurum bütünlüklə siyasiləşib və okeanın o tayından gələn təlimatları həyata keçirməklə məşğuldur. Dini təhrif etməyə, məqsədlərinə uyğunlaşdırmağa çalışırlar. Klassik nurçuluq siyasətdən uzaq olsa da, gülənçilər siyasi məsələlərə müdaxilə etməkdən çəkinmirlər. Klassik nurçuluqda iyerarxiya yoxdur, gülənçilər isə ordu kimi nizam-intizamlı, təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər. Klassik din terroru qınayaraq onu inkar edir. İslamla azca tanışlığı olan hər kəsə məlumdur ki, bu dində, ümumiyyətlə, zorakılığa yer yoxdur. Məhəmməd peyğəmbərin (s) müharibə qanunlarına nəzər salsaq, müharibədə ələ keçirilmiş ərazilərdə qadınları, uşaqları, yaşlıları, xəstələri, din adamlarını, təslim olanları, heyvanları öldürməyi, ağacları kəsməyi, əsirlərlə pis rəftar etməyi, ibadət yerlərini dağıtmağı, meyitlərə ziyan vurmağı qadağan etdiyini görərik. FETÖ camaatına isə son məqsədə çatmaq üçün bütün vasitələrə əl atmaq, hətta öldürməkdən çəkinməmək təlimatları aşılanıb.  Bu da soyuq müharibədən sonra Qərbdə İslamın timsalında yeni bir düşmən obrazının yaradılması ilə bağlıdır. İslamofob dairələrin əlində alətə çevrilən FETÖ terror əməllərinə sövq edilməklə həm də müqəddəs dinimizin gözdən salınmasına xidmət etmiş olur. Əgər bir sıra qanlı terror əməllərinin altında FETÖ-nün imzası dayanırsa, bəlli dairələrdən  ötrü İslama qarşı hücuma keçmək, bu dinin daşıyıcılarını diskriminasiyaya məruz qoymaq üçün bundan yaxşı bir fürsət ola bilərmi? FETÖ üzvləri qaşımıza hicabsız və yaxud uzun saqqalsız da çıxa bilərlər. Ancaq bu zahiri əlamətlər  mahiyyəti dəyişmir. Dünyəvi insan təsəvvürü yaradan gülənçilərlə saqqallı və hicablı terrorçuların ideoloji baxışları, dünyagörüşü bir-birindən heç nə ilə fərqlənmir.

Dövlət terroruna cəhd

İslamofob dairələr tərəfindən istiqamətləndirilən və tamamilə siyasiləşmiş FETÖ-nün məqsədi radikal şəriət qanunları ilə idarə olunan dövlət qurmaqdır. FETÖ illər boyu Türkiyədə və bir sıra digər ölkələrdə paralel hökumətlər, dövlət içində dövlət qurmağa doğru irəliləyib. Gülənçilər bunu öz aralarında “demokratik yolla hakimiyyətə gəlmək” formulu kimi də dəyərləndirirlər. Əvvəlcə qeyri-hökumət təsisatları vasitəsilə cəmiyyətlərdə tərəfdaşların sayı artırılır. Sonra həmin tərəfdaşların müxtəlif idarəetmə strukturlarında vəzifə piramidalarında yüksəlişi təmin edilir.  Bunu biz Türkiyənin timsalında da izlədik. Qadaş ölkədə gülən camaatının dövlətə nüfuz etməsi o həddə çatmışdı ki, hətta FETÖ təmsilçiləri orduda da özlərinə yer edərək şəbəkələşmişdilər. Şoranlıq ərazilərdə qrunt suları qəfil üzə çıxdığı kimi, Türkiyədə də gülənçilər dövlət hakimiyyətində elə üzə çıxacaq və hakimiyyəti ələ aldıqlarını bəyan edəcəkdilər.

Türkiyədə 2016-cı il iyulun 15-dən 16-na keçən gecə baş verən təlatümlü hadisələr gülənçilərin dövlət terroru idi. Orduda yerləşdirilmiş gülənçilər və FETÖ-yə bağlı olan qüvvələr legitim hakimiyyəti hərbi yolla ələ keçirmək məqsədi güdürdülər. Əslində, FETÖ-nün əli ilə törədilən bu hadisələrin ssenarisi yenə də imperialist güc mərkəzlərinin mətbəxində hazırlanmışdı. Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyətləri və onun rəhbərliyi ilə Türkiyənin özünün milli maraqlarını qətiyyətlə qoruması, ədalət prinsipinin hər yerdə bərqərar olmasına güclü səy göstərməsi təkqütblü dünya formalaşdırmağa çalışan imperialist güc mərkəzlərini qane etmir. Həmin güc mərkəzləri qardaş ölkənin bu və digər uğularını sinirə bilmirlər. Qarşılarında sözəbaxan, idarəolunan Türkiyə görmək istəyən həmin qüvvələr Türkiyəni inkişafdan, demokratiyadan geri döndərmək üçün müxtəlif planlar qurur, ssenarilər hazırlayırlar. Lakin FETÖ və digər satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları 15 iyul 2016-cı il tarixində növbəti dəfə iflasa uğradı.  Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında FETÖ, ona himayədarlıq edən qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.

İdeologiyalara, təhsilə nüfuz

FETÖ-nün fəaliyyətində dövlətlərin ideoloji əsaslarına, o cümlədən də təhsilə nüfuz edilməsi xətti xüsusi yer tutur. Hər bir ölkə və dövlət üçün gənclər strateji önəm daşıyır. Bunu nəzərə alan FETÖ-də məhz gənclər arasında dayaqlar qurmağa böyük önəm verir. FETÖ müxtəlif ölkələrdə liseylər, hazırlıq kursları açıb. Bu təhsil müəssisələrində yeniyetmələr, gənclər həvəsləndirilərək gülənçilik ideologiyasına yönləndirilirlər. Onların beyinləri yuyulur və tanımadıqları təşkilat rəhbəri üçün “həyatlarını fəda etməyə” hazır vəziyyətə gətirilirlər. Belə gənclərin təhsil müəssisələrində, xüsusilə də ali hərbi məktəblərdə uğurları təmin olunur. 15 iyul hadisələrinin istintaqı zamanı bununla bağlı çoxsaylı müdhiş faktlar aşkarlanıb. Belə ki, qardaş ölkədə rəsmi olaraq terror təşkilatı elan edilən Fətullahçı Terror Təşkilatına qarşı aparılan istintaq çərçivəsində vaxtilə təşkilatda məsul vəzifələr daşıyan və məhkəmə prosesində qanunvericiliyin peşmançılıq müddəalarından yararlanan təşkilat üzvləri dövlət qurumlarına, təhsil müəssisələrinə, orduya FETÖ-nün hansı yolla adamlarını yerləşdirməsi ilə əlaqədar diqqətçəkici etiraflar ediblər. Məsələn, etirafçı zabit lisey imtahanı verməzdən əvvəl hərbi liseydə oxumaq istədiyi barədə soruşulduğunu və təklifi qəbul etdiyini, hərbi məktəbə qəbul imtahanının suallarının necə verildiyini danışıb: “Təklifi verən abi mənə forma və blanklar gətirdi. Onları doldurarkən, cərəyana nə qədər bağlı olduğumu sübut etmək üçün məni sınaqdan keçirdilər. Abi mənə dedi: “Xoca əfəndini (Fətullah Güləni) qorumaq üçün bir qumbara varsa, onun qoruyucusunu çəkərsənmi? Sən Xoca əfəndi üçün özünü qurban verərsənmi?”, - deyə soruşdu. “Bəli” dedim. Daha sonra formaları doldurduq. Ailəm də etiraz etmədən blankları doldurdu. Blankları axşam abiyə verdim, götürdü və çatdırdı. Onu hara apardığını bilmirdim. 1994-cü ildə Kuleli Hərbi Liseyinə imtahan verməmişdən iki gün əvvəl qardaşlar imtahanda olacaq 50 sualı mənə gətirdilər: “Sualları həll elə, cavabını yadda saxla”, - dedilər. İmtahanda suallar abilərin gətirdiyi suallarla eyni idi. İmtahandan müsabiqəsiz daxil olmaq üçün yetərli olan yüksək bal topladım. Abilər məni təbrik etdilər və iki həftədə bir dəfə evə mülki geyimdə gəlib-getməyimin mümkünlüyünü dedilər”.

Başqa bir etirafçının tibbi arayışlala bağlı açıqlamaları da diqqət çəkir. O, Dəniz Hərbi Məktəbinə daxil olan şagirdlərin tibb idarəsindən sağlamlıq arayışı alan zaman təşkilat üzvlərinin bir-birlərini tanıması üçün istifadə etdiyi üsulu açıqlayıb: “Təşkilat üzvü olan kursantların tibb idarəsində xidmət edən FETÖ-yə üzv olan həkimlər tərəfindən tanınmasını asanlaşdırmaq üçün sağlamlıq arayışının yuxarı sağ hissəsində nöqtə qoyulurdu. Bu şəkildə təşkilata üzv kursantların tibbi yoxlamadan keçməsi təmin edilirdi. Sağlamlıq arayışı almağa gedən kursantların bu yolla sənədlərinə qeyd etmək üçün bir təlimat verilirdi”.

Belə misalların sayı-hesabı yoxdur. Gülənçi gənclərin təhsildə sıçrayışlı yüksəlişini təmin etməklə FETÖ əslində ən qatı terror əməli - mənəvi terror törədirdi. Gənclərin beyni o qədər yuyulurdu ki, onlar rəsmi instansiyaların məcburi tələblərini deyil, gülənçilərdən gələn təlimatları yerinə yetirməyə üstünlük verirdilər.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31