Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / BMT missiyasının Qarabağa növbəti səfəri...

BMT missiyasının Qarabağa növbəti səfəri...

10.10.2023 [11:29]

BMT missiyasının Qarabağa növbəti səfəri...

Nardar BAYRAMLI

Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının Qarabağa növbəti səfəri baş tutub. Missiyanın üzvləri ötən gün səhər saatlarında Ağdam-Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir. Missiyanın ilk səfəri haqqında yayılan məlumatda etnik təmizləmənin olmadığı, hökumətimizin Qarabağda səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, heç bir mülki infrastruktura zərər dəymədiyi bildirilirdi. Bu da  Azərbaycanı ittiham edən xarici qüvvələrin niyyətini iflasa uğratdı.

Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin bütün dünyada bərqərar olunmasının tərəfdarı kimi çıxış edib. Hazırda regionda yaranmış yeni vəziyyətlə bağlı bir sıra beynəlxalq təşkilatlar müxtəlif mövqelər sərgiləyirlər. Dövlətimiz bütün beynəlxalq təsisatlarla əməkdaşlıq etməyə hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verilməsi də humanizmdən və şəffaflığın təmin edilməsinə maraqlı olmağımızdan qaynaqlanır.

BMT-nin missiyasının 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə  gəlməsi müsbət haldır. Bu o deməkdir ki, Azərbaycan şəffaflığı təmin edir, xoş niyyətini və humanistliyini nümayiş etdirir. Ermənistan və separatçı rejim 30 illik işğal dövründə bu ərazini əsarətdə saxlayıb, heç bir beynəlxalq müşahidə missiyasının Qarabağa daxil olub monitorinq aparmasına, situasiyanın dəyərləndirilməsinə imkan verməyib. Azərbaycan ərazilərinin işğalı zamanı dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini erməni tərəfi hər zaman əngəlləyib. Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Amma ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə  uyğun olaraq həyata keçirilir.

Missiyanın səfəri zamanı  Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradılıb. Eləcə də, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdirilir. BMT missiyası ilk səfər zamanı Ağdam-Xankəndi yolu ilə, “Laçın” sərhəd-nəzarət-buraxılış məntəqəsinə gedərək müşahidə aparmışdılar. Onlar Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik etmişdilər. Halbuki, dövlətimiz onlara vətəndaşlıq təklif edir.

Məlumdur ki, Ermənistan Qarabağ ermənilərindən istifadə edərək  “etnik təmizləmə” şousu yaratmaq istəyir. Bununla da, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Lakin bu cəhdlər əbəsdir. Dövlətimiz Qarabağ ermənilərinə qarşı heç bir addım atmır, əksinə onların vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atır. Eləcə də, Qarabağın erməni sakinlərinə davamlı humanitar yardımlar göstərilir. Bütün bunlar BMT missiyasına təqdim olunur. Ona görə də, missiyanın hansısa beynəlxalq güclərin, erməni lobbisinin təsiri ilə deyil, obyektivlik meyarı əsasında mövqe ortaya qoymaları təqdirəlayiqdir. BMT dünyanın ən böyük və nüfuzlu təşkilatıdır. Azərbaycan hər zaman BMT missiyasından ədalətli yanaşma gözləyir. Missiya Qarabağa ilk səfərin yekunlarına dair mövqeyinə görə, Ermənistanın və havadarlarının  hədəfinə tuş gəldi. Amma missiya üzvləri hər hansı təzyiqdən çəkinməməli, BMT-nin nüfuzunu qorumaq naminə bundan sonra obyektiv mövqe sərgiləməlidir.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31