Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zorakılığa aparan yol...

Zorakılığa aparan yol...

21.04.2026 [08:57]

Uşaq və gənclərdə aqressiya niyə artır?

Çıxış yolu nədir?

Uşaq və gənclər arasında aqressiyanın artması müasir dövrün ən ciddi sosial və psixoloji problemlərindən biri kimi diqqət çəkir. Bu halın yaranmasına təsir edən amillər çoxşaxəli və bir-biri ilə sıx əlaqəlidir. Çünki ailə mühitindən başlayaraq, məktəb, sosial çevrə, texnologiyanın təsiri və cəmiyyətin ümumi psixoloji durumu gənclərin davranışına birbaşa təsir göstərir.

Son zamanlarda müxtəlif ölkələrdə baş verən və böyük faciələrlə nəticələnən hadisələr, o cümlədən məktəblər də silahlı hücumlar, bu problemin nə qədər dərin və təhlükəli olduğunu açıq şəkildə göstərir. Belə halların yalnız fərdi psixoloji problemlərlə deyil, həm də sosial və mədəni faktorlarla bağlı olduğunu düşünməyə əsas verir.

Rəqəmsal platformaların təsiri də danılmazdır

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən psixoloq Aytək Ələkbərovanın sözlərinə görə, ailədə sevgi, diqqət və düzgün ünsiyyət çatışmazlığı uşaqlarda daxili gərginlik yaradır və bu gərginlik zamanla aqressiya formasında üzə çıxa bilir. Psixoloq qeyd edib ki, xüsusilə, valideynlər arasında münaqişələrin çox olduğu, zorakılığın müşahidə edildiyi mühitlərdə böyüyən uşaqlar davranış modellərini məhz bu şəkildə formalaşdırır və problemləri zorakı yollarla həll etməyə meyilli olurlar:

“Eyni zamanda məktəb mühitində yaşanan təzyiq, bullinq halları, müəllim-şagird münasibətlərindəki problemlər və uğursuzluq qorxusu da gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərərək onları aqressiv davranışlara yönəldə bilər. Bundan əlavə, sosial media və rəqəmsal platformaların təsiri də danılmazdır. Çünki gənclər gün ərzində çox vaxtlarını virtual aləmdə keçirir, burada zorakılıq elementləri ilə dolu oyunlar, videolar və xəbərlər onların şüuraltına təsir edir. Nəticədə reallıqla virtual dünya arasındakı sərhədlər zəifləyir, empatiya hissi azalır və aqressiv reaksiyalar daha tez ortaya çıxır. Bununla yanaşı, cəmiyyət daxilində sosial ədalətsizlik, iqtisadi çətinliklər və gələcəklə bağlı qeyri-müəyyənlik də gənclərdə narahatlıq və ümidsizlik yaradır ki, bu da öz növbəsində aqressiyanın artmasına səbəb ola bilər”.

Problemin qarşısını almaq üçün...

A.Ələkbərovanın sözlərinə görə, psixoloji dəstəyin çatışmazlığı da mühüm amillərdən biridir, çünki bir çox hallarda uşaqlar və yeniyetmələr yaşadıqları emosional problemləri bölüşə biləcək bir mühit tapmır: “Nəticədə bu duyğular yığılaraq partlayış nöqtəsinə çatır, bu isə həm özlərinə, həm də ətrafdakılara qarşı təhlükəli davranışlarla nəticələnə bilər. Ona görə də məktəblərdə psixoloqların fəaliyyətinin gücləndirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqlarla açıq ünsiyyət qurulması xüsusi əhəmiyyət daşıyır.

Nəticə etibarilə, uşaq və gənclərdə aqressiyanın artması tək bir səbəblə izah edilə bilməz və bu problemin qarşısını almaq üçün kompleks yanaşma tələb olunur. Çünki yalnız ailə, məktəb və cəmiyyət birlikdə hərəkət etdikdə, gənclərin sağlam psixoloji inkişafını təmin etmək və onları zorakılıqdan uzaq tutmaq mümkün ola bilər”.

Ailə, məktəb və cəmiyyət birlikdə hərəkət etməlidir

Təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, belə faciəvi hadisələr - istər xaricdə uşaqlar arasında baş verən zorakılıq aktları, istərsə də lokal səviyyədə müşahidə olunan aqressiv davranışlar əslində uzun müddət yığılan psixoloji problemlərin, diqqətsizliyin və sistemli boşluqların nəticəsidir: “Problemin qarşısını almaq üçün ailə, məktəb və cəmiyyət birlikdə hərəkət etməli, uşaqların emosional rifahı ən az akademik uğur qədər önəmli hesab olunmalıdır”.

Əsas problem ondan ibarətdir ki...

Ekspert qeyd edib ki, təhsil mühitində əsas problem ondan ibarətdir ki, uzun müddət diqqət əsasən akademik nəticələrə yönəlib: “Şagirdin emosional intellekti, stressə davamlılığı və sosial bacarıqları sistemli şəkildə inkişaf etdirilmədikdə, o, gündəlik çətinliklər qarşısında alternativ həll yolları tapmaqda çətinlik çəkir və bu boşluq çox zaman aqressiv reaksiyalarla kompensasiya olunur.

Bununla yanaşı, müasir dövrdə rəqəmsal mühitin təsiri də xüsusi qeyd olunmalıdır, çünki nəzarətsiz informasiya axını, zorakılıq elementləri olan oyunlar və sosial şəbəkələrdə təhqiramiz ünsiyyət formaları gənclərin psixoloji həssaslığını azaldaraq empatiya hissini zəiflədə bilir. Nəticədə emosional reaksiyalar daha kəskin və impulsiv xarakter alır.

Çıxış yolu isə sistemli və çoxsahəli yanaşmadan keçir, yəni yalnız məktəbdə deyil, ailə və ictimai səviyyədə də eyni istiqamətdə iş aparılmalıdır. Məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, emosional savadlılıq və münaqişələrin sülh yolu ilə həlli kimi bacarıqların tədris proqramına inteqrasiyası, müəllimlərin isə yalnız bilik ötürücüsü deyil, həm də emosional tənzimləyici rolunu mənimsəməsi vacibdir”.

Türkiyədə start verildi...

Türkiyədə təhsil müəssisələrində uşaqların və yeniyetmələrin iştirakı ilə baş verən silahlı insidentlər fonunda məzmun məhdudiyyətləri tətbiq edilən, o cümlədən onlayn oyunlara çıxışı bağlanan uşaq SIM-kartlarının tətbiqi planlaşdırılır.

Kahramanmaraş vilayətində yerləşən orta məktəbdə baş vermiş faciə ilə bağlı aparılan araşdırma zamanı müəyyən olunub ki, kütləvi qətl törədən VIII sinif şagirdi İsa Aras Mersinli “zorakılıq məzmunlu” kompüter və videooyunların aktiv istifadəçisi olub və hücum planlarını digər ölkələrdən olan oyunçularla bölüşüb. Xüsusilə, internetdə tanış olduğu Argentinadan olan qız bildirib ki, 14 yaşlı yeniyetməni doqquz nəfərin həyatına son qoyan cinayətdən çəkindirməyə çalışıb.

Türkiyədə analitiklər və ekspertlər hesab edirlər ki, əksər hallarda zorakılığı təbliğ edən videooyunlar aqressiv davranış riskini artırır. Oyun oynayan gənclər əsasən mobil telefonlardan istifadə edir, buna görə yaxın vaxtlarda VPN xidmətlərinin bloklanması, həmçinin yaşı 18-dək olan şəxslər üçün GSM tarif planlarına məhdudiyyətlərin tətbiqi planlaşdırılır.

Valideynlər onlayn oyunlara çıxışı bloklanan uşaq SIM-kartlarına nəzarət edə biləcəklər, oyunlara çıxış üçün istifadə olunan VPN xidmətləri isə əlçatmaz olacaq.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30