Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Şahdağ” Turizm Mərkəzinə media-tur keçirilib

“Şahdağ” Turizm Mərkəzinə media-tur keçirilib

26.12.2018 [13:32]

“Şahdağ” Turizm Mərkəzinə turistlərin daha çox gəlməsi üçün bir sıra işlər həyata keçiriləcək. Qarşıda duran əsas məqsədlərdən biri turizm mərkəzində əyləncə növlərini çoxaltmaq və xidmət səviyyəsini yüksəltməklə qonaqlar üçün daha cəlbedici şərait yaratmaqdır. Turistlərin sayı hava şəraiti ilə də birbaşa bağlıdır. Qış fəsli yeni başlayıb. Verilən hava məlumatına görə sabahdan Şahdağ ərazisinə qar yağacağı gözlənilir. Həftə sonundan etibarən xarici qonaqlarımızın sayının artacağı gözlənilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri dekabrın 26-da “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler istirahət mərkəzinə təşkil olunan media-tur çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzinə media-turu Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə təşkil edilib.

Mətbuat konfransında çıxış edən Rodderix Mark Leffler bildirib ki, kompleks ərazisində qonaqların rahatlığını təmin etmək üçün bu mövsüm ilk dəfə olaraq kinoteatr, gecə klubu, supermarket eləcə də başqa əyləncə və iaşə mərkəzləri istifadəyə verilib.

Bir həftədən sonra Turizm Mərkəzində start nöqtəsi dəniz səviyyəsindən 2 min 351 metr hündürlükdə yerləşən və çətinlik səviyyəsinə görə “qara zolaq” adlandırılan yeni xizək yolu istifadəyə veriləcək.

Xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi qış əyləncəsi qonaqların zövqünü oxşayacaq.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bu qış turizm mövsümündə ölkəmizin istirahət yerlərinə o cümlədən “Şahdağ” Turizm Mərkəzinə daha çox əcnəbi turistin gələcəyinin proqnozlaşdırıldığını bildirib. Bu ilin 11 ayının nəticələrinə əsasən Azərbaycana gələn xarici turistlərin sayı 6 faiz artıb.

“Cari il turizm sahəsində struktur dəyişiklikləri ili kimi yadda qaldı. Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradıldı. Ölkəmizin yeni turizm brendi təqdim olundu. Dövlət Turizm Agentliyinin tabeçiliyinə verilən 20-dən çox qurum var ki, onlardan biri də “Şahdağ” Turizm Mərkəzidir. Bu qurumların hər birində daha effektiv fəaliyyətin təmin olunması üçün islahatlar aparılır. Agentlik tərəfindən bir sıra sahələrdə xarici mütəxəssislər işə cəlb olunub. “Şahdağ” Turizm Mərkəzinə də almaniyalı mütəxəssis rəhbərlik edir. Biz istəyirik qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirək. Bununla da ölkəmizə daha çox turist cəlb edək və onlar buradan məmnun ayrılsınlar”, - deyə Kənan Quluzadə bildirib.

Mətbuat konfransından sonra media nümayəndələri “Şahdağ” Turizm Mərkəzində turistlərə təklif olunan xidmətlərlə yaxından tanış olub. Jurnalistlərə buradakı şərait, göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verilib.

“Şahdağ” Turizm Mərkəzində 15 kanat xətti, asma buraz yollar, xizəkçilik və snoubord mərkəzləri yerli və əcnəbi turistlərin xidmətindədir. Eyni zamanda, kurort ərazisində 24 saat fəaliyyət göstərən tibbi klinika, dağ xizəkçiliyi məktəbi, geniş avtomobil dayanacağı mövcuddur.

“Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünə dekabrın 15-də start verilib.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31