Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vətən sərhəddən başlayır...

Vətən sərhəddən başlayır...

18.08.2023 [10:00]

104 yaşlı DSX

“Sərhəd” anlayışı hər bir xalq üçün müqəddəs və əzizdir. Ona görə müqəddəsdir ki, sərhədlər aid olduğu ölkənin müstəqilliyinin hökm sürdüyü ərazinin bütövlüyünü və toxunulmazlığını bildirir. Ona görə müqəddəsdir ki, bu ərazinin sərhədləndiyi yer hər birimizin doğulub boya-başa çatdığımız Vətən torpaqlarıdır.

Deyirlər ki, dövlətin günü əsgərin mühafizəsi ilə keçir. Azərbaycan əsgəri Vətənin havasını qoruyur ki, udmağa nəfəsi olsun, suyunu qoruyur ki, damarlarında qanı olsun, torpağını qoruyur ki, üzərində gəzməyə haqqı olsun. Vətən keşikçiləri doğulub boya-başa çatdıqları yurdu qorumaqla onun gerbinə, bayrağına, himnindəki misralarına çevrilə bilir. Yəni Azərbaycan əsgəri dövlətinin sərhədlərinin etibarlı müdafiəsini təşkil etməklə müstəqillik rəmzlərinin də qoruyucusuna çevrilir. Beləliklə, hər bir vətəndaş sərhəddəki, səngərdəki, döyüş növbəsindəki əsgərə söykənir.

Sərhəd Qoşunlarımızın keçdiyi tarixi yol

Bu gün Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramıdır. Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövrünə, 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılıb, digər istiqamətlərdə də bənzər məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokratik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Bundan sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilib. Lakin 1920-ci ildə AXC süqut etdiyindən sərhəd mühafizəsinin formalaşması prosesi yarımçıq qaldı.

90-cı illərin əvvəlində tarixinin ən ağır günlərini yaşayan Azərbaycan ermənilərin işğalçı siyasəti nəticəsində torpaqlarının 20 faizini itirdi. 30 ilə yaxın müddətdə 132 kilometrlik İran-Azərbaycan sərhədini nəzarətdə saxlayan Ermənistan bu illər ərzində həmin əraziləri “boz zona” kimi istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olub.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra isə qonşu dövlətlərlə sərhədlərini daha da mökhkəmləndirdi. Azərbaycan Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Xəzər dənizi vasitəsilə isə Türkmənistan və Qazaxıstanla sərhədləri var.

Üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-n?n təşkilinə qədər bütün proseslər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının çox ağır, çətin və mürəkkəb dövründə ordu quruculuğu sahəsində də böyük işlər görməyə nail oldu. Təsadüfi deyil ki, o, Ali Məclisin sədri seçildikdən cəmi üç gün sonra, 1991-ci ilin sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi yaradılması barədə qərar verdi. Belə bir qərar qəbul etməklə uzaqgörən sərkərdə Azərbaycanın ilk peşəkar, vahid rəhbərliyə tabe olan Milli Ordusunun əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə Milli Müdafiə Komitəsinin statusu, strukturu, təşkili haqqında qanunvericilik bazası yaradıldı. Fəaliyyət istiqamətləri müəyyənləşdirildi və Naxçıvandakı sovet hərbi hissələrinin milliləşdirilməsi prosesinə başlanıldı. Bu proses çox çətin şəraitdə başlasa da, incə siyasətlə və böyük məharətlə həyata keçirilirdi. Şəraiti çətinləşdirən amillərdən biri də bu idi ki, o zaman respublikaya rəhbərlik edənlər ölkənin maraqlarını qorumağa qadir deyildilər. Buna görə də Ulu Öndər Naxçıvanda bütün Azərbaycanın mənafelərini qorumaq üçün müstəqil qərarlar qəbul etmək məcburiyyətində idi. O vaxt qəbul edilmiş həmin müstəqil qərarlar sonralar müstəqillik tariximizin şanlı səhifələri kimi qürur mənbəyinə çevrildi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvan ərazisində yerləşən hərbi hissələrin texnika və hərbi əmlakı heç bir şərt qoyulmadan xalqımızın ixtiyarına verildi. Beləliklə, sovet sərhədçiləri Naxçıvandan yola salındı.

İlk andiçmə mərasimi

1992-ci ilin oktyabr ayının 18-də Naxçıvan Sərhəd Dəstəsində gənc əsgərlərin andiçmə mərasimi keçirildi. Bu andiçmə Azərbaycan Respublikasının milli sərhədçilərinin ilk andiçmə mərasimi idi. Andiçmə mərasimində iştirak edən Ulu Öndər sərhədçiləri təbrik edərək, bu sözləri dedi: “Siz müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığını, respublikamızın ərazi bütövlüyünü təmin edən sərhəd qoşunlarının sıralarında xidmət etməyə başlayırsınız. Siz indi müstəqil Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək andı içdiniz. Bu and müqəddəs anddır. Azərbaycan xalqının son 70 ildə xidmətə gedən oğulları daim sovet ordusuna, sovet dövlətinə sədaqətlə xidmət edəcəklərinə and içərdilər. Bu, o dövrün xarakterik cəhəti idi. İndi isə bizim üçün ən şərəfli, ən xoşbəxt anondan ibarətdir ki, Azərbaycan müstəqil dövlət olub, Azərbaycan xalqı öz milli azadlığına nail olub və indi müstəqil dövlətin atributlarını yaratmaqla məşğuldur. Bu baxımdan, ən mühüm sahə olan Sərhəd Qoşunlarının yaradılması prosesi gedir”.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndərin milli sərhəd siyasətini uğurla davam etdirir. Ölkə başçısı sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə edir. İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri DSX-nın inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

DSX-nin “qara qüvvə”lərlə mübarizəsi...

Beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı DSX-nin qazandığı uğurlar özünəməxsus rol oynayır. Həmçinin qeyri-qanuni miqrasiyaya qarşı qətiyyətlə mübarizə aparılması, ölkəmizdə daxili sabitliyin qorunması kimi vacib vəzifələrin öhdəsindən şərəflə gəlməklə Sərhəd Qoşunları şərəfli bir vəzifəni yerinə yetirir. Dövlət sərhədçiləri Azərbaycanı stabil ölkə kimi görmək istəməyən “qara qüvvə”lərlə mübarizədə daim ön cəbhədə yer alır...

Sərhədçilərimiz Vətən müharibəsində 

İkinci Qarabağ müharibəsində də DSX-nin Sərhəd Qoşunları xüsusi qəhrəmanlıq göstərib. DSX bölmələri müharibənin ilk günlərindən döyüşlərə qatılıb, Xudafərin körpüsünü və Zəngilanın Ağbənd qəsəbəsini düşmən işğalından azad edib.

Azərbaycan sərhədçiləri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azad olunmasında da qəhrəmanlıqlar göstəriblər.

Müharibənin ilk günü 105 km ərazi sərhədçilərimiz tərəfindən azad edilib. Qazanılmış Zəfər sayəsində 132 kilometrlik Azərbaycan-İran sərhədi Silahlı Qüvvələrimizin nəzarətinə keçib.

Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək döyüş hazırlığına malik Dövlət Sərhəd Xidməti mövcuddur. Azərbaycanın müqəddəs sərhədləri etibarlı və inamlı əllərdədir...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31