Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Prosedur sadələşdirildi...

Prosedur sadələşdirildi...

28.12.2023 [11:30]

Alimentin ödənilməsinə dair narazılıqlar bitəcək?

Y.SAHİB

Boşanma zamanı fərdlərin qərarına təsir edən əsaslı ünsürlərin başında aliment ödəmək məsuliyyəti dayanır. Məlumdur ki, aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir. Boşanma mərhələsində olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasa da, bir çox halda bu qərarın icrasına əməl etmirlər.

Bildiyimiz ki, aliment təyin edilərkən tərəflərin sosial və maliyyə durumu mühüm amil kimi götürülür. Buna görə alimentin miqdarı ailədən-ailəyə dəyişir. Bir acınacaqlı məqam var ki, uşağa aliment verməkdən qaçmaq üçün maaşını az yazdıranlar da az deyil. Cəmiyyətimizdə alimentlə bağlı bilinən doğru və yanlışlar var. Bu sahədə ən ciddi problem isə alimentlə bağlı məhkəmə qətnamələrinin icra edilməməsidir.

Bu günlərdə Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirib. Ailə Məcəlləsinə əsasən, uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxıb. Mülki və Kommersiya kollegiyaları bu tələbə hansı icraat qaydasında baxılması, habelə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi ilə bağlı qərar qəbul edib.

3 ilədək azadlıqdan məhrumetmə...

Hüquqşünas Nadir Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, alimentin ödənilməsi ilə bağlı prosedurun sadələşdirilməsi bu sahədə olan bəzi neqativ halların aradan qalxmasına şərait yaradacaq. Onun sözlərinə görə, aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının və ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur: “İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Bu tədbirlər nəticə vermədikdə şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə məsuliyyətə cəlb edilir. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Gördüyümüz kimi, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur”.

Məsuliyyət yalnız bir valideynin üzərinə düşməməlidir...

Hüquqşünas vurğulayıb ki, bir çox valideyn məhkəmə qərarı olmadan da həyat yoldaşından boşansa belə, övladlarının bütün təminatlarını ödəməyə çalışır: “Deyə bilmərik ki, valideynlərin hamısı aliment ödəməkdən yayınır. Ümumiyyətlə, valideynlər bilməlidir ki, uşaqlar valideynlərinin boşanmasına görə hər hansı məhrumiyyətə düçar olmamalı, hər iki valideyn onların normal böyüməsi, yetişməsi üçün tam şərait yaratmağa çalışmalıdır. Yəni, bu məsuliyyət yalnız bir valideynin üzərinə düşməməlidir. Hər iki valideyn uşağın tərbiyəsində, eləcə də maddi ehtiyaclarının qarşılanmasında əl-ələ verməlidir”.

Prosedurun sadələşdirilməsi mühüm addım olacaq

Hüquqşünasın sözlərinə görə, alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqəli qanunda bütün lazımı tədbirlər nəzərdə tutulsa da, bəzi hallarda çətinlik yaranır: “Valideyn işsiz olduqda boşandıqdan sonra alimentin ödənməsində çətinliklər yaşanır. Qeyd edim ki, bu gün boşanmaların əksər hissəsi maddi imkansızlıqdan baş verir, belə olan halda da boşanmadan sonra aliment ödənməsi mümkün olmur. Amma düşünürəm ki, vicdanı olan ata məcburiyyət tədbirləri olmadan belə, imkanı çatan vəsaiti övladından əsirgəməz”.

Alimentin ödənməsində ən böyük çətinlik isə aliment ödəməli olan valideynin ölkədən kənarda olduğu zaman yaranır: “Təəssüf ki, belə hallara da rast gəlinir. Lakin düşünürəm ki, alimentin ödənilməsi ilə bağlı qaydaların sadələşdirilməsi bu kimi problemlərin həlli istiqamətində mühüm addım olacaq”.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31