Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsas prioritetlərdən biri: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi

Əsas prioritetlərdən biri: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi

05.11.2023 [10:20]

Mübariz ABDULLAYEV

Bu günlərdə  “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi təqdim olunub. Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsi noyabrın 2-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında birinci oxunuşda müzakirə olunub. Müzakirələrdə də qeyd edildiyi kimi, gələn ilin büdcə layihəsi makroiqtisadi göstəricilər, iqtisadi artım tempi və ölkəmizin yeni strateji mərhələ üçün müəyyənəşdirdiyi prioritetlər nəzərə alınmaqla hazırlanıb.  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2024-cü ilin büdcəsi əsasən 4 sütunu - real artım, məqbul inflyasiya, profisitli tədiyə balansı, sabit məzənnə üzərində iqtisadi çərçivənin hazırlanmasını özündə ehtiva edir. Növbəti ildə respublikamızda ÜDM-in 2,4 faiz, qeyri-neft sektorunun 4,6 faiz artması nəzərdə tutulub. Təqdim edilmiş sənədlərdə 3 ssenari - baza, optimist və pessimist ssenarilər təklif olunur. Baza ssenaridə neftin 1 barelinin qiymətinin 60 ABŞ dolları, optimist ssenaridə 80 ABŞ dolları, pessimist ssenaridə isə 40 ABŞ dolları ətrafında olacağı göstərilir. Təqdim olunan layihədə büdcənin xərclərində bir sıra prioritet istiqamətlər nəzərdə tutulub.

Büdcə daxilolmalarında artım

Son illərdə müşahidə edilən mənfi xarici təsirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyub saxlayır. Bu da ilk növbədə son 20 ildə respublikamızda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında aparılan islahatların məntiqi nəticəsi olaraq milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artması ilə bağlıdır. Ölkədə davamlı iqtisadi inkişaf üçün zəruri olan bütün şərtlər təmin edilib. Bəhs olunan dövrdə respublikamızda ümumi daxili məhsul 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox genişlənib. Ötən 20 ildə müxtəlif mənbələrdən cəlb olunan sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur. Bu sərmayələrin  190 milyard dolları qeyri-enerji sektoruna yönəldilib. Azərbaycan güclü maliyyə yastığına malik olan ölkələr sırasında yer alır. Respublikanın xarici borcu ilbəil azaldılır.  Hazırda ölkənin xarici borc öhdəliyi ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Prezident İlham Əliyev bu rəqəmin daha da kiçiləcəyinin anonsunu edib. Dövlətimizin başçısı bildirib ki,  2024-cü ilin sonuna qədər ölkənin borc öhdəliyinin həcmi ümumi daxili məhsulun təxminən 7-7,5 faizini təşkil edəcək.

Milli iqtisadiyyatımızdakı uğurlar seriyası 2023-cü ildə də davam edib. Bu ilin 9 ayı ərzində Azərbaycanda 91 milyard manata yaxın ÜDM istehsal olunub. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faizə yaxın artım təşkil edir. Qeyri-neft sektorunda 9 ay ərzində artım 3 faizə yaxın olub. Müzakirələrdə səsləndirilən proqnozlara əsasən, bu ilin sonuna ÜDM-də 1,9 faiz artım müşahidə olunacaq.

Öz növbəsində uğurlu iqtisadi inkişaf büdcə daxilolmalarının yüksəlməsini şərtləndirir. Müzakirələrdə də vurğulandığı kimi, iqtisadi artımın və şəffaflaşma prosesinin davam etməsi şəraitində cari ilin 9 ayında vergi daxilolmaları üzrə proqnoz tapşırığı 106 faiz icra edilməklə, proqnozdan əlavə dövlət büdcəsinə 723 milyon manat vəsait daxil olub. Neft-qaz sahəsindən vergi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 150 milyon manat, qeyri-neft-qaz sahəsində isə 1 milyard 200 milyon manat artıq icra edilib. Bununla yanaşı, sosial sığorta yığımları üzrə yüksək artım dinamikası müşahidə edilməkdədir. Cari ilin 9 ayında məcburi dövlət sosial sığortası üzrə daxilolmaların proqnozu 109 faizə yaxın icra edilərək, 3,8 milyard manat vəsait daxil olub.

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi ənənəsi davam etdirilir

Gələn ilin dövlət büdcəsinin əsas xərc istiqamətləri ölkəmizin prioitetləri nəzərə alınmaqla müəyyənləşdirilib. Layihəyə əsasən, 2024-cü ildə də müdafiə və milli təhlükəsizlik seqmenti üzrə ayrılacaq vəsaitlər büdcənin əsas xərc istiqamətləri sırasında olacaq. Müzakirələrdə diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu, 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Qeyd edək ki, 2023-cü ildə də müdafiə və milli təhlükəsizlik xərcləri büdcənin xərc istiqamətləri sırasında əsas yerlərdən birini tutur. Belə ki, cari ilin təsdiqlənən büdcə layihəsində müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə 5 320 093 593,0 manat məbləğində vəsait yönəldilməsi nəzərdə tutulmuşdu. Cari ilin yayında dürüstləşmə zamanı büdcəyə bütövlükdə, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun da 1,1 milyard manatı məhz bəhs olunuan prioritet üzrə istiqamətləndirildi.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atmaqla özünün ərazi bütövlüyünü təmin edib. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Çox doğru olaraq ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin zirvəsi sayılır. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan dövləti və xalqı bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Cari il sentyabr ayının 19-da başlayan və cəmi 23 saat ərzində uğurla tamamlanan lokal xarakterli antiterror tədbirlərinin nəticəsində isə respublikamız Qarabağda öz suverenliyini tam bərpa etdi Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19-da suverenliyimizin bərpasına nail olduq. Oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza sonsuz sevinc və qürur hissi bəxş etdi.

Bütün bu faktlar elə təəssürat yarada bilər ki, Azərbaycan hərbi sahədə qarşısına qoyduğu bütün hədəflərə çatıb. Bundan sonra Ordunun, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə ciddi ehtiyac qalmayacaq. Ancaq bu, yalnız ilk təəssüratdır. Postmüharibə dövründə məğlub Ermənistandan gələn siqnallar onun  hələ də revanşizm mövqeyindən geri çəkilmədiyini təsdiqləyir. Bu ölkə bir neçə müqavilə üzrə Hindistandan silahlar alır. Eyni zamanda, bu günlərdə Fransadan Ermənistana silah tədarükü ilə bağlı sənəd imzalandı. Məğlub ölkə öz ərazisində Avropa İttifaqının missiyasının yerləşdilməsinə nail olub. Hazırda bu missiyanın genişləndilməsi ilə bağlı müzakirələr aparılır. Başqa faktlar da sadalamaq mümkündür. Bütün bunlar nə üçün edilir? Aydın məsələdir ki, Ermənistanın aldığı silahlar ilk növbədə Azərbaycana qarşı istifadə olunması üçün nəzərdə tutulur. Azərbaycan arxadan zərbə vurmağa adət etmiş Ermənistanın xainliyinin kədərli nəticələrini 30 il ərzində öz üzərində yaşayan bir ölkədir. Faciələrimizin bir daha təkrarlanmaması naminə ordunun gücləndirilməsi bizim daimi vəzifəmiz olmalıdır. Gələn ilin dövlət büdcəsi layihəsində qeyd olunan istiqamətə böyük həcmlərdə maliyyə vəsaitinin ayrılması da məhz bu məqsədə xidmət edir.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31