Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bağçalara qəbul başlanıb

Bağçalara qəbul başlanıb

29.07.2023 [13:00]

Proses necə aparılır, hansı bağçalar daha yaxşıdır?

İyulun 25-də ölkəmizdə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna başlanılıb. Elektron sistem vasitəsilə həyata keçirilən proses valideynlər və təhsil müəssisələri üçün əlverişli olsa da, uşaq bağçalarının problemləri bununla tam həll edilmiş sayılmır. Belə ki, bağçalar haqqında mütəmadi səsləndirilən fikirlər və sosial şəbəkələrdə qeyd edilən narazılıqlardan aydın olur ki, bəzi uşaq bağçalarının şəraiti, infrastrukturu, mütəmadi olaraq uşaqlara yer tapılmaması valideynləri narahat edir. Hətta üzərində “körpələr evi” statusunun qeyd edilməsinə baxmayaraq, körpə qruplarının yığılmaması da problemə çevrilib.

Bütün bu çatışmazlıqlarla qarşılaşan valideynlər isə məcbur qalaraq, övladlarını özəl bağçalara əmanət edirlər.

Bağçaların hazırkı sayı...

Qeyd edək ki, hazırda ölkədə 1825 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 1692-si dövlətə məxsusdur. Burada 126 mindən çox uşaq tərbiyə alır. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində isə 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Orada isə 2152 qrupda 40634 uşaq təlim-tərbiyə alır.

Ölkədə 133 özəl bağça fəaliyyət göstərir ki, orada da 5124 uşaq var. Həmçinin bağçalarda təxminən 17218 nəfər işləyir.

Dövlət bağçalarının sayı qənaətbəxş deyil

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bağçalarla bağlı müəyyən fəaliyyət planı var: “Təxminən bir il öncə bağçalar Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Dövlət bağçalarının sayı o qədər də qənaətbəxş deyil və biz bunu bilirik. Bu məsələnin daha da genişlənməsi ilə bağlı həm Elm və Təhsil Nazirliyi,  Heydər Əliyev Fondu, həm də yerli icra  hakimiyyəti qurumları tərəfindən işlər görülür”.

Bağçaların tikintisi genişlənəcək

Cəsarət Valehov bağça tikintisinin də həyata keçirildiyini deyib: “Növbəti illər ərzində bu tikintilərin sürəti və miqyası daha da genişlənəcək. Qeyd edim ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri müəyyən olunub və mövcud olan bağçaların əsaslı təmiri, orada əlavə korpusların tikilməsi, yeni bağçaların tikintisi ilə bağlı işlər görülür. Yəqin ki, növbəti illərdə bu tikintilərin başa çatıb, açılışlarını görəcəyik”.

Yer məhdudiyyətinin səbəbləri...

Nazirlik rəsmisi qeyd edib ki, bütövlükdə dövlətin tabeliyində olan məktəbəqədər təhsil müəssislərinin sayı 1700-ə yaxındır: “Lakin burada bir neçə məsələ var. Belə ki, Bakı və digər böyük şəhərlərdə, xüsusən də insanların çox sıx yaşadığı mərkəzi ərazilərdə yerləşən bağçalarda yer məhdudiyyəti müşahidə olunur. Bu onunla əlaqədardır ki, xüsusən də işləyən qadınlar övladlarını bağçalara qoymağa çalışır və bu, çox yaxşı addımdır. Çünki insan kapitalının inkişafı ilk təhsildən, yəni bağçadan başlayır, daha sona növbəti təhsil proseslərində davam edir”.

Valideynlərin narazılığını başa düşürük

C.Valehov, həmçinin bildirib ki, ölkəmizdə ötən ildən başlayaraq uşaqların bağçalara qəbulu elektron qeydiyyatla həyata keçirilir: “Bu, şəffaf sistemin yaradılmasına xidmət edir. İnsanlar heç kimi görmədən, elektron sistem üzərindən övladlarını bağçalara qeydiyyata sala bilirlər. Lakin qeyd etdiyim kimi, sıxlıq ərazilərdə uşaqların qeydiyyatı zamanı növbələr yaranır və valideynlər də bundan narazılıq edirlər. Əlbəttə ki, bu narazılıqları başa düşürük, işləyən qadınlar övladlarını bağçaya qoymağa çalışır, bu, çox vacibdir. Qeyd edim ki, insanların sıx yaşadığı ərazilərdə, xüsusən də işləyən qadınların bu prosesdə öndə olması üçün müəyyən alqoritmlər tətbiq olundu və bu proses üzərində işlənilir. Daha bir məsələ, elə bağçalar var ki, şəhər kənarında, insanların sıx olmadığı ərazidə yerləşir. Əksərən bu cür ərazilərdə yerləşən bağçalara uşaqlar az gəlir, yerlər boş qalır. Yəni, bağça var, amma uşaqların ora getməsi o qədər də çox deyil”.

Şəffaf sistemin şahidi olacağıq...

C.Valehovun sözlərinə görə, bu günlərdə bağça müdirlərinin işə qəbulu ilə bağlı şəffaf prosesə start veriləcək: “Nəticədə yaxın günlərdə bağçalara yeni müdirlər təyin olunacaq. Məlum olduğu kimi, məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu imtahan prosesi ilə həyata keçirilir. Bağça müdirlərini də bu prosesdən keçiririk. Əminliklə deyə bilərəm ki, növbəti illərdə məktəbəqədər təhsilin həm idarə edilməsində, həm məzmun keyfiyyətinin yenilənməsində, müəllimlərin, eləcə də texniki personalın işə qəbulunda şəffaf sistemin qurulmasının şahidi olacağıq və bu istiqamətdə işlər görülür. Artıq xeyli vaxtdır ki, Bakı (bir qisim), Gəncə, Mingəçevir və Bərdədəki bağçalarda uşaqlara isti yeməklərin verilməsi ilə bağlı pilot layihənin icrasına başlanılıb. Məlum olduğu kimi, bir sıra bağçalarda yeməklərin bişirilməsi, hazırlanmasında bir sıra pozuntulara yol verilirdi, son nəticədə uşaqlara çatan qida rasionunda müəyyən problemlər yaranırdı. Belə ki, ya onlara qida çatmırdı, ya da qida rasionu tam təmin olunmurdu.  Hazırda uşaqlara isti yeməklər verilir. Bu, pilot şəkildə edilir. Valideynlər tərəfindən də bu məsələ xoş qarşılanır”.

Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, əvvəllər bağçalara qəbul prosesi kortəbii şəkildə aparılırdı: “Bağça müdirləri tərəfindən korrupsiya və ya tanışlıq amilləri nəzərə alınırdı. Ancaq hazırda Elm və Təhsil Nazirliyi tərəfindən şəffaf bir sistem yaradılıb, yeni məktəbəqədər təhsil sistemi var. Valideynlər elektron qaydada qeydiyyatdan keçərək sorğu göndərə bilirlər. Təbii ki, boş yer olduqda onların sorğusu qəbul edilir. Sorğu qəbul edildikdən sonra lazımi sənədlər bağçaya təhvil verilir”.

Dövlət, yoxsa özəl bağça?

E.Əfəndi, həmçinin dövlət və özəl bağçaların özəlliklərindən də söz açıb: “Özəl bağçalarda rus və ingilis dili bölmələri tətbiq olunduğu halda, dövlət bağçalarında daha çox Azərbaycan dilinə üstünlük verilir. Özəl bağçalardakı ən böyük problem müəllimlərin bəzən qeyri-ixtisas sahibi olmalarıdır. Digər tərəfdən özəl bağçaların tikilmə üslubu, rəngarəngliyi, dizaynı dövlət bağçalarına nisbətən insanları daha çox cəlb edir. Görüntüyə önəm verdiyi üçün insanlar daha çox özəl bağçalara can atırlar. Dövlət bağçaları isə adətən standartlar üzərində tikilir. Dövlət və özəl bağçalar arasındakı ən böyük fərq lisenziyanın olub-olmamasıdır. Valideyn bağça seçərkən bununla maraqlanmır. Lisenziyasız bağçalarda dövlət standartına uyğun olmayan quruluş və təhsilə üstünlük vermə halları müşayiət olunur. Müxtəlif proqramlarla işləyən bağçalar da var ki, həmin proqramlar üçün lisenziya alınmalıdır. Bundan əlavə, paytaxt ərazisindəki bir çox bağçalarda kameralar quraşdırılsa da, valideynlərə onları izləmə imkanı verilmir. Lakin özəl bağçalarda valideynlər övladlarını kamera vasitəsilə daim izləyə bilirlər”.

Təlim və tədris prosesi daha vacibdir...

Ekspert qeyd edib ki, Azərbaycanın bir sıra rayonlarında da inşa edilən uşaq bağçaları var ki, onların fəaliyyəti dövlət standartlarına uyğun təşkil olunub: “Burada uşaqların dünyagörüşünü zənginləşdirmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə olunması vacib məqamlardan biridir. Bütün hallarda harda yerləşməsindən, dövlət və ya özəl olmasından asılı olmayaraq, uşaqların orta məktəbə hazırlanması, təlim və tədris məsələsinə xüsusi diqqət ayrılmalıdır”.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 694 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31