Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 103 ölkədən 569 QHT...

103 ölkədən 569 QHT...

26.05.2026 [10:42]

WUF-la bağlı dünyada Azərbaycan təcrübəsinin öyrənilməsini təklif edir

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Eyni zamanda, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur.  Məhz bu səbəblərdən də, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda yüksək səviyyədə keçirilməsi də bu reallıqların əyani nümunəsidir.

Əlbəttə, belə bir qərarın qəbul olunması heç də təsadüfi deyil. Çünki Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi var. Günümüzədək gəlib çatan qala şəhərlər, memarlıq abidələri tarixin daş yaddaşı kimi səciyyələndirilir. Texnologiyanın inkişafının zəif olduğu dönəmlərdə inşa olunan və bu gün də memarlıq əhəmiyyətini itirməyən, gözəlliyi ilə insanları valeh edən tikililər əcdadlarımızın yaradıcılıq təxəyyülünün nə qədər geniş olduğunu təsdiqləyir. Bu qəbildən olan tikililər, eyni zamanda, məmləkətimizin inkişaf mərhələlərini əks etdirir, tariximizi yaşadır.

Hazırda Azərbaycan ən qabaqcıl şəhərsalma yanaşmalarını tətbiq etməyə çalışır, çoxsaylı beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq qurur. Son illər ərzində bu sahədə həyata keçirilən qanunvericilik islahatları isə kompleks şəkildə şəhərsalma fəaliyyətinin şəffaf, davamlı və qanunauyğun çərçivədə icrasına şərait yaradıb. Diqqət mərkəzində olan məsələlərdən biri də şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasətinin müasir tələblərə uyğun təşkil olunmasıdır. Şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olmasını təmin etmək üçün ölkəmizdə səmərəli icra mexanizmi formalaşdırılır.

Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir. İrimiqyaslı qlobal tədbirlərdən hesab edilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) paytaxtımızda keçirilməsi ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahəyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir. Eyni zamanda, tədbirin keçirilməsi üçün Bakının məkan seçilməsinin əsas səbəblərindən biri də paytaxtımızda sosial-iqtisadi, nəqliyyat və digər infrastrukturların yüksək səviyyədə olmasıdır.

180-dən çox ölkədən onminlərlə insanın tədbirdə iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu bir daha təsdiqləyir. Yeri gəlmişkən, “Global South NGO Platform”un təşəbbüsü və təşkilatçılığı ilə WUF13-lə bağlı “Bakı Bəyannaməsi” hazırlanıb. Sənəd WUF13-də iştirak edən xarici QHT təmsilçilərinə imza üçün açıq olub. “Bakı Bəyannaməsi”ni 103 ölkədən 569 QHT təmsilçisi imzalayıb. WUF13 çərçivəsində Bakıda toplaşan vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Azərbaycanı WUF13-ün uğurlu təşkilinə, beynəlxalq şəhər dialoquna və əməkdaşlığa verdiyi mühüm töhfə münasibətilə təbrik ediblər. Bəyanatda qeyd olunub ki, forumun tarixində ilk dəfə keçirilən Liderlər Sammiti şəhər inkişafını yeni siyasi müstəviyə qaldıraraq, beynəlxalq gündəliyin prioritetləri sırasına daxil etdi. “Dünyanın müxtəlif yerlərində urbisid, kultursid və ekosidin təzahür etdiyi bir dövrdə Azərbaycanın postmünaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsi beynəlxalq ictimaiyyət üçün vacib metodoloji nümunədir. Bu xüsusda biz “Azərbaycan təcrübəsi”nin dünyanın postmünaqişə bölgələrinin yenidən qurulmasında beynəlxalq etalon və bu sahədə forumlarda əsas istinad kimi qəbul olunmasını təklif edirik”,-deyə vurğulanan bəyanatda bildirilib ki, WUF tarixində ilk dəfə Bakıda keçirilmiş QHT Forumu WUF prosesində vətəndaş cəmiyyətinin iştirakı üçün yeni bir mərhələdir.

Sənəddə, həmçinin diqqətə çatdırılıb ki, müxtəlif ölkələrdən 1000-dən çox QHT-ni özündə birləşdirən Qlobal Cənub QHT Platformasının (GSNP-nin) ilk Baş Assambleyasının çağırılması və rəhbərliyinin formalaşdırılması qlobal vətəndaş cəmiyyətinin institusional cəmləşməsində tarixi mərhələdir. GSNP şəbəkəsi vasitəsilə qəbul edilən bu Bəyannamə əlçatan mənzil imkanlarını və inklüziv şəhər inkişafını dəstəkləmək naminə qlobal həmrəylik aktı kimi çıxış edir. “Biz “UN Habitat”ı bu təşəbbüsü dəstəkləməyə davam etməyə, GSNP-ni WUF-un rəsmi vətəndaş cəmiyyəti tərəfdaşı kimi tanımağa və bu modeli gələcək forumların daimi komponenti etməyə çağırırıq. Uğurlu şəhər inkişafı təcrübələrini sistemləşdirmək və bölüşmək üçün Qlobal Cənub Şəhərləri üzrə Bilik Mərkəzinin yaradılmasını təklif edirik. Bakıdan bütün beynəlxalq tərəfdaşlara üz tutaraq, onları insan mərkəzli şəhər siyasətlərini dəstəkləməyə və şəhər dayanıqlığı, davamlı inkişaf və inklüziv cəmiyyətlər naminə daha əlaqələndirilmiş qlobal fəaliyyət göstərməyə çağırırıq. Qarşıdakı WUF sessiyalarının WUF13 təcrübəsinə əsaslanan birgə əməliyyat qaydalarının hazırlanması ilə bağlı Niyyət Məktubundan irəli gələrək, “Bakı Standartı”na uyğun təşkil olunmasını təşviq edirik”-deyə, bəyanatda vurğulanıb.

Qeyd edək ki, “Bakı Bəyannaməsi” “Global South NGO Platform”un (GSNP) tərəfdaşlığı və Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə cari il mayın 19-da WUF tarixində ilk dəfə keçirilmiş “WUF13 NGO Forum”dan üç gün sonra qəbul edilib. 800-ə yaxın xarici və yerli QHT təmsilçilərinin iştirakı ilə baş tutmuş “WUF13 NGO Forum”dakı müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub. “WUF13 NGO Forum”un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Katib “Global South NGO Platform”u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib. “UN-Habitat”ın İdarə Heyətinin sabiq katibi Kristian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə “Bandunq prinsipləri” yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 43 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31