Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Piramida” dağılır...

“Piramida” dağılır...

10.08.2023 [10:57]

FETÖ Fransanı əvəz edir

Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, istər siyasi, istərsə də iqtisadi platformada qazanılan nailiyyətlər ölkəmizi yerləşdiyi regionun lider dövlətinə çevirib. Bu fakt 44 günlük Vətən müharibəsində növbəti dəfə təsdiq olundu. Məhz müharibədən sonrakı dövrdə Azərbaycanın gücündən, qüvvətindən, regional güc mərkəzi statusu qazanmasından narahatlıq keçirən mərkəzlər ölkəmizə qarşı şər-böhtan kampaniyaları təşkil edir, min bir yolla qazanılmış qələbələrə ləkə yaxmağa çalışır, ölkə daxilindəki stabilliyə xələl yetirmək istəyir. Fransanın timsalında ermənipərəst dövlətlərin və təşkilatların ölkəmizə qarşı qlobal müstəvidə apardığı “mübarizə” isə effektivsizliyi ilə seçildi. Bütün meydanlarda məğlub olan anti-milli mərkəzlər yeni metodlara əl atmaqdan çəkinmirlər.

Şəbəkə sisteminin zəncirləri...

Bu istiqamətdə son dövrlərdə FETÖ terror qruplaşmasının cəhdləri açıq-aydın seçilməkdədir. Bu terror təşkilatının məram və məqsədləri sirr deyil - Anti-milli dairələr tərəfindən istiqamətləndirilən və tamamilə siyasiləşmiş FETÖ-nün məqsədi radikal şəriət qanunları ilə idarə olunan dövlət qurmaqdır. FETÖ illər boyu Türkiyədə və bir sıra digər ölkələrdə paralel hökumətlər, dövlət içində dövlət qurmağa doğru irəliləyib. Təşkilat üzvləri bunu “demokratik yolla hakimiyyətə gəlmək” formulu kimi də qələmə versələr də, onların fəaliyyəti birbaşa milli maraqlara qarşı olub. Onların fəaliyyət mexanizmi isə əvvəlcə qeyri-hökumət təsisatlarının qurulması, inkişaf etdirilməsi, daha çox tədris-təlim proqramları çərçivəsində işlərin görülməsi ilə məşhurdur. “Piramida sistemi” ilə idarə edilən təşkilat son illərə qədər bir çox ərazilərdə mühüm “nöqtələr” yarada bilmişdi. Üzvləri isə müxtəlif idarəetmə strukturlarında vəzifələrdə təmsil olunurdu - bunu Türkiyənin timsalında da görmüşük. Təşkilat Türkiyədə şəbəkələşərək qeyri-qanuni əməllərə əl atmışdı. 2016-cı ilin 15 iyulunda isə dövlət çevrilişinə cəhd edən terror təşkilatı özünün əsl simasını göstərdi...

FETÖ-yə qarşı qətiyyətli addımlar...

Qeyd edildiyi kimi, son dövrlərdə Azərbycana qarşı aparılan çirkin kampaniyaların altında məhz FETÖ qruplaşması “boy göstərir”. Təsadüfi deyil ki, bir müddət öncə ölkəmizdə qruplaşmanın bəzi üzvləri iə bağlı əməliyyat keçirilib - FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. FETÖ üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib. Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istiqamətində addımlar atdıqları müəyyən edilib. FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib. Başlanmış cinayət işi əsasında bildirilib ki, hərəkatın digər üzvlərinin də müəyyən edilərək tutulması istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Rəsmi Bakı ilə Ankaranın vahid konsepsiyadan çıxış etməsi...

Təbii ki, FETÖ qruplaşmasının son dövrlərdəki “fəallığı”nın da bir sıra səbəbləri var. İstər Türkiyə, istərsə də Azərbaycan bu terror şəbəkəsinə qarşı mühüm qətiyyət nümayiş etdirir, onların ifşa olunaraq cəzalarına çatmasını təmin edir. Təsadüfi deyil ki, ötən ayın 15-də Cakartada səfərdə olan zaman Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, dünyanı FETÖ-yə dar etməyə davam edəcəyik. Fidan vurğulamışdı ki, bütün qurumlarımızla koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik: “FETÖ ilə mübarizəni milli təhlükəsizliyimizin ən mühüm məsələlərindən biri kimi görürdük. Onlar Türkiyə düşmənlərinə xidmət edən çirkin siyasi məqsədləri üçün xalqımızın tarixindən doğan bütün müqəddəs dəyərlərdən amansızcasına sui-istifadə etdilər. Onların əsl üzünü görənlərə qarşı hər cür sui-qəsdlər qururlar. 7 Fevral MİT yük maşınları və 17-25 dekabr əməliyyatları ilə prezidentimizi və dövlətimizi ram etməyə çalışdılar. Və nəhayət, iyulun 15-də onlar son addımlarını atdılar”, - H.Fidan vurğulayıb.

Görülən tədbirlər isə uğurla davam etdirilir. Rəsmi Bakı ilə Ankaranın bütün müstəvilərdə olduğu kimi terrora qarşı mübarizə kontekstində də vahid konsepsiyadan çıxış etməsi antimilli dairələri narahat etməkdədir. Bu səbəbdəndir ki, həmin dairələr son dövrlərdə bu iki ölkəyə qarşı kampaniyaları daha da gücləndirir, təzyiqləri artırmağa çalışır.

FETÖ virusu ilə mübarizəni davam etdirəcəyik

Amma onların bütün cəhdləri fiaskoya məhkumdur. Həm Azərbaycan, həm də Türkiyə ölkə daxilində sabitliyə xələl gətirmək istəyən bütün qüvvələri zərərsizləşdirmək iqtidarındadır. Bir neçə gün öncə Ankarada baş tutan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında Türkiyə lideri FETÖ məsələsinə də toxunub. Terrorçu FETÖ qruplaşması ilə bağlı fikirlərini bölüşən Prezident Ərdoğan bildirib ki, Türkiyə FETÖ virusundan təmizlənənədək onunla mübarizəni davam etdirəcəyik.

Görünən dağa bələdçi lazım olmadığı kimi, “insan hüquqları və azadlıqları”, “qanun aliliyi” kimi pafoslu sözləri dilində əzbər edən, əməlində isə bunun əksini ortaya qoyan, açıq şəkildə şəxsi maraqlara xidmət göstərən, erməni dəyirmanının “suyu” funksiyasını yerinə yetirən belə təşkilatların fəaliyyət mexanizmi dəyişmir. Ölkələrimizə qarşı məkrli planlar həyata keçirməyə çalışan həmin anti-milli mərkəzlər çirkin niyyətləri ifşa olan kimi ucuz və anti-demkoratik ruha malik “bəyanatlar” verir və heç bir hüquqi əsası olmayan “qətnamələr” qəbul etdirməyə çalışaraq onların kölgəsinə sığınmağa niyyətlənir. Amma artıq bu da effekt vermir. Onların yalanları ayaq belə tutmur...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 648 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31