Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nazirlərin görüşü...

Nazirlərin görüşü...

25.10.2023 [10:26]

Qonşu ölkələrin əməkdaşlığı bütün region üçün faydalıdır

Nardar BAYRAMLI

Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişafı mühüm yer tutur. Ölkəmizin qonşularından biri qardaş Türkiyədir. Bu gün Azərbaycanla Türkiyənin münasibətləri “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Oktyabrın 23-də İranın paytaxtı Tehran şəhərində keçirilən “3+3” formatı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü də məhz dostluq və qardaşlığın göstəricilərindən biridir.

Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır

Hazırda hər iki dövlətin təşəbbüsləri Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinə xidmət edir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdüyü uğurlu siyasətin nəticəsidir. Eləcə də, hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə həmişə bir-birimizə birmənalı olaraq qarşılıqlı dəstək verməyin əsl örnəyini nümayiş etdiriblər. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib. Dövlət başçılarımız arasında imzalanmış Şuşa Bəyannaməsi isə münasibətlərimizin ən yüksək zirvəsidir.

Sülhə doğru addım...

Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da görüşü olub. Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “3+3” regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib. Abdullahian bildirib ki, Tehranda “3+3” formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır. O qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb. Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. “Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Azərbaycan isə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verir”,-deyə İran XİN başçısı əlavə edib.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan da Tehranda Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşüb. Hakan Fidan X sosial media platformasında rəsmi Ankaranın danışıqların “normallaşma və sülh proseslərinə təkan verəcəyinə” ümid etdiyini bildirib. Yeri gəlmişkən, nazirlərin növbəti görüşü gələn ilin əvvəlində Türkiyədə baş tutacaq. Nazirlərin birgə bəyanatında deyilir ki, iştirakçılar region ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşmağa razıdırlar. Tehran görüşündə tərəflər “3+3” üzrə xüsusi nümayəndələrin təyin edilməsinə də razılıq verib.

Ermənistanın gələcəyi...

Məlumdur ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan və Türkiyə Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə bağlı mühüm təşəbbüslərlə çıxış ediblər. “3+3” platforması da bu təşəbbüslərin nümunəsidir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığa güclü təkan vermiş olacaq. Amma Ermənistan hələ də bu layihənin reallığa çevrilməsinə mane olmağa çalışır. Rəsmi İrəvan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Türkiyə ilə sərhədlərin açılması və Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq. Təəssüf ki, rəsmi İrəvan hələ də bunu anlamaq iqtidarında deyil. Bununla belə, bu ölkənin sülhə gəlməkdən başqa şansı yoxdur.

Bütövlükdə, Azərbaycan və Türkiyə mehriban qonşuluq siyasətinin davam etdirilməsinə sadiqliyini bir daha nümayiş etdirir. Qonşu ölkələr arasında münasibətlərin inkişafı bütövlükdə regionda əməkdaşlıq və təhlükəsizlik mühiti üçün böyük önəm kəsb edir.

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31