Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan–Ukrayna münasibətləri daha da dərinləşəcək

Azərbaycan–Ukrayna münasibətləri daha da dərinləşəcək

27.04.2026 [11:22]

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş və mətbuata verilən birgə bəyanatlar təkcə diplomatik protokol hadisəsi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində yeni siyasi mesajların səsləndiyi mühüm platforma kimi yadda qaldı. Bu bəyanat, sözün həqiqi mənasında, regionda və daha geniş coğrafiyada dəyişən güc balansının, əməkdaşlıq prioritetlərinin və strateji tərəfdaşlıqların mahiyyətini əks etdirən əhəmiyyətli siyasi sənəd təsiri bağışladı.

Prezident İlham Əliyevin çıxışı ilk növbədə Azərbaycan–Ukrayna münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, bu münasibətlərin əsasında qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə dəstək prinsipi dayanır. Bu isə təsadüfi deyil – çünki hər iki ölkə müxtəlif dövrlərdə ərazi bütövlüyü ilə bağlı ciddi sınaqlarla üzləşib və beynəlxalq hüququn aliliyini əsas mövqe kimi qəbul edib.

Bu kontekstdə səsləndirilən fikirlər, əslində, təkcə ikitərəfli münasibətlərə deyil, bütövlükdə beynəlxalq hüquq sisteminə verilən siyasi mesaj kimi də qiymətləndirilə bilər. Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyən, müstəqil siyasət yürüdən dövlətdir.

Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri iqtisadi və enerji sahəsində əməkdaşlıq idi. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir və bu kontekstdə Ukrayna ilə əməkdaşlıq yeni perspektivlər açır. Enerji sahəsində əməkdaşlıq artıq formalaşmış bir model üzərində inkişaf edir. Azərbaycan neft və qazının beynəlxalq bazarlara çıxarılması sahəsində əldə etdiyi təcrübəni bölüşür, eyni zamanda Ukraynanın enerji təhlükəsizliyinə töhfə vermək imkanlarını genişləndirir. Bu isə iki ölkə arasında münasibətləri daha da strateji səviyyəyə yüksəldir. Bununla yanaşı, sənaye və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunması, xüsusilə hərbi-sənaye kompleksi üzrə dialoqun aparılması, müasir çağırışlara adekvat yanaşmanın göstəricisidir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışında təhlükəsizlik məsələləri xüsusi yer tutdu. O, açıq şəkildə bildirdi ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan dünya nizamının tərəfdarıdır. Bu mövqe xüsusilə hazırkı mürəkkəb geosiyasi şəraitdə böyük əhəmiyyət daşıyır. Ukraynanın üzləşdiyi müharibə şəraiti fonunda Azərbaycanın balanslı və prinsipial mövqeyi diqqət çəkir. Azərbaycan bir tərəfdən beynəlxalq hüququ dəstəkləyir, digər tərəfdən isə dialoq və sülh təşəbbüslərini ön plana çıxarır. Məhz bu yanaşma ölkəmizi etibarlı tərəfdaş və potensial vasitəçi kimi önə çıxarır.

Görüş çərçivəsində səsləndirilən ən diqqətçəkən məqamlardan biri də Azərbaycanın mümkün danışıqlar platforması kimi qiymətləndirilməsi oldu. Bu, təsadüfi deyil. Son illərdə Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif tərəfləri bir araya gətirə bilən neytral və etibarlı məkan kimi tanınır. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti nəticəsində Azərbaycan artıq yalnız regional oyunçu deyil, həm də qlobal dialoq məkanına çevrilməkdədir. Ukrayna tərəfinin belə bir etimad nümayiş etdirməsi bu siyasətin uğurlu nəticəsidir.

Bəyanatda humanitar məsələlərə də xüsusi yer ayrıldı. Prezident İlham Əliyev Ukrayna xalqına dəstəyin vacibliyini vurğulayaraq, çətin dövrlərdə həmrəyliyin əhəmiyyətini önə çəkdi. Bu yanaşma Azərbaycanın xarici siyasətində insan amilinə verilən dəyərin bariz nümunəsidir. Eyni zamanda bu mesaj, dövlətlərarası münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla deyil, həm də mənəvi dəyərlərlə formalaşdığını göstərir.

Deyə bilərik ki, Aprelin 25-də səsləndirilən bəyanatları sadəcə rəsmi çıxış kimi qiymətləndirmək düzgün olmazdı. Bu, əslində, dəyişən dünya düzənində Azərbaycanın mövqeyinin, siyasi çəkisinin və diplomatik imkanlarının ifadəsi idi. Bu gün dünya yeni geosiyasi reallıqlar mərhələsinə qədəm qoyur. Belə bir dövrdə Azərbaycan öz müstəqil siyasəti, balanslı yanaşması və etibarlı tərəfdaş imici ilə seçilir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat da məhz bu reallığın siyasi ifadəsi kimi yadda qaldı.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və səsləndirilən fikirlər göstərdi ki, Bakı artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi dialoq mərkəzlərindən birinə çevrilməkdədir. Bu isə o deməkdir ki, Azərbaycan–Ukrayna münasibətləri yaxın gələcəkdə daha da dərinləşəcək, əməkdaşlıq yeni sahələri əhatə edəcək və bu tərəfdaşlıq regional sabitliyə mühüm töhfə verəcək.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30