Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-Ermənistan hərbi təlimləri: Rusiya üçün ikinci cəbhə açıla bilərmi?

ABŞ-Ermənistan hərbi təlimləri: Rusiya üçün ikinci cəbhə açıla bilərmi?

13.09.2023 [11:20]

Xəbər verildiyi kimi, sentyabrın 11-də Ermənistan ABŞ sülhməramlıları ilə birgə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb. Təlimlərin açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir. Təlimlər sentyabrın 20-dək davam edəcək.

Görünən və görünməyən tərəflər

ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığından bildirilib ki, təlimlər hər iki ölkəyə taktiki səviyyədə əlaqələr qurmağa və sülhməramlı əməliyyatlar üçün bölmələrin qarşılıqlı işləmə qabiliyyətini artırmağa imkan verəcək. Ermənistanın müdafiə nazirliyi də oxşar məzmunlu açıqlama ilə çıxış edib. Bunlar bəhs olunan hərbi təlimlərin, necə deyərlər, görünən tərəfləridir. Hər iki tərəf regiondakı indiki həssas məqamda birgə hərbi təlimlərin keçirilməsinə “sülhyaratma missiyası” ilə bəraət qazandırmağa çalışır.

Məsələnin görünməyən tərəfi isə bütün region üçün narahatlıq doğuran perspektivlərlə bağlıdır.  Burada üç məqama diqqət yetirmək lazım gəlir. Məğlub Ermənistanda baş qaldıran revanşizmin birgə hərbi təlimlərin baş tutmasına səbəb olan əsas amillərdən biri kimi qeyd edə bilərik. Sülh prosesinin müəyyən qədər irəlilədiyi bir ərəfədə Ermənistanda revanşizm mövqeyindən çıxış edən qüvvələr fəallıqlarını artırıblar. Paralel şəkildə bu ölkədə hakimiyyətin də mövqeyinin sürüşkən olduğu sezilir. Ermənistan lideri üçtərəfli Bəyanata, Moskvada, Soçidə, Brüsseldə və Praqada keçirilən görüşlərdə əldə olunan razılaşmalara sadiqliyini bildirsə də, İrəvana geri qayıtdıqdan sonra, necə deyərlər, valın üzünü dəyişərək başqa mahnılar səsləndirir, manipulyasiyalara əl atır və beləliklə də, sülh prosesini əngəlləyir.

İkinci məqam xəyanətkar xislətli Ermənistanın Rusiyadan qopmaq, Qərbə yaxınlaşmaq istəyini özündə ehtiva edir. İndiyədək Ermənistan Rusiyadan hərtərərəfli şəkildə asılı olub. Bu ölkə mövcudluğuna görə məhz Rusiyaya borcludur. Bəs Ermənistanın minnətdarlığı nədən ibarətdir?  - Xəyanətdən. Deyə bilərik ki, bu ölkədə sürüşkənlik, siyasi orientasiyanın dəyişməsi dövlət siyasəti səviyyəsinə yüksəldilib. Hazırda məlum səbəblərdən Rusiyada vəziyyət gərginləşib. Ermənistan isə öz ənənəvi xislətinə uyğun olaraq tabeçilik ünvanını dəyişməyə, hazırda ona istədiyi qədər yardım, dəstək göstərməyən Rusiyadan qopmağa cəhdlər edir. Eyni zamanda, hazırda N.Paşinyan Rusiyanı öz hakimiyyəti üçün ən böyük təhlükə sayır.

Üçüncü mühüm məqam Ermənistanın istəyi ilə Qərbin Cənubi Qafqaz siyasətinin üst-üstə düşməsi ilə bağlıdır. Cənubi Qafqazda Rusiyanı əvəzləmək və burada möhkəmlənmək Qərbin çoxdankı planlarına daxildir. Qərb dairələri Rusiyanın geostrateji mövqeyinin çətinləşdiyi, həmçinin N.Paşinyan iqtidarının sürüşkənliyi fonunda əzəli planlarının reallaşdırılması üçün ən uyğun zaman yetişdiyini düşünür.

Rusiyanın narahatlığı

Bütün bunlar Ermənistanda Rusiya üçün ikinci cəbhə açılması ehtimallarını gücləndirir.  Rusiya ilə Ukrayna arasında münaqişənin alovlanmasının ssenarisini xatırlayaq: Ukrayna Rusiyanın təsir dairəsindən çıxmağı və Qərb strukturlarına inteqrasiyanı özünün strateji kursu kimi elan edir. Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO) buna qarşılıq niyyətini ortaya qoyur. Bu, Rusiyada NATO-nun genişlənməsinin, konkret desək, onun sərhədlərinə yaxınlaşmasının növbəti mərhələsi kimi dəyərləndirildi. Müəyyən müddət davam edən danışıqlar dalana dirəndi və silahlar işə düşdü. Dağıdıcı münaqişə aylardır ki, davam edir və onun nə vaxt bitəcəyi  bəlli deyil. İndi isə oxşar hadisələr Ermənistanda izlənilir.

Təbii ki, Rusiya baş verənlərə seyirçi qalmır. Birgə təlimlərə Rusiyadan kəskin etiraz özünü çox gözlətməyib. Ermənistanın ABŞ-la birgə keçirdiyi təlimlər rəsmi Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiya tərəfi bu təlimi dərindən araşdıracaqlarını və vəziyyəti izləyəcəklərini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-Ermənistan hərbi təlimi ilə bağlı açıqlamasında “Ermənistanın hansı məqsədlər güddüyünü anlamaq lazımdır və bunu araşdıracağıq. Moskva İrəvanın yaxın tərəfdaşı olub və bundan sonra da olacaq. Problemlər ola bilər, ancaq bu məsələnin dialoq çərçivəsində həll edilməsi lazımdır”,- deyə bildirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31