Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Moskva qatarından düşən Ermənistan...

Moskva qatarından düşən Ermənistan...

04.08.2023 [11:40]

Növbəti “stansiya” Paris

Rusiya İrəvanın Qərbə “inteqrasiyası”nın səbəblərini açıqladı

Hər zaman korporativ maraqlarının əsirinə çevrilmiş Ermənistan növbəti dəfə keçmiş müttəfiqi Rusiyayanın bostanına “daş” atıb. Artıq aylardır ki, davam edən Rusiya-Ermənistan söz dueli yenilənib - bu dəfə də özünü qərbpərəst kimi qələmə verməyə çalışan Ermənistan müttəfiqini əməlli-başlı qəzəbləndirib. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Euronews” telekanalına müsahibəsində Rusiyanın regiondakı təsirinin get-gedə azaldığını bildirib və fikirlərində daha çox Qərbin bölgəyə tansformasiyasının tərəfdarı kimi çıxış edib. O, hətta Avropa İttifaqının monitorinq missiyasının daha da genişləndirilməsinin və səlahiyyətlərinin fərqli rakurslarda artırılmasının da tərəfdarı kimi çıxış edib. Bundan əvvəl də Ermənistanın siyasi rəhbərliyinin regiona BMT sülhməramlıları “arzulaması” fonunda Paşinyanın Rusiya haqqındakı fikirləri Kremldə birmənalı qarşılanmayıb.

Moskvadan Paşinyana “ultimatum”...

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Paşinyanın Qarabağdakı rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsinin tərəfdarı olduğu sözlərini şərh edərkən bildirib ki, Moskva xüsusilə hazırkı son dərəcə “ağır humanitar” vəziyyət fonunda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması haqqında mümkün arqumentləri anlaşılmaz hesab edir. Üstəlik, Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra Moskvanın kifayət qədər səy göstərməməsi ilə bağlı iddiaları ikiqat yersizdir: “Bizim sülhməramlılarımız mühüm funksiyaları yerinə yetirirlər. Buraya əsirlərin mübadiləsi, minaların təmizlənməsi, insidentlərin tənzimlənməsi və humanitar yardımın göstərilməsi daxildir. Doğrudanmı bu fəaliyyət Ermənistan rəhbərliyi üçün lazımsızdır, arzuolunmazdır və onların getməsini istəyirlər. Necəsə, qərar vermək lazımdır”.

Zaxarova vurğulayıb ki, Ermənistan rəhbərliyinin nümayəndələri bir sıra əsas məsələlərdə tez-tez qeyri-müəyyən mövqe tuturlar: “Moskva sülhməramlıların fəaliyyətində qeyri-müəyyənliyin olmasını istəyir. Sözlərlə hoqqabazlıq yaxşılığa aparmır. Ən yüksək səviyyədə Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə töhfəsi dəfələrlə qeyd edilib və vəziyyətin normallaşdırılması üçün onun fəaliyyət göstərməsi tələbi vurğulanıb. Bütün bunları şübhə altına almaq cəhdləri yalnız suallar doğurur”.

İrəvanın “qara niyyəti”...

Beləliklə, Paşinyanın növbəti siyasi manipulyasiya cəhdi də işə yaramadı, tam əksinə, erməni baş nazir özünün xəyanət planlarını ifşa etmiş oldu. Təbii ki, Paşinyanın Aİ monitorinq missiyasına “yatırım” etməsinin özəl səbəbləri mövcuddur;

- Ermənistan bununla Fransanın regiona təsir mexanizmini formalaşdırmağa çalışır;

- Müsahibəsindəki fikirlərində daha çox Fransanın iştrak etdiyi danışıqlar raunduna istinad etməklə Parisi prosesin tərkib hissəsi kimi qələmə verməyə niyyətlənir;

- Fransanın, Makronun kölgəsində Avropanın “tərkib hissəsi” kimi çıxış etməyə cəhd göstərir.

Bütün bunlar isə nəticə etibarı ilə Aİ-nin vasitəçiliyi ilə aparılan Brüssel sülh prosesində müəyyən güzəştlər qazanmaq üçün oynanılan oyundur. Bu ilin əvvəlindən Ermənistana yerləşən Aİ monitorinq missiyasının daha çox hərbi kontingent  təsiri bağışladığı, Ermənistana gələn qrupların daha çox kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olması, hətta kəşfiyyat istiqamətli aparatların və yeni texnikaların regiona gətirilməsi Rusiyanın diqqətindən yayınmayıb. Sadəcə olaraq, Rusiya hələ də Ermənistanın yalançı Qərb görüntüsündən çıxaraq yenidən Moskvanın nəzarətinə qayıdacağı günü səbrlə gözləməkdədir.

Rusiya əleyhinə təbliğatın gücləndirilməsi...

Zaxarovanın öz ritorikasında Ermənistana qarşı kifayət qədər sərt sözlər seçməsi də təsadüfi deyil. Onsuz da aylardır ki, Rusiya Ermənistanın KTMT ilə bağlı “şıltaqlığına” səbr edir, dözür. Xatırladaq ki, ötən ilin sonundan etibarən KTMT-dən çıxacağı ilə bağlı fikirlər səsləndirən Ermənistan bu üsulla Rusiyanı sanki şantaj edir. Son olaraq Minskdə keçirilmiş Sammitə qarşı hörmətsizlik nümayiş etdirməsi, müdafiə naziri statusunda tədbirdə iştirak etməməsi isə Ermənistanın limitini sona çatdırır. Eyni zamanda, aylardır ki, Ermənistan daxilində Rusiya əleyhinə, sülhməramlılar əleyhinə təbliğatın gücləndirilməsi də qarşıdurmanı körükləyir. Qeyd edək ki, Ermənistan Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı yaranan situasiyanın “günahını” Rusiya sülhməramlılarının “ayağına yazır”. Onların məntiqincə, Rusiya kontingenti bütün beynəlxalq hüquqları tapdayaraq Azərbaycanla açıq hərbi qarşıdurmaya girməlidir. Amma düşünmürlər ki, artıq heç kim onların yerinə döyüşmək fikrində deyil. Ən azından beynəlxalq hüquqa qarşı hörmətsizlik indiki məqamda olduqca ağır nəticələr vəd edir. Nəinki Rusiya, hətta Qərb, konkret Fransa belə Azərbaycana qarşı hər hansı bir prosedurun başladılmasına nail ola bilmir...

Fransanın patronajlığı İrəvana nə vəd edir?

Təbii ki, Rusiyanın Ermənistanla bağlı ən mühüm arxayınlığı Gümrüdəki 102-ci hərbi bazadır. Əslində, Ermənistanı və Qərbi də daha çox narahat edən amil məhz budur. Artıq aylardır ki, bu bazanın Ermənistandan çıxarılması üçün bir sıra etiraz aksiyalarının keçirilməsi, hətta bununla bağlı “hərəkatın” başladılması belə işə yaramayıb. Rusiya bütün hallarda özünün Ermənistandakı hərbi varlığını sona çatdırmayacağını açıq dillə səsləndirib. Bu isə nəticədə Ermənistanın KTMT-dən tam imtinasına da mane olur. Rusiyanı qıcıqlandıran Ermənistanın ona qarşı açıq xəyanət yolunu tutmasıdır. Dünənə qədər bütövlükdə, hərbi arsenalını, hətta dövlət büdcəsinin mühüm hissəsini belə Rusiyanın hesabına formalaşdıran Ermənistanın bu gün Qərbin, daha konkret olsaq, Fransanın patronajlığına girmək uğrunda mübarizəsi birmənalı qarşılanmır. İndiki halda Fransadan havayı silah-sursat almaq üçün Rusiyaya arxa çevirən İrəvan özünə mühüm problemlər formalaşdırır. Hər halda, Rusiyanın reaksiyası bunu təsdiqləyir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 558 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31