Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda məhkəmə-hüquq sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycanda məhkəmə-hüquq sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub

15.09.2018 [10:13]

Ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar insan hüquq və azadlıqlarının təminatına etibarlı zəmin yaradır
Dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan Azərbaycanda bütün sahələrin tərəqqisini təmin edən ardıcıl islahatlar həyata keçirilir. Bu mütərəqqi reformalar ölkəmizin hüquq sistemində də uğurla davam etdirilir. Ümumiyyətlə, respublikamızda demokratik hüquqi dövlət quruculuğunun qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti kimi bütün fundamental prinsipləri ölkənin əsas qanununda təsbit olunub. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ardıcıl olaraq ədliyyə sahəsində də müasir çağırışlara uyğun hüquqi islahatlar həyata keçirilir.
Əvvəla qeyd edək ki, ölkəmizdə ədliyyə sisteminin zəngin tarixi var. 1918-ci ildə milli dövlətçiliyimizin çox mühüm halqalarından biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra ədliyyə sahəsində də effektiv addımlar atılıb. Bu dövrdə təsis olunmuş Ədliyyə Nazirliyi öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, məhkəmə aparatları tədricən işini bərpa edib, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq hüquq kursları təşkil edilib və bununla da peşəkar kadrların formalaşdırılması işinə start verilib.
Həmin dövrdə ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Cəzaçəkmə yerləri ilə bağlı aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında”, AXC-nin yaranmasından 1,5 il keçməsi münasibətilə ümumi amnistiya haqqında qanun və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb. Bununla yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılıb və bu qurumun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib.
Bir məqama xüsusi olaraq toxunmaq lazımdır. Belə ki, ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən yaradılması və digər neqativ hallar ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə ciddi əngəllər törədirdi. Ədliyyə Nazirliyinin yenidən yaradılması və tam təşkili, bu sahədə ardıcıl, məqsədyönlü və sistemli tədbirlərin görülməsi, islahatların aparılması görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib və bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanıb. Bundan sonra Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi kifayət qədər təkmilləşdirilib.
1991-ci ildə isə Azərbaycanın müstəqilliyini əldə etməsindən sonra ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri ədliyyə orqanlarının səmərəli fəaliyyətini təşkil etmək və bu sahədə məqsədyönlü, islahat xarakterli tədbirlər həyata keçirmək idi. 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra bu sahədə həyata keçirilən sistemli tədbirlər sayəsində mühüm nəticələr və nailiyyətlər əldə edildi. Ulu öndər Heydər Əliyev haqlı olaraq bəyan etmişdir ki, yeni siyasi şəraitdə hüquqi və demokratik dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Həqiqi mənada möhkəm ədliyyə sistemi olan dövlətlərdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərliyi, ən başlıcası, hüququn aliliyi yüksək səviyyədə təmin olunur. Məhz bu dövrdə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və sabit inkişaf yoluna çıxarılması istiqamətində görülən tədbirlər sırasında məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə bağlı atılan addımlar da öz çoxşaxəliliyi və mütərəqqiliyi ilə seçilirdi. Ümummilli liderin təşəbbüsü ilə Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuş, nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin “İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanları respublikada ədliyyə sahəsində köklü islahatların aparılmasında dönüş nöqtəsi olmuşdur. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi - referendum vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına məhkəmə və hakimlərin fəaliyyətini tənzimləyən bir sıra normaların daxil edilməsi ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsini təmin edib. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixində “Məhkəmələr və hakimlər haqqında” qanun qəbul edilib, bundan sonra məhkəmə-hüquq islahatları ardıcıl xarakter alıb. 2002-ci ilin 24 avqust tarixində referendum əsasında Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər respublikada ədliyyə orqanlarının fəaliyyətini daha da təkmilləşdirib. Konstitusiyanın 96-cı maddəsinə edilmiş dəyişikliklə Ali Məhkəməyə qanunvericilik təşəbbüsü hüququ verilib, hər bir vətəndaşın hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ təmin edilib. Bununla əlaqədar “Konstitusiya Məhkəməsi haqqında” qanuna da əlavə və dəyişikliklər olunub, ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanı yaradılıb.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ədliyyə orqanlarına qayğı ilə yanaşır, bu strukturun işinin səmərəli qurulmasına və xalqa ləyaqətlə xidmət etməsinə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, ötən müddət ərzində ədliyyə orqanlarının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il 18 aprel tarixində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni təsdiq edib. Həmin il avqustun 17-də dövlətimizin başçısının imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman isə Azərbaycan ədliyyəsinin fəaliyyətinin təkmilləşdirilməsi işində mühüm əhəmiyyətə malik olub. Bununla da Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilib, yeni vəzifələr həvalə edilməklə, onun strukturu təkmilləşdirilib. Həmçinin xüsusilə bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırıb. Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzinin əsasında Ədliyyə Akademiyasının yaradılması da bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Bu, ədliyyə sahəsində kadr hazırlığı məsələlərinin uğurla həyata keçirilməsinə mühüm töhfələr verib. Ədliyyə Nazirliyi tərəfindən İKT-nin tətbiqi daim diqqətdə saxlanılır və bu sahədə davamlı işlər görülür. Mühüm məqamlardan biri də budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatlar çərçivəsində qabaqcıl xarici təcrübələrin öyrənilməsinə, beynəlxalq əlaqələrin inkişafına böyük önəm verilərək xarici ölkələrin ədliyyə qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilir.
2009-cu ildə isə dövlət başçısı tərəfindən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın qəbul olunması ədliyyə və məhkəmə sahəsində islahatların gələcək inkişaf perspektivlərini müəyyən etmişdir. Azərbaycan ədliyyəsinin dinamik inkişafının təmin olunmasına, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsinə, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılmasına, kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş bu Proqram çərçivəsində kompleks tədbirlər həyata keçirilir.
Ədliyyə sahəsini əhatə edən reformalar məhkəmə-hüquq sahəsində də uğurla davam etdirilir. Prezident İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq məhkəmə sistemi də daim təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilir, qanunvericilik və institusional islahatlar aparılır, məhkəmələrin infrastrukturu yüksək statusuna uyğun yaxşılaşdırılır və müasirləşdirilir. Prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycan dünya birliyinə inteqrasiya yolunu seçib, müasirləşir və zənginləşir. Siyasi islahatlar, məhkəmə-hüquq sistemində islahatlar paralel şəkildə aparılır.
Bu sahədə aparılan islahatlara nüfuzlu beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilir, ölkəmizin nailiyyətləri yüksək qiymətləndirilir. Belə ki, Avropa Şurası Azərbaycanda hakimlərin seçim prosedurunu şəffaflığı və obyektivliyinə görə fərqləndirərək örnək kimi dəyərləndirib və digər dövlətlərə tövsiyə edib. Həmçinin avropalı ekspertlər ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycanın bir çox Avropa ölkələrinə nümunə olduğunu qeyd edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncam da ədliyyə sahəsində islahatların həyata keçirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu Sərəncamın imzalanması penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində tarixi addımdır. Təsadüfi deyil ki, bəhs edilən Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsi kimi dəyərləndirilir. Sözügedən Sərəncamla qarşıya cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması kimi mühüm məqsədlər qoyulub. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub. İstiqamətlərdən biri məhkəmələrin cəza təyin edən zaman sosial ədalətin bərpasına çalışmalarını, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmalarını, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələrini özündə ehtiva edir. Digər istiqamət isə qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunmasından ibarətdir.
Bütövlükdə, diqqət yetirilən məqamlar deməyə əsas verir ki, Azərbaycanda ədliyyə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, ədliyyə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlər uğurlu nəticələr verir.
Kərimova Tamilla Hüseynbala qızı,
Bakı şəhəri 46 saylı notariat
kontorunun xüsusi notariusu

Paylaş:
Baxılıb: 759 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31