Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cənubi Qafqaz beynəlxalq birliyin diqqət mərkəzindədir

Cənubi Qafqaz beynəlxalq birliyin diqqət mərkəzindədir

18.10.2023 [09:58]

Nardar BAYRAMLI

Hazırda regionda mövcud vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına dair aparılan danışıqlar beynəlxalq birliyin diqqət mərkəzindədir. Oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri Annalena Berbokun telefon danışığında da bu məsələlər müzakirə olunub.  Nazir Ceyhun Bayramov Ermənistanın son illər ərzində həyata keçirdiyi hərbi-siyasi təxribatlar, ərazilərimizdə qeyri-qanuni erməni silahlı qüvvələrinin törətdiyi təhdidlər, Azərbaycanın erməni silahlı qüvvələrinə və ərazimizdəki qondarma rejimə qarşı həyata keçirdiyi antiterror tədbirlərini şərtlərindirən amillər və tədbirlərindən sonra bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın erməni sakinləri hədəf almadığı, bunun bölgəyə səfər edən BMT missiyası ilə yanaşı, Beynəlxalq Qızıl Xaç Komitəsi və hətta Ermənistan baş naziri tərəfindən belə təsdiqləndiyini xatırladıb. Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının, guya erməni sakinlərə qarşı “etnik təmizləmə” həyata keçirildiyi barədə iddiaların əsassız olduğu, bunun Ermənistanın və bəzi ölkələrin siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyi qeyd olunub.

Azərbaycanın erməni sakinlərin reinteqrasiyası istiqamətində planları açıqladığı, bu istiqamətdə işlər həyata keçirildiyi, müvafiq portal vasitəsilə ermənilər tərəfindən daxil olan müraciətlərin nəzərdən keçirildiyi nazir tərəfindən bildirilib. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinməyin vacib olduğu vurğulanıb. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra, Ermənistanla sülh sazişi imzalanması üçün real şansların olduğu, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvar olduğumuz diqqətə çatdırılıb.

Daha sonra, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Digər tərəfdən, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağın erməni sakinləri ilə bağlı məsələlər dövlətimizin daxili işidir. Onların reinteqrasiyası üçün Azərbaycan zəruri addımları atır. Ermənistanın və onun havadarlarının ölkəmizi “etnik təmizləmə”də ittiham etməsinin heç bir əsası yoxdur. Beynəlxalq birlik, normallaşma prosesinə vasitəçilik edən tərəflər, eləcə də, Almaniya bölgədə mövcud məsələlərə obyektiv münasibət sərgiləməlidir.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31