Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regionumuzda sülhə xələl gətirən...

Regionumuzda sülhə xələl gətirən...

23.09.2023 [11:14]

Borrel və Kolonnanın nakam “sevgisi”

Nardar BAYRAMLI

Avropa İttifaqının Xarici əlaqələq və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Azərbaycanın ünvanına əsassız ittihamlarla çıxış edib. O, Azərbaycanın öz ərazisində separatçı xunta rejiminə qarşı həyata keçirdiyi antiterror tədbirlərini şərh edərkən bildirib ki, “Bakı Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinə görə məsuliyyət daşıyır və əgər ermənilərin hərbi yollarla zorakı yerdəyişməsini həyata keçirərsə, Aİ-nın ciddi reaksiyası ilə qarşılaşacaq”. J.Borrel eyni zamanda, BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə keçirilən müzakirələrdə də Azərbaycanın ünvanına qəbuledilməz ifadələr səsləndirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi Borrelin bəyanatına cavab olaraq bildirib ki, onun regionda baş verən son hadisələrlə bağlı bəyanatı yerlərdəki bütün reallıqları qəsdən təhrif edir və tamamilə qeyri-adekvatdır. Vurğulanıb ki, bundan başqa, bu təşkilat Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxındır davam edən hərbi işğalını, azərbaycanlılara qarşı etnik təmizləmə və bəşəriyyətə qarşı cinayətləri pisləməkdən həmişə çəkinib və 2020-ci il müharibəsindən sonra Azərbaycanın regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində fəaliyyətini heç vaxt təqdir etməmişdir. Azərbaycana qarşı təhdidedici bəyanat səviyyəsinə qədər ikitərəfli yanaşma regionumuzda sülhə xələl gətirir.

“Bir daha xatırladırıq ki, Azərbaycanın öz suveren ərazilərində yerləşdirilmiş qanunsuz erməni hərbi birləşmələrinin məhv edilməsi üzrə qanuni tədbirləri növbəti təxribatların və hücumların qarşısının alınmasına yönəlib və Azərbaycanın terrorizmə qarşı mübarizə tədbirləri erməni əhalisinə qarşı olmayıb”- deyə vurğulanan bəyanatda qeyd edilib ki, Yevlaxda Azərbaycan hakimiyyəti ilə erməni sakinlərin nümayəndələri arasında erməni sakinlərinin reinteqrasiyası, infrastrukturun bərpası və Azərbaycanın Konstitusiyası və qanunları əsasında fəaliyyətin təşkili ilə bağlı konstruktiv müzakirələrə bir daha Aİ tərəfindən açıq məhəl qoyulmaması Aİ daxilində müəyyən dairələrin dar siyasi məqsədlərini təsdiqləyir. Humanitar vəziyyət, yerli erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddialara gəlincə, diqqətə çatdırılıb ki, Yevlax görüşündə müzakirələr nəticəsində Azərbaycan beynəlxalq tərəfdaşlarının dəstəyi ilə yerli ermənilərə daha yaxşı abad həyat üçün lazımi köməklik göstərəcək. Azərbaycanın bu istiqamətdə hərəkətlərinə hər hansı müdaxilə əks-məhsuldar və faydasız olacaq.

Ümumiyyətlə, Borrelin Qarabağ mövzusunda çıxışları Fransa rəsmilərinin mövqeyindən fərqlənmir və sanki əlaqələndirilmiş şəkildə edilir. Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna tərəfindən səsləndirilən qərəzli açıqlamaları da pisləyib. Bildirilib ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən öz suveren ərazilərimizdə həyata keçirilən yerli antiterror tədbirləri, beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb. Fransanın Ermənistan rəhbərliyi tərəfindən erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsini, hərbi-siyasi təxribatların törədilməsini, o cümlədən Ermənistan baş nazirinin son 30 ildə bu ölkə tərəfindən dəstəklənən qondarma rejimə sentyabrın 2-də ünvanladığı məsuliyyətsiz təbrik mesajını qınamaq əvəzinə, Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri separatizmin və Ermənistan daxilindəki revanşist qüvvələrin təşviqindən başqa bir şey deyil.

“Azərbaycan heç vaxt dinc erməni sakinləri hədəf almayıb, erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası prosesini həyata keçirməyə və Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində onların hüquq və təhlükəsizliyinin təmin edilməsinə sadiqdir. Bu xüsusda, Fransanın erməni sakinlərin mövcud olmayan “kütləvi deportasiyası” ilə bağlı iddiası yalnız bu ölkənin Azərbaycana qarşı növbəti ittihamları səsləndirməsi üçün mövcudluğuna ümid bəslədiyi bir düşüncədir. Bütün qeyri-qanuni silahlı birləşmələrin qısa zaman ərzində tam tərksilah edilməsi və çıxarılması, habelə qanunsuz qondarma rejiminin buraxılması, mərkəzi hökumət nümayəndələri ilə yerli erməni sakinlər arasında onların Azərbaycanın Konstitusiyası çərçivəsində bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə reinteqrasiyası ilə bağlı məzmunlu dialoq üçün şəraitin yaradılmasının açarıdır. Bunun da öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də müsbət töhfə verəcəyini hesab edirik”- deyə vurğulanan bəyanatda diqqətə çatdırılıb ki, erməni sakinlərlə Azərbaycan rəsmiləri arasında birbaşa dialoqun, bölgədə tərk-silah və demilitarizasiyanın praktiki baxımdan icrasına başlanılması ilə müşayiət olduğu bir vaxtda beynəlxalq ictimaiyyət, xüsusilə Fransa tərəfindən vəziyyətin dəyərləndirilməsi dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq hüququn normalarına uyğun olmalıdır.

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31