Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib
25.05.2026 [10:47]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Bu barədə AZƏRTAC-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Fətvada deyilir: “Bağışlayan və Mərhəmətli Allahın adı ilə!
Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.
Müsəlman aləmi üçün əziz olan mübarək Eyd-əl-Əzha ərəfəsində Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrini çatdırmağı vacib bilir:
Bildiririk ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan şəxslərin qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir ailələrə paylamaq - böyük savab sayılır. Uca Allah müqəddəs “Qurani-Kərim”də qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc; 37). Mübarək ayədəki ilahi hikmətə inanan hər kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.
Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, fəqət əziz Peyğəmbərimizin (s) tövsiyəsinə görə, imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir il, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcəkdir. Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənmişdir. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərimizdə Bayram namazları qılınacaqdır, inşallah.
Аzərbаycаndа Qurbаn bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilmişdir. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarını və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı bayram münasibətilə təbrik edir, ailələrinə dindarlarımızın xeyir-dualarını yetirir, dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafı naminə xeyirxah və səmərəli fəaliyyətlərinə uğurlar arzulayırıq.
Həzrət Peyğəmbər (s) hədisi-şəriflərinin birində buyurmuşdur: “Adəm oğlu Qurban bayramı günündə Allah üçün qurbanlıq kəsməkdən daha gözəl bir iş edə bilməz”. Bu ibadətin gözəlliyi ondan ibarətdir ki, insanı Allaha yaxınlaşdırır, təvazökarlığı, itaətkarlığı və xeyirxahlığı təlqin edir, müsəlmanlar arasında ictimai birliyi və ünsiyyəti, sevgi və qardaşlıq əlaqələrini gücləndirir. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs bayram günlərində Vətənimiz və millətimiz üçün dualar etməliyik. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Allah Vətən uğrunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı Ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini, xalqını və onun müdrik rəhbərini hər zaman müzəffər etsin!
Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan raz-niyaz ilə diləyir. Allah-taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun! Amin!
Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!”.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55

