Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aİ növbəti genişlənmə planı üzərində işləyir

Aİ növbəti genişlənmə planı üzərində işləyir

29.09.2026 [09:17]

Bu dəfə 4 ölkəyə “yaşıl işıq” yandırılır

Yeni dünya nizamının formalaşdığı, qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi bir mərhələdə Avropa əvvəlki geosiyasi çəkisini qorumaq üçün yeni reformalara əl atır. İqtisadi imkanlar, enerji təhlükəsizliyi, müdafiə potensialı və beynəlxalq proseslərə təsir imkanları baxımından yaranan yeni reallıqlar Avropa İttifaqını öz siyasətinə yenidən nəzər salmağa vadar edir. “Köhnə qitə” bu mərhələdə yalnız daxili problemlərin həlli ilə kifayətlənmək, yaxud mövcud imkanlarla kifayətlənmək niyyətində deyil. Əksinə, iqtisadi və siyasi dayaqlarını möhkəmləndirmək, yeni bazarlara çıxış imkanlarını artırmaq və coğrafi təsir dairəsini genişləndirmək istiqamətində addımlar atılır. Bu baxımdan Avropa İttifaqının genişlənmə siyasətinin yenidən ön plana çıxması xüsusi əhəmiyyət daşıyır. Birliyin yeni ölkələri öz sıralarına qəbul etməyə hazırlaşması təkcə üzvlərin sayının artırılması deyil, həm də Avropanın iqtisadi, siyasi və təhlükəsizlik imkanlarının genişləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Beləliklə, genişlənmə prosesi yeni geosiyasi reallıqlar fonunda Aİ-nin gələcək gücünü və rolunu müəyyənləşdirən əsas istiqamətlərdən birinə çevrilir.

4 ölkə üçün yol xəritəsi...

“Politico” yazır ki, Avropa İttifaqı bloka qoşulmağa ən yaxın hesab edilən 4 ölkə üçün ayrıca yol xəritələri hazırlayır. Nəşr təşəbbüsün hazırlanmasında iştirak edən iki yüksək vəzifəli Avropa Komissiyası rəsmisinə istinadən xəbər verir ki, Monteneqro, Ukrayna, Moldova və Albaniya üzvlük prosesinin irəliləməsi üçün addım-addım planların hazırlanacağı ölkələr arasında olacaq.

Hər bir yol xəritəsində namizəd ölkələr üçün xüsusi tələblər və fərdi klasterlər üzrə danışıqların başa çatdırılması üçün təxmini son tarixlər olacaq. “Politico” qeyd edir ki, bu yanaşma islahatların həyata keçirilməsinin hər bir namizədin unikal vəziyyətləri nəzərə alınmaqla danışıqların ardıcıl mərhələləri ilə əlaqələndirilməsinə imkan verəcək.

Nəşrin mənbələrinə görə, Ukrayna, Moldova, Monteneqro və Albaniya üzvlüyə ən çox hazırlıqlı namizədlər arasında hesab olunur, lakin danışıqlar prosesi yavaş gedir və konkret üzvlük tarixləri hələ müəyyən edilməyib.

Xatırladaq ki, Ukrayna və Moldova 2022-ci ilin iyun ayında Aİ namizədi statusu alıblar. “Politico” mənbələri təsdiqləyib ki, digər namizəd ölkələrə - Kosovo, Şimali Makedoniya və Bosniya və Herseqovinaya bu mərhələdə yol xəritələri təklif olunmayacaq. Nəşr yazır ki, yol xəritəsi təklif edilməyən ölkələr sırasında üzvlük prosesləri dayandırılmış Gürcüstan, Türkiyə və Serbiya da var.

Yeni siyahı, köhnə meyarlar - Türkiyə niyə yoxdur?

Qeyd edək ki, mənzil-qərargahı Brüsseldə yerləşən və formal olaraq 1957-ci ildə yaranan təşkilata qurucu üzvlərin ardınca 1973-cü ildə Danimarka, İrlandiya və İngiltərə, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə Portuqaliya və İspaniya qoşulub. Aİ platformasında isə ilk qəbul 1995-ci ildə Avstriya, Finlandiya və İsveçin qismətinə düşüb. Ən böyük üzvqəbuletmə prosesi isə 2004-cü ildə baş verib. Həmin il Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan Aİ-nin tamhüquqlu üzvü olmaq hüququ əldə ediblər. 2007-ci ildə təşkilatın sıralarına Rumıniya və Bolqarıstan, son olaraq 2013-cü ildə isə Xorvatiya qoşulub. 2020-ci il yanvarın 31-də isə hələlik yeganə hal olaraq Böyük Britaniya Avropa İttifaqını tərk edib.

Yeni genişlənmə planında diqqətçəkən məqam Türkiyə və ya Serbiya kimi dövlətlərin yer almamasıdır. Halbuki hər iki ölkə onilliklərdir namizəd statusundadır və Aİ ilə müzakirə mərhələlərini keçiblər. Müqayisə aparsaq, yeni siyahıda yer alan 4 ölkənin heç biri iqtisadi, demoqrafik və siyasi təsir gücü baxımından Türkiyə ilə eyni səviyyədə deyil. Siyasi mütəxəssislər isə etiraf edir ki, Moldova və Ukrayna isə uzunmüddətli münaqişələr və iqtisadi çətinliklər fonunda hələ Aİ standartlarından uzaqdır. Türkiyə həm də ən uzunmüddətli namizəd sayılır. Rəsmi Ankara 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edərək 1999-cu ildə namizəd statusu alıb. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlar aparıblar. Lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də, Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 9 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib. İsveçin NATO yolunu açmaqla isə Türkiyə yenidən Aİ üzvü olmağa ümidlənsə də, ortada nəticə yoxdur.

Belə olan halda sual yaranır: nəyə görə Aİ başqa ölkələri daha “uyğun” hesab edir? Siyasi texnoloqların fikrincə, bu, sırf siyasi seçimdir. Avropa İttifaqı hazırda öz təhlükəsizlik buferini genişləndirməyə çalışır. Ukraynanın və Moldovanın bu siyahıya daxil edilməsi Rusiya qarşısında siyasi baryer yaratmaq məqsədi daşıyır. Türkiyə məsələsinə gəlincə, bu dövlətin regional və geosiyasi çəkisi Aİ-nin struktur balansını poza bilər. Brüssel üçün “idarəolunan üzvlər” konsepsiyası daha uyğundur. Türkiyə isə öz milli maraqları çərçivəsində müstəqil siyasət yürüdür və bu, Aİ-nin “vahid qərar” modelinə uyğun gəlmir.

Paris və Berlin Kiyevə “yol” açır...

Bu fikirləri “Financial Times”ın ayrı-ayrı sənədlərə istinadən Fransa və Almaniyanın Aİ-yə üzvlükdən əvvəlki mərhələdə Ukraynaya “simvolik güzəştlər” verməklə bağlı xəbəri də təsdiqləyir. Belə ki, qəzetin məlumatına görə, Berlin Ukraynaya “assosiativ üzv” statusu verməyi təklif edir ki, bu da Kiyevə nazirlərin və liderlərin görüşlərində iştirak etməyə imkan verəcək, lakin səsvermə hüququ və ya birliyin ümumi büdcəsinə çıxış əldə etməyəcək. Paris isə bu müvəqqəti üzvlüyü “inteqrasiya olunmuş dövlət statusu” adlandırır - bu, Ukraynanın Aİ-yə tam üzv olana qədər Ümumi Kənd Təsərrüfatı Siyasətində və Avropa maliyyələşdirmə proqramlarında iştirakını istisna edir. Avropa Komissiyasının (AK) iki yüksək vəzifəli rəsmisinin sözlərinə görə, müvafiq sənədlərin ümumi mahiyyəti, ehtimal ki, Aİ-nin Ukrayna üçün son təklifinə yaxın olacaq.

Nəşrin qeyd etdiyi kimi, Paris və Berlinin təklifləri AK-nın “tərs genişlənmə” konsepsiyasının demək olar ki, hamı tərəfindən rədd edilməsindən sonra ortaya çıxıb. Bu konsepsiyaya əsasən, Ukrayna bütün meyarlara cavab vermədən Aİ-nin tamhüquqlu üzvü ola bilər və sonra müəyyən meyarlar yerinə yetirildikcə tədricən maliyyə və digər güzəştlər əldə edə bilər.

Nəşr qeyd edir ki, Avropa Komissiyasının ideyası ilə Fransa və Almaniyanın təklifləri arasındakı əsas fərq Ukraynanın Aİ üzvü ola biləcəyi və birliyin idarəetmə şuralarında səsvermə hüququ əldə edə biləcəyi vaxtdır. Bundan əlavə, FT-yə görə, “yüngül” üzvlük formatına Aİ ilə qarşılıqlı müdafiə haqqında bənd daxil ola bilər ki, bu da Kiyev üçün əsas üstünlüklərdən biri hesab olunur.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 22 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30