Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Brüssel sammitində...

Brüssel sammitində...

28.10.2023 [10:43]

Avropa İttifaqının liderləri razılığa gələ bilmədilər

Brüsseldə Avropa İttifaqı ölkələrinin liderlərinin oktyabrın 26-27-də keçirilən sammitində bir sıra qlobal məsələlər diqqət mərkəzində olub. Liderlər Ukraynada davam edən müharibəni müzakirə edib və rəsmi Kiyevə maliyyə yardımı edilməsinin zəruriliyini vurğulayıblar. Lakin Aİ ölkələri Ukraynaya 50 milyard avro maliyyə yardımı ilə bağlı hələlik razılığa gəlməyiblər. Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fiko Ukraynaya Avropa İttifaqı fondundan 50 milyard avro məbləğində yeni yardım paketinə qarşı çıxıblar. Macarıstan aydın əsaslandırma olmadığına görə Ukraynaya pul ayırmaqdan imtina etdiyini bildirib.

Macarıstan və Slovakiya razılıq verməyib...

Brüsseldə əlavə maliyyələşdirmənin müzakirəsi zamanı Slovakiyanın baş naziri Robert Fiko isə Ukraynada korrupsiya ilə bağlı problemlərə diqqət çəkib. İsveçrə də 2024-cü ildə Ukraynaya yardımı artırmağı planlaşdırmadığını bəyan edib.

Qeyd edək ki, Ukrayna üçün əlavə 50 milyard avro Aİ-nin 2024-2027-ci illər üçün büdcə layihəsinə daxil edilməli idi. Aİ büdcəsinə düzəliş etmək üçün birliyə üzv olan 27 ölkənin hamısının razılığı tələb olunur. Lakin göründüyü kimi, bu razılıq əldə olunmayıb.

Macarıstan Avropa İttifaqı fondundan Ukrayna üçün yeni maliyyə yardımının təsdiqlənməsi üçün şərtləri açıqlayıb. Bu ölkənin Baş naziri Viktor Orban bildirib ki, Macarıstan “Avropa Sülh Fondu”ndan Kiyevə silah göndərmələri üçün Aİ üzv olan ölkələrə 500 milyon avro verilməsi barədə razılığa gəlməyə hazırdır. Bunun üçün Ukraynanın Milli Antikorrupsiya Bürosunun nümayəndə heyətinin Macarıstana səfərinə ehtiyac var. Bir müddət əvvəl ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto bildirmişdi ki, Ukraynaya silah alınması üçün “Avropa Sülh Fondu”ndan Aİ ölkələrinə 500 milyon avro ayrılmasını Macarıstan boykot edəcək. Nazirin sözlərinə görə, Macarıstan Ukraynadan təminat tələb edir ki, Kiyev Macarıstanın OTP bank qrupunu Rusiyada fəaliyyətini davam etdirdiyi üçün “müharibənin beynəlxalq sponsorları” siyahısından çıxarması barədə yazılı zəmanət versin, lakin hələ belə bir sənəd təqdim edilməyib.

Serbiya və Kosovo liderlərinin də görüşləri nəticəsiz bitib

Brüsseldə Aİ liderlərinin sammiti çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun Baş naziri Albin Kurtinin keçirdiyi görüşlərdə də nəticə əldə olunmayıb. Belə ki, sammit çərçivəsində Avropa Şurasının Prezidenti Şarl Mişel, İtaliyanın Baş naziri Ciorcia Meloni, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron həm Aleksandar Vuçiç, həm də Albin Kurti ilə birgə görüşlər keçirib. Görüşlər Avropa İttifaqının vasitəçiliyi ilə Serbiya və Kosovo arasında dialoqu inkişaf etdirmək və iki xalqın münasibətlərini normallaşdırmaq məqsədi daşıyıb. Hər iki tərəfə Aİ-nin təkliflərinin həyata keçirilməsinə sadiqlik nümayiş etdirmək və dialoqa xələl gətirən hərəkətlərdən çəkinməklə bağlı çağırış yenilənib. Liderlər Serbiya və Kosovonun, eləcə də Qərbi Balkan regionunun digər ölkələrinin Avropa yoluna irəliləməsinə dəstəyi təkrarlayıb.

Aleksandar Vuçiç Kosovo ilə bağlı əldə edilən bütün razılaşmaların həyata keçirməkdə maraqlı olduqlarını və NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) fəaliyyətini dəstəklədiklərini bildirib. O, ölkəsinin regionda sülh istədiyini və bunun üçün məsuliyyətli davranmağa davam edəcəyini deyib. Serbiya ilə Kosovo liderləri, həmçinin Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel və Aİ-nin Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə də görüş keçirib.

Aİ Yaxın Şərqdəki döyüşlərdə fasilə verilməsinə çağırış edib

Avrpa İttifaqının sammtində Yaxın Şərqdəki vəziyyət də diqqət mərkəzində olub. Liderlər HƏMAS-la İsrail arasında döyüşlərdə fasilə verilməsinə çağırış edib. Bu barədə müzakirələrin sonunda qəbul edilən yekun bəyanatda bildirilib. Qeyd olunub ki, buna səbəb Qəzzaya yardımların sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasıdır. Aİ HƏMAS-ı İsrail ərazisində qəddar və ayrıseçkilik etmədən törətdiyi terror hücumlarına görə ən sərt şəkildə qınayıb. Vurğulanıb ki, HƏMAS-ın mülki şəxslərdən “canlı qalxan” kimi istifadə etməsi xüsusilə vəhşilikdir: “Avropa İttifaqı İsrailin beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq çərçivəsində özünü müdafiə etmək hüququnu ciddi şəkildə vurğulayır. İttifaq HƏMAS-a heç bir ilkin şərt olmadan bütün girovları dərhal azad etməklə bağlı çağırışını təkrar edir”. Aİ-yə üzv ölkələrin liderləri ortaq bəyanatda beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün mülki şəxslərin müdafiəsinin hər zaman təmin edilməsinin vacibliyini bir daha vurğulayıb və bütün mülki insan itkilərinə görə təəssüf hissi qeyd olunub.

Avropa İttifaqı mülki şəxslərin müdafiəsi, yardımın göstərilməsi və qida, su, tibbi xidmət, yanacaq və sığınacaq əldə etmək imkanlarını asanlaşdırmaq üçün regiondakı tərəfdaşlarla sıx əməkdaşlıq edəcək, belə yardımların terror təşkilatları tərəfindən sui-istifadə edilməməsini təmin edəcək. “Aİ regional gərginliyin qarşısını almaq və bu istiqamətdə tərəfdaşlarla, o cümlədən Fələstin Muxtariyyəti ilə əlaqə saxlamağın zəruriliyini bir daha vurğulayır. Avropa İttifaqı iki dövlətin həlli əsasında siyasi prosesin canlandırılmasına töhfə verməyə hazırdır və diplomatik sülh və təhlükəsizlik təşəbbüslərini alqışlayır və tezliklə beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyir”, - deyə qeyd olunub.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31