Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının qorunması: tarixi təcrübə və müasir reallıqlar kontekstində

Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının qorunması: tarixi təcrübə və müasir reallıqlar kontekstində

30.10.2018 [15:51]

Müasir dövrdə qloballaşma şəraitində qadınların cəmiyyət həyatında fəal təmsilçiliyi, gender bərabərliyi kimi məsələlər bəşəriyyət üçün mühüm aktuallığa malikdir. Hazırda əsas beynəlxalq sənədlərdə, hüquqi-normativ aktlarda cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Ümumiyyətlə, qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühüm yer tutur. Ona görə də hazırda dünya dövlətlərinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Təəssüflər olsun ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Beynəlxalq konvensiyalarda da təsbit edilib ki, zorakılığın hər bir növü qəbuledilməz və dözülməzdir. Bu baxımdan, ekspertlər dünya ictimaiyyətinin sözügedən məsələyə həssas yanaşmasının, gender siyasətinin tənzimlənməsinin və zorakılıqla mübarizədə effektiv nəticələr əldə etmək üçün real təşəbbüslərin ortaya qoyulmasının zəruriliyini bildirirlər. 

Ümumiyyətlə, gender bərabərliyi və dövlətlərin gender siyasəti ilə bağlı tarixi xronikaya nəzər saldıqda bəlli olur ki, ayrı-ayrı cəmiyyətlərdə qadınlar bu istiqamətdə onilliklərlə davam edən gərgin mübarizə aparmaq məcburiyyətində qalıblar. Seçib-seçilmək, təhsil hüquqları əldə etmək, ictimai-siyasi proseslərdə təmsil olunmaq imkanları, eləcə də ailə mühitində bərabərliyə əsaslanan status qazanmaq kimi məsələləri ehtiva edən bu mübarizə bir çox hallarda istənilən nəticəni verməyib - uğursuzluğa düçar olub. Hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində Avropada və Şimali Amerikada qadın hərəkatı geniş vüsət almışdı ki, onun da başlıca motivini qadınlara səsvermə hüququnun verilməsi təşkil edirdi. Tarixdə "Sufrajistlər hərəkatı" adlanan bu hərəkat bir sıra Qərb ölkələrində qadınların kişilərlə bərabər seçki hüquqlarına sahib olmasınadək davam etdi ki, bu da XX əsrin ortalarını əhatə edirdi.

Şərqin ilk demokratik respublikasını yaradan Azərbaycanda qadınlara səsvermə hüququ 1918-ci ildə verilib

Bu məqamda vurğulamaq yerinə düşər ki, gender bərabərliyinin çox mühüm tərkib hissələrindən biri olan qadınlara seçki hüququnun verilməsi sahəsində Azərbaycan təcrübəsi unikal nümunələrdəndir. Əvvəla qeyd edək ki, bir sıra aparıcı Qərb ölkələrindən fərqli olaraq Azərbaycanda qadınların siyasi hüquqları uğrunda kütləvi mitinqlər keçirilməyib. Buna rəğmən, Azərbaycan qadınları səsvermə hüququnu bəzi Qərb ölkələrində olduğundan daha əvvəl alıblar. Belə ki, Şərqdə ilk demokratik respublika quran Azərbaycanda qadınlara səsvermə hüququ 1918-ci ildə verilib. Məlumat üçün qeyd edək ki, ABŞ-ın bütün ərazisində qadınlara səsvermə hüququ 1920, Böyük Britaniyada 1928, Fransa və İtaliyada 1945, Yunanıstanda isə 1952-ci ildə verilib.
Qadınlara səsvermə hüququnun verilməsi ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qadınların hüquqlarının qorunması, onların cəmiyyət həyatında fəal iştirakının təmin və təşviq edilməsi üçün mühüm qanun və qərarlar qəbul edilmişdir. 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların azyaşlı uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması bu kontekstdə xüsusi qeyd edilməlidir. Xalq Cümhuriyyəti dövründə Bakı Qadın Müsəlman Xeyriyyə Cəmiyyətinin nəzdində qadın peşə məktəbi yenidən açılmışdı və təhsil almaq imkanı olmayan qadınlar üçün orada real imkanlar yaradılmışdır. Bundan başqa tədris müəssisələrinin milliləşdirilməsinin səmərəli həyata keçirilməsi məqsədilə orta və ibtidai məktəblərin milli sinif müəllimlərinin hazırlanması üçün 17 iyul 1919-cu il tarixində qəbul edilmiş qanuna əsasən Bakıda və Gəncədə ikiaylıq qadın pedaqoji kursları açılmışdır. 1919-cu ilin sentyabrında Bakıda, Gəncə və Şəkidə ikiillik qadın pedaqoji kurslarının açılması haqqında qanun layihəsi hazırlanmışdır.

Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub

Azərbaycan 1991-ci ildə bir əsrdə ikinci dəfə dövlət müstəqilliyi əldə etdikdən, daha dəqiq desək 1993-cü ilin iyunundan sonra ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması üzrə sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, mühüm qanunlar və qərarlar qəbul olunub. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Ümummilli lider Heydər Əliyevin hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1969-1982-ci illərdə respublikamızın sosial-mədəni həyatında qadınların rolu xeyli artıb. Həmin vaxt işləyən qadınların ümumi sayında müəllimlər 47 faiz, həkimlər 60 faiz, tələbələr 43 faiz, elmi işçilər 37 faiz təşkil edirdi. Eyni zamanda müstəqillik illərində də bu siyasət uğurla davam etdirilib və mühüm nailiyyətlər əldə olunub. Bu kontekstdə bir neçə məqama xüsusi olaraq nəzər yetirmək məqsədəmüvafiqdir.
Əvvəla qeyd edək ki, ölkəmizdə qadınların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da öz əksini tapıb. Buna paralel olaraq Azərbaycan Respublikası gender siyasətinin daha da inkişaf etdirilməsi üçün gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında", 2000-ci ildə isə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamları imzalanıb ki, bütün bunlar ölkəmizdə qadın hüquqlarının qorunması, onların cəmiyyətin müxtəlif sahələrində uğurlu iştirakçılığının təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Müasir çağırışlara və milli dəyərlərə əsaslanan dövlət qadın siyasəti uğurla davam etdirilir

Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizdə qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb. 2006-cı ildə dövlətimizin başçısının Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 9 avqust 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" təsdiq edilib. Əsasnaməyə əsasən, Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, inkişafını təmin edərək qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması ilə müstəqil respublikamızın ailə siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsası qoyulub. Komitə bu sahədə Dövlət proqramlarının uğurla reallaşdırılması və digər dövlət qurumları ilə səylərin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparır. Komitənin fəaliyyətinin əsas istiqaməti həssas qruplardan olan ailələrə, sadəcə, yardım göstərmək deyil, eyni zamanda, onları ictimai həyata cəlb etməkdir.
Azərbaycanda gender siyasətinə dair zəngin hüquqi baza mövcuddur
Azərbaycanda sözügedən istiqamətdə həyata keçirilən səmərəli siyasətin əhəmiyyətli nəticələrindən biri də budur ki, bu sahədə zəngin qanunvericilik bazası formalaşdırılıb. Belə ki, qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunub. Qəbul olunmuş bir sıra Dövlət proqramları, o cümlədən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyətə malik olub. Azərbaycan Respublikası Milli Məclisinin komitələrindən biri ailə, qadın və uşaq məsələlərinin həlli istiqamətində fəaliyyət göstərir. Azərbaycan dövləti həmçinin genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir.
Şübhəsiz ki, uğurlu dövlət qadın siyasəti qadınların ictimai-siyasi fəallığının artmasını, onların dövlət idarəçiliyində səmərəli təmsilçiliyinin təmin olunmasını şərtləndirib. Təsadüfi deyil ki, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Milli Məclisdə qadınların xüsusi çəkisi 16,1 faizdir. 2014-cü ildə keçirilmiş son bələdiyyə seçkilərində 5236 nəfər qadın bələdiyyə üzvü seçilib. Bütün bunlar idarəetmənin müxtəlif sahələrində qadınların çəkisi və rolunun artmasını ifadə edir.
Bütövlükdə isə, cəmiyyətimizdə qadınların ictimai və siyasi fəallığının artırılmasına yönəlik tədbirlər davamlı xarakter daşıyır, yəni mütəmadi olaraq həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında rolu böyükdür. Mehriban xanım Əliyevanın humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir. Digər tərəfdən, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu digər sahələrlə yanaşı, qadın hüquqlarının qorunması, qızların təhsilə cəlb olunması üzrə də geniş fəaliyyət göstərir. Fond nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın problemlərinin həlli yönündə tədbirlər həyata keçirir.

Media gender bərabərliyinin təmin edilməsini stimullaşdırmaq üçün ən mühüm vasitələrdəndir

Heç şübhəsiz, ayrı-ayrı ölkələrin təcrübəsi deməyə əsas verir ki, KİV cəmiyyətdə gender bərabərliyinin təmin edilməsini stimullaşdırmaq üçün ən mühüm vasitələrdəndir. Hazırda qlobal səviyyədə "Jurnalistlərin Peşə Davranışı Qaydaları" (etik kodeks) gender balansının təmin edilməsinə töhfə vermək üçün mütəmadi olaraq yenilənir.
Ümumiyyətlə, media prinsip etibarilə cəmiyyətin inkişafı - tərəqqisi baxımdan vacib olan məsələlərlə bağlı stimullaşdırıcı faktor kimi çıxış edir. Ona görə də həm çap mətbuatından, həm də elektron – onlayn mediadan gender bərabərliyinin təmin olunması məsələsində mühüm təşviq mexanizmi kimi istifadə olunması məqsədəmüvafiqdir. KİV-də gender balansının əhəmiyyətinin, bu sahədə milli və beynəlxalq təcrübənin, mövcud reallıqlar, görülmüş işlərin və qarşıda duran vəzifələrin cəmiyyətə dolğun surətdə çatdırılması, səmərəli ictimai dialoq və müzakirə platformasının yaradılması mühüm əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, Azərbaycan mediası bu sahədə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, gender bərabərliyi və qadın hüquqlarının qorunması istiqamətində həyata keçirilən səmərəli dövlət siyasətinə öz informasiya dəstəyini verir.
Nadir AZƏRİ
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma" regional proqramı tərəfindən jurnalistlər arasında "Gender hüququ: gender balansın stimullaşdırılmasında medianın rolu" mövzusunda keçirilən müsabiqəyə təqdim edilir

Paylaş:
Baxılıb: 908 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31