Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülhə səs veririk!

Sülhə səs veririk!

09.08.2023 [10:00]

İrəvan müharibəni seçirsə...

Azərbaycan bu kimi halların qarşısını almaq iqtidarındadır

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh məsələsi artıq bir neçə aydır ki, aktiv müzakirə mərhələsini yaşamaqdadır.  Həm ABŞ-ın təklifi ilə baş tutan görüşlər, həm Aİ-nin vasitəçiliyi ilə keçirilən rəsmi və qeyri-rəsmi toplantılar, həm də Moskvanın moderatorluğu ilə reallaşan təmaslar müəyyən mənada uzlaşmanın əldə oluna biləcəyinə ümidlər yaradır. Azərbaycanın ərazi bütövlüyünün detallı şəkildə tanınması kimi bəzi detallar isə proseslə bağlı müəyyən stimullaşdırıcı amil kimi çıxış edir - amma, Ermənistanın qeyri-müəyyən mövqeyi, manipulyasiya cəhdləri həm də çaşqınlıq yaradır. Hətta bəzən elə məqamlar olur ki, Ermənistanın siyasi rəhbərliyinin apardığı siyasət birmənalı şəkildə sülhlə uzlaşmır - tam əksinə, regionun təhdid altında saxlanmasına xidmət göstərir ki, bu da yolverilməzdir. Məsələn, 10 noyabr üçtərəfli Bəyanatının bir sıra maddələrinin icra edilməməsi bu misal göstərilə bilər - Ermənistanın silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib və bu fakt mütəmadi təxribatlarla müşayət olunur. Həmin silahşlı birləşmələr əllərinə fürsət düşən kimi, yeni silahlı təxribatlar törətməyə çalışır, qarşılıqlı etimad mühitinin yaranmasına mane olur. İndiki halda, isə həmin separatçı dəstələrin başçısı Araik Artyunyanın son bəyanatları silahlı qarşıdurmanın “kandarda” olduğunu deməyə əsas verir.

Paşinyan nə istəyir - sülh, yoxsa...

Sirr deyil ki, bəzi ölkələrin Ermənistanı aktiv silahlandırması ilə bağlı informasiyalar yayılmaqdadır. Fransa, Hindistan və digər dövlətlərin bu işdə daha çox fəallıq nümayiş etdirməsi isə rəsmi şəkildə təsdiqini tapır - bu, regionda sülh arxitekturasının formalaşmasına mühüm təhdidlər yaradır. Sülhdən danışan, danışıqlar prosesinin inkişafında maraqlı olduğunu söyləyən Ermənistanın indiki halda silah almaq zərurəti haradan yaranır? Sosial problemlərin girdabında boğulan məğlub dövlətin indiki zamanda silah almağa pul xərcləməsi nə qədər məntiqlidir? Ortaya bir reallıq çıxır - Ermənistan danışıqlar prosesini manipulyasiya edir, yeni müharibəyə hazırlaşır. Azərbaycan hər zaman sülhün və əmin-amanlığın tərəfdarı kimi çıxış etsə də, bu kimi halların qarşısını almaq iqtidarındadır.

Bəzi siyasi təhlilçilər son dövrlərdə Paşinyanın ritorikasında dəyişikliklərin müşahidə olunmasını onun siyasi dəstəyinin azalması ilə əlaqələndirirlər. Məsələn, “Gallup” bu yaxınlarda Ermənistanda növbəti sorğu keçirib və nəticə baş nazir Nikol Paşinyan üçün ürəkaçan deyil. “Gallup”a görə, respondentlərin yalnız 13,3%-i hakim partiyaya səs verməyə hazırdır. Müxalifətçi “Ermənistan” 3,8%, “Çiçəklənən Ermənistan” 1,8%, “Şərəf duyuram” bloku isə 1,5% səsə ümid edə bilər. Respondentlərin 0,8%-i “Daşnaksütyun”a, 0,4%-i Erməni Milli Konqresi və “Sasna Tsrer”ə səs verməyə hazır olduğunu bildirib (Müxalifətə üst-üstə 8% səs). Sorğu habelə müəyyən edib ki, vətəndaşların 67%-dən çoxu N.Paşinyana etibar etmir. Demək ki, Paşinyan nüfuzunu nitqində daha “radikal” sözlər seçməklə kompensasiya etməyə çalışır - bu isə səhv yoldur. Erməni baş nazir yeni müharibə “axtarışına” çıxmaqdansa sülhə imza atmalıdır. Bu addım isə  Ermənistana sülhlə yanaşı, firavanlıq, rifah vəd edir. Beləliklə, Paşinyan itmiş nüfuzunu müharibə ritorikası ilə yox, sülh qətiyyəti ilə bərpa edə bilər.

Arutyunyan bilməlidir ki...

Yeri gəlmişkən, sosial şəbəkələrin bəzi erməni seqmentlərində də adıçəkilən silahlı tör-töküntünün guya fəallaşmaq niyyətində olması ilə bağlı da xəbərlər gözə dəyir. Araik Arutyunyanın son müsahibəsi, bəzi xarici güclərə mesajlar ünvanlaması ortadadır. Təbii ki, bu kimi hallar Azərbaycanın maraqlarına uyğun deyil və yenidən antiterror məsələsini aktuallışdırır. Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - Qarabağ Azərbaycan torpağıdır və orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Sadəcə, sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq bu hüquqa malikdir. Və ən əsası Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran isə mühüm səbəbələr mövcuddur. Məsələn, Ermənistan ard-arda bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını bəyan etsə də, bunu əməldə göstərmir - Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdakı oyuncaq “parlament”in yeni “seçilmiş” “sədri”ni - daşnak David İşxanyanı təbrik edib. Erməni mediasının yazdığına görə, telefon zəngi təşəbbüsü Simonyandan gəlib. Demək ki, Ermənistan siyasi spekulyasiya edir - dildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əməldə isə separatizmi dəstəkləyir. Bu isə İrəvanın da qeyri-səmimiliyinin göstəricisi sayıla bilər.

Azərbaycan sabitləşdirici faktordur

Qeyd edək ki, Ermənistan ilə keçirilən görüşlərin davamlı xarakter daşıması üçün vasitəçi tərəflərin səyləri göz önündədir - hətta moderatorluq edən ölkələr və təşkilatlar bəzi beynəlxalq tədbirlər çərçivəsində belə iki ölkə rəsmilərinin görüşlərini təşkil etməyə çalışır, müəyyən müzakirələrin aparılmasına nail olmaq istəyir. Bütün müzakirələrdə isə bir fakt xüsusi olaraq qırmızı xətlə keçir - 2020-ci ildə baş vemiş Vətən müharibəsində qazanılan qələbə istər regional, istərsə də qlobal miqyasda mühüm nəticələrə yol açıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən Azərbaycan bölgədə tənzimləyici rolu üstlənib. Eyni zamanda, regionla bağlı verilən qərarlarda mütləq şəkildə Azərbaycanın milli maraqları nəzərə alınır. Bu fakt vasitəçilər tərəfindən də xüsusi vurğulanır. Bu mənada, Azərbaycan regionda davamlı sülhün təmini istiqamətində öz mövqeyini qəti şəkildə ortaya qoyub - sülh müqaviləsi Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşdırılmalıdır.

Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də bildirib ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh sazişi əlçatandır.”Sülhə nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq”- deyə, o bildirib. Miller xatırladıb ki, ötən həftə Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə saxlayıb.

Biz yeni müharibə istəmirik...

Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır - Ermənistan özünün əsassız iddialarından əl çəkməli və sülhə razılaşmalıdır -  Sülh prosesinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda, Azərbaycan yenidən öz hüququndan istifadə etməli olacaq. Azərbaycanın mövqeyi istər Ermənistan üçün, istərsə də vasitəçi tərəflər üçün aydındır. Bu ölkənin mövqe(sizli)yi ona baha başa gələ bilər. Onlar Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31