Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Görüş xatirinə” görüş...

“Görüş xatirinə” görüş...

27.10.2023 [10:15]

Brüssel danışıqları niyə baş tutmadı?

30 ilə yaxın işğaldan əziyyət çəkən, Ermənistanın təcavüzkar siyasəti ilə qarşı-qarşıya dayanan Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin dəstəkçisi olub. Hətta həmin dövrlərdə belə ölkəmiz keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış edən ATƏT-in Minsk qrupunun iştirakı ilə baş tutan danışıqlar prosesində öz mövqeyini açıq və qəti şəkildə bildirirdi: Qarabağ Azərbaycanın ərazisidir və Ermənistan ilə bütün məsələlər beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bu kimi əsaslara söykənən hər bir vasitəçilik missiyası isə bizim üçün məqbuldur. Təki...

Bizim mövqeyimiz...

44 günlük Vətən müharibəsinin bitməsi ilə regionda yeni siyasi reallıqlar formalaşdı. Son aylara qədər Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını özündə ehtiva edən danışıqlar prosesi məhz bu reallıqlara söykənirdi. Bu ilin sentyabrında baş tutmuş lokal antiterror tədbirləri isə danışıqlar prosesinin daha da sürətlənməsinə mühüm zəmin formalaşdırdı - Ermənistanın Qarabağı Azərbaycan torpağı kimi tanıması, Azərbaycanın isə öz ərazilərində qanuni suverenliyini bərpa etməsi prosesin qarşıdakı mərhələsində müzakirə predmeti kimi bir neçə məsələnin razılaşdırılmasını özündə ehtiva edirdi. Başqa sözlə, artıq iki dövlət arasında Qarabağ adlı bir problem yox idi.  Təbii ki, hər kəs sülhə daha tez nail olunacağını gözləyirdi. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi, qeyri-adekvat davranışı müzakirələrin normal inkişafına mane olur. Rəngarəng “çətirlərin” altında daldalanmağa adət etmiş Ermənistan prosesə fərqli maraqları cəlb etməyə çalışır - Qranadada planlaşdırılan görüş məhz bunun “badına” getdi. Özünün müstəqil iradəsi, müstəqil qərar vermək qətiyyəti olmayan Ermənistan Fransanın kölgəsində danışıqların yeni raundunu reallaşdırmağa çalışırdı - amma bu baş tutmadı.

Hər zaman sülh və humanizm əlini uzadan Azərbaycan Ermənistanla qarşı-qarşıya oturmaqda və məsələlərin həllində razılaşmaqda israrlıdır - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Tehran şəhərində “3+3” regional məşvərət formatının nazirlər səviyyəsində keçirilən görüşündəki  çıxışında ölkəmizin mövqeyinə bir daha aydınlıq gətirdi:  Azərbaycanın Ermənistanla bir-birinin legitim maraqlarına qarşılıqlı hörmət əsasında ədalətli və bərabərhüquqlu sülh təklifini bir daha diqqətə çatdırdı və sülh müqaviləsi çərçivəsində məsələlərin tezliklə yekunlaşması məqsədilə Ermənistan tərəfindən qarşılıqlı addımlar və konstruktiv yanaşma gözlədiyimizi, tam regional normallaşma üçün bu unikal şansın bir daha əldən verilməyəcəyinə ümidvar olduğumuzu söylədi. Bu, Azərbaycanın yanaşması və qarşı tərəfdən gözləntisidir. Bunun əksinə, hansısa maraqların aləti qismində sülhdən başqa hər şeyə xidmət edəcək görüşlər yalnız və yalnız formal xarakter daşıyacaq.  

Azərbaycan ciddi işlərlə məşğuldur...

Yeri gəlmişkən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu ayın sonu Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb. Onun sözlərinə görə, görüş vaxt azlığından baş tutmayacaq. Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel oktyabrın sonunda Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcəyini bildirmişdi.

Bəli, Azərbaycan 1990-cı illərin əvvəlində, SSRİ-nin süqutunun ardından bir şəkildə Cənubi Qafqaza “gəlib çatmayan” sülh və ədaləti, əməkdaşlığı, birliyi və inkişafı bərpa etmək uğrunda böyükmiqyaslı işə start verib. Məhz Azərbaycanın təşəbbüsü ilə qurulan regional əməkdaşlıq platformaları bölgənin gələcək problemlərinin həllinə əsl “dərman” kimi görünür - bunu, hətta Rusiya-Gürcüstan kontekstində də iddia etmək olar. Ermənistan isə nəticəyə hesablanan sülh danışığı fikrindən uzaq görünür - o hələ, Fransanı yeni təhdidlər formalaşdırması, yeni araqarışdıranlıq etməsi üçün bölgəyə gəlişini təmin etməyin hayındadır. Yəni, hər kəsin özünə layiq gündəmi və missiyası var - Ermənistan altında daldalanmaq üçün “çətir” axtarır, vaxtını buna sərf edir. Azərbaycan isə Cənubi Qafqazın yeni iqtisadi-siyasi münasibətlər sistemində, yeni dünya nizamında fərqli, aktiv, proqressiv yer alması üçün səy göstərir. Azərbaycan danışıqların sülhlə nəticələnməsi üçün bütün fikir və təkliflərini, şərtlərini qarşı tərəfə təqdim edib - bu təklif və şərtlər bütövlükdə beynəlxalq hüquqa və beynəlxalq konvensiyalara əsaslanır. Ermənistan isə “sülh” adı altında manipulyasiya edir. Bu mənada, Azərbaycanın formal, “görüş xatirinə” görüş üçün həqiqətən də vaxtı yoxdur...

Paşinyanın Avropanı “dolanması”...

Qeyd edək ki, Paşinyanın sülhü uzatması, gündə bir dərədə birinə nəsə söz verib onun himayəsinə girməsi, beləliklə də Ermənistanı uçuruma tərəf sürukləməsi erməni ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır. Erməni mətbuatına nəzər yetirdikdə bunun şahidi olmaq mümkündür - ermənilər Paşinyanın 2020-ci ildən indiyə qədər sülhü uzatmasının Ermənistana baha başa gəldiyini açıq kontekstdə etiraf edirlər. Məsələn, Brüssel görüşünün baş tutmamasına münasibət bildirən erməni politoloq Andranik Ovannisyan deyib ki, son bir ayda bu, Azərbaycan və Ermənistan liderlərinin Avropa platformasında baş tutmayan ikinci görüşüdür. Ovannisyan etiraf edib ki, ABŞ və Aİ-dən asılı olan Paşinyan müstəqil siyasət yeridə bilmədiyi üçün Avropa paytaxtlarını dolanmaqda davam edir.

Beləliklə, gündə bir qapıdan “səsi gələn” Paşinyanın qeyri-müəmmalı, dildə “sülh”, əməldə “yeni eskalasiya” təhdidini özündə əks etdirən addımları, planları onun və ölkəsinin əleyhinə işləməkdə davam edir. Azərbaycanın sülh çağırışlarına adekvat cavab verməyən Ermənistan bununla nəinki çox şey itirir, hətta özünün iqtisadi-siyasi müstəqilliyini qazanmaq şansını əldən verir. Paşinyanın Parisdən boylanaraq izlədiyi İrəvan isə tamam başqa “rəngdədir”...

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31