Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Peşə təhsilimiz yeni modelə keçir

Peşə təhsilimiz yeni modelə keçir

04.12.2025 [09:55]

Hansı məqamlar nəzərə alınmalıdır?

Dual təhsil sistemi dünya təcrübəsində...

Son zamanlar ölkəmizdə dual təhsil modelinə maraq artmaqdadır. Dual təhsil nəzəri dərslərlə praktiki iş təcrübəsini birləşdirən təhsil modelidir. Bu sistemdə tələbə tədris prosesinin müəyyən hissəsini təhsil müəssisəsində nəzəri biliklər alaraq, digər hissəsini isə müəssisə və ya şirkətdə real iş şəraitində praktik bacarıqlar qazanaraq keçir. Yəni təhsil və istehsalat paralel şəkildə həyata keçirilir.

Mütəxəssislər dual təhsilin ilk növbədə praktiki biliklərin artırılmasında mühüm rol oynadığını qeyd edirlər. Bundan başqa, dual təhsili bitirənlərin əmək bazarına uyğunlaşması daha asan olur. Çünki onlar artıq peşə təcrübəsi qazanmış olurlar.

Dual təhsildə normativ-hüquqi baza hazırlanacaq

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Museyibzadə bildirib ki, 2027-2030-cu illərdə dual təhsil (iş yerində öyrənmə) üzrə normativ-hüquqi bazanın hazırlanması planlaşdırılır.

Onun sözlərinə görə, dual təhsil üzrə tənzimləyici normativ-hüquqi bazanın olmaması müəyyən çətinliklər yaradır: “Bu çətinliklərin aradan qaldırılması istiqamətində 2027-2030-cu illər ərzində sözügedən təhsil sistemində normativ-hüquqi bazanın hazırlanması planlaşdırılır. Bunun üçün ilk növbədə dual təhsilin “Peşə təhsili haqqında” Qanuna inteqrasiya edilməsi lazımdır. Həmçinin dual təhsilin keçirilməsi üzrə çərçivə sənədlərin hazırlanması, peşə təhsili müəssisələrinin və işəgötürənlərin öhdəliklərinin müəyyənləşdirilməsi, təhsilalanların və təhsilverənlərin əməyinin ödənişi üzrə tənzimləyici qaydaların tərtib edilməsi, keyfiyyətin ölçülməsi üzrə mexanizmlərin müəyyənləşdirilməsi, təhsilalan və təhsilverənlərin etik davranış kodeksinin hazırlanması əsas hədəflərdəndir”.

Təhsil üzrə ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ölkəmizdə peşə təhsilinə tələbatın son beş ildə iki dəfə artması, yeni peşə mərkəzlərinin açılması, qadınların iştirak payının 39 faizə yüksəlməsi və regionlarda təlim infrastrukturunun genişlənməsi göstərir ki, sistem kəmiyyət artımını artıq tamamlayır və keyfiyyət mərhələsinə daxil olur: “Bu mərhələdə planlaşdırma, monitorinq, analitika və icra funksiyalarının daha dəqiq bölünməsi tələb olunur və aparılan struktur dəyişikliyi məhz bu ehtiyacdan doğur. “Təhsil haqqında” Qanunun 5-ci maddəsi təhsilin məqsəd və prioritetlərinə uyğun olaraq vahid dövlət siyasətinin qurulmasını tələb edir. Peşə təhsili ilə bağlı normativ sənədlərdə də siyasətin müəyyənləşdirilməsi ilə icranın ayrı qurumlar tərəfindən həyata keçirilməsi prinsipi təsbit edilir. Nazirlik daxilində strateji bölmənin yaradılması bu hüquqi və funksional bölünməni daha aydın edir, siyasətin formalaşdırılmasını mərkəzləşdirir və analitik qərarverməni gücləndirir. İcraedici qurumun fəaliyyətinin davam etməsi isə həm əməliyyat çevikliyini qoruyur, həm də qanunvericiliyin tələb etdiyi “əməliyyat-icra” modelini təmin edir”.

Dual təhsilin əhəmiyyətləri

E.Əfəndi qeyd edib ki, dual təhsil uzun müddətdir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində tətbiq olunan idarəetmə modelinə uyğunluq yaradır və təhsilin bütün pillələri arasında koordinasiyanın gücləndirilməsi baxımından mütərəqqi addımdır: “Müsbət tərəflərdən biri odur ki, yeni struktur ixtisasların planlaşdırılması prosesində analitikanın rolunu artırır. Hazırkı statistik göstəricilər ölkənin qeyri-neft sektorunda orta ixtisaslı kadrlara tələbatın ilbəil artdığını göstərir; sənaye, aqrar və xidmət sahələrində 2023-2024-cü illər dövründə peşə təhsili tələb edən vakansiyaların sayında 11 faiz artım qeydə alınıb. Analitika və planlaşdırma funksiyalarının nazirlik səviyyəsində gücləndirilməsi ixtisasların məzmununun əmək bazarına uyğunlaşdırılmasını sürətləndirə bilər. Bu, xüsusilə regionlarda yeni sənaye zonalarının, aqrar parkların və texnoloji məkanların fəaliyyyətə başlaması fonunda vacibdir. İxtisas xəritələrinin yenilənməsi və tələb-təklif balansının daha dəqiq hesablanması kadr hazırlığının keyfiyyətinə birbaşa təsir göstərir”.

Peşə təhsili və müəssisə əməkdaşlığı dərindən qurulmalıdır

Ekspertin sözlərinə görə, dual təhsil modeli nəzarət mexanizmlərini mərkəzləşdirərək real sektorla bağlanan müqavilələrin icrasını, təcrübə proqramlarının effektivliyinin ölçülməsini və müəssisələrin prosesə nə dərəcədə cəlb olunduğunu izləməyi mümkün edir: “Dünya təcrübəsi göstərir ki, Almaniya, Avstriya və İsveçrə kimi ölkələrdə peşə təhsilinin uğuru məhz bu inteqrasiyanın dərinliyi ilə bağlıdır. Həmin ölkələrdə dual təhsil modeli nəticəsində gənclər arasında işsizlik 6-8 faiz səviyyəsindədir, halbuki OECD ortalaması 13 faizdir. Bu müqayisə onu göstərir ki, peşə təhsili və müəssisə əməkdaşlığı dərindən qurulmadıqca sistem real nəticə vermir. Struktur dəyişikliyinin potensial təsirlərindən biri də regionların inkişafında balansın güclənməsi ola bilər. Hazırda ölkədə 27-dən çox yeni peşə tədris mərkəzi fəaliyyət göstərir və tələbə axınının regionlara yayılması sosial-iqtisadi tarazlığa müsbət təsir göstərir. Nazirlik səviyyəsində siyasətin formalaşdırılması regionlar üzrə ixtisaslaşma, resurs bölgüsü və prioritet sektorların müəyyənləşdirilməsini daha dəqiq istiqamətləndirə bilər. Bu isə regionlarda işsizliyin azaldılması və yerli kadr potensialının gücləndirilməsi baxımından əhəmiyyətlidir”.

Bu məqamlara diqqət edilməlidir...

Ekspert qeyd edib ki, dual təhsil sisteminin qarşısında ciddi çağırışlar qalmaqdadır: “Müəllim və ustad-müəllim çatışmazlığı hələ də həllini gözləyir. Hazırda peşə təhsili sektorunda çalışan pedaqoji heyətin 43 faizi ixtisasartırma təlimlərindən keçməyib və bu, keyfiyyət fərqlərinin əsas səbəblərindən biridir. Digər çağırış müəssisələrin prosesə cəlb edilməsinin hələ də qeyri-bərabər olmasıdır. Üçüncü çağırış peşə təhsilinin sosial imicidir, tələbə sayı artsa da, hələ də geniş ictimaiyyət bu modeli ikinci seçim kimi qəbul edir. Dördüncü çağırış ixtisasların müəyyənləşdirilməsində və kurikulumların yenilənməsində çevikliyin artırılmasıdır. Əmək bazarı sürətlə dəyişir, lakin tədris proqramlarının yenilənmə tempi bəzən gecikir. Struktur dəyişikliyi bu prosesi sürətləndirmək üçün mühüm imkandır”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Siyasət

Siyasi kodlar

02 Dekabr 15:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31