Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qlobal investorlar üçün strateji platforma

Qlobal investorlar üçün strateji platforma

29.09.2026 [11:59]

II Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın regionda cəlbedici investisiya mərkəzinə çevrildiyini nümayiş etdirir

Sentyabrın 25-26-da Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub. Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirib. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyinə toxunulub.

Güclü sabitlik və dayanıqlı iqtisadi inkişaf investorlarda dərin inam yaradır

Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirakı və dünyanın nüfuzlu şirkət üzvləri tərəfindən ünvanlanan sualları cavablandırması bir daha Azərbaycanın sərmayədar ölkə imicini təsdiq etməklə yanaşı, sərmayə iqlimi barədə beynəlxalq iqtisadi icmaya ətraflı məlumatların çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Forumda son 20 ildə Azərbaycanın qazandığı uğurların təqdimatı isə xarici iş adamlarında yürüdülən düzgün iqtisadi siyasətin təntənəsini təşviq edən fürsət sayıla bilər. Qeyd edildiyi kimi, Azərbaycan bu müddətdə əlavə dəyər istehsalını 10 dəfə artaraq 7 milyarddan 76 milyarda yüksəldib. Əlavə dəyərin strukturunda adambaşına düşən ÜDM səkkiz dəfədən çox artaraq 900 dollardan 7500 dollara yüksəlib, yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə endirilib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib. Xarici borc ÜDM-in 5,6 faizini təşkil edir və valyuta ehtiyatlarımızı 20 dəfə üstələyir. Valyutamız sabitdir. 2017-ci ilin aprel ayından dollara münasibətdə məzənnə dəyişməyib. Məzənnə 1 dollar 1,7 manatdır və belə də davam edəcək.

Bütün bu amillər  - siyasi sabitlik, təhülkəsizlik, iqtisadi mühitin əlverişliliyi xarici investorlar üçün də xüsusi diqqətdə saxlanılır və onlar daha stabil ölkələrə sərmayələr yatırır. Azərbaycana son 20 ildə 350 milyard dollar həcmində sərmayələrin cəlb olunması və onun yarısının birbaşa xarici kapital olması da məhz qeyd edilən mühüm faktorlarla əlaqədardır.

Hazırda neftlə bərabər zəngin qaz istehsalçısı olan Azərbaycan Avropa ölkələrinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Eləcə də dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə, o cümlədən bərpaolunan enerjinin tədarükündə fəal addımlar atır. Eləcə də nəqliyyat və logistika sahəsində iqtisadi intensivliyi artırıb. Böyük potensiala malik sahələrdən biri də mədənçilikdir. Bir neçə gün əvvəl bu sahəyə dair yeni proqram təsdiq edilib və strateji xətlərdən biri əcnəbi iş adamlarnı bu sahəyə cəlb etmək motivasiyalardır.

Bütün bunlar yerli və xarici investisiyalar üçün də bu əla fürsət deməkdir.

Yeri gəlmişkən, tədbirdə qlobal investisiya cəmiyyətinin ən görkəmli simalarının, ələlxüsus da 30 trilyon dollar dəyərində aktivləri idarə edən nəhəng şirkətin rəhbərliyinin təmsil olunması ölkəmizdəki sərmayə iqliminə xüsusi marağın göstəricisi kimi qiymətləndirilə bilər. Həmçinin yuxarıda vurğulanan sahələrə böyükhəcmli kapital yatırımlarını təşviq edir. Azərbaycanın dövlət başçısının qeyd etdiyi kimi, ən yaxşı təəssürat insanın özünün gördüyü və hiss etdiyi təəssüratdır. Xarici şirkətlərin üzvləri ölkəmizdə hər şeyi aydın görürlər. Azərbaycanda çoxsaylı əcnəbi mütəxəssislər yaşayır və çalışırlar. Yeni gələnlər isə sərmayə mühitini yaxından görərək bizimlə əməkdaşlıq edə bilərlər.

Azərbaycan regionda və regiondan kənarda etibarlı tərəfdaşa çevrilib

Göründüyü kimi, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət-özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan 30 ildən çoxdur ki, bir çox dövlətlə sıx işbirliyi quraraq təkcə ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verməyib, eyni zamanda regionda və regiondan kənarda bir sıra ölkələr üçün etibarlı iqtisadi tərəfdaşa, enerji təchizatçısına çevrilib.

Ölkəmiz hazırda 16 ölkəyə qaz tədarük edir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Bu, Azərbaycanı coğrafi əhatəsinə görə dünyanın aparıcı boru kəməri qazı tədarükçülərindən birinə çevirir. Azərbaycanın neft və neft məhsulları tədarük etdiyi ölkələrin sayı isə daha çoxdur. Respublikamız, digər sahələrdə də xarici tərəfdaşları ilə əlaqələri dərinləşdirir, yeni investisiyalar və təkrar investisiyalar yaratmağa davam edir. Nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçid isə yeni tərəfdaşlıq blokları təsis edir. 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatının tamhüquqlu iştirakçısı oldu və praktiki baxımdan Azərbaycan və Mərkəzi Asiya ölkələri tranzit, logistika, energetika və investisiya sahələrinə yanaşmalarını getdikcə daha çox əlaqələndirir. Azərbaycanda yerləşən bir şirkət üçün bu, bir tərəfdən Mərkəzi Asiya bazarlarına, digər tərəfdən isə Türkiyə və Avropaya birləşdirilmiş istehsal bazası deməkdir.

M.Cabbarov qeyd edib ki, Azərbaycanda aparıcı qlobal şirkətlərlə birlikdə irihəcmli “yaşıl enerji” layihələrinin icrası da genişlənir. Azərbaycan, Qazaxıstan və Özbəkistan liderləri tərəfindən imzalanmış saziş Mərkəzi Asiyadan Xəzər bölgəsinə “yaşıl enerji” dəhlizinin təməlini qoyub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” isə Avropa bazarlarına bərpaolunan elektrik enerjisi daşımaq üçün nəzərdə tutulub. Bu, investorlar üçün generasiya, ötürülmə və enerji tutumlu sənaye sahələrində imkanlar yaradır.

Nazir qeyd edib ki, bölgədə Azərbaycanın təşəbbüsü ilə yeni Data infrastrukturu qurulur, ölkəmiz rəqəmsal qovşağa çevrilməkdir. Xəzər dənizinin dibi ilə çəkilən Azərbaycan və Qazaxıstan arasındakı Trans-Xəzər fiber-optik kabel xətti Avropa və Asiya arasında yeni yüksəkötürücülü rəqəmsal bağlantı yaradacaq. Bu bağlantılar məlumat mərkəzləri və süni intellekt infrastrukturuna investisiya cəlb etməyə kömək edən çox rəqabətli imkanlar təmin edəcək.

Azərbaycan bir sıra tərəfdaş ölkələrlə birgə investisiya fondları təsis edib və çoxtərəfli investisiya platformalarında iştirak edir.

Yeni sərmayələrin cəlbi üçün əlverişli fürsət

Ölkəmizdə qanunun aliliyinin təminatı, siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. İnvestorların hüquq və mənafelərinin qorunması, yerli və xarici sahibkarlara əlverişli münbit şəraitinin yaradılması, Rəqabət Məcəlləsinin qüvvəyə minməsi sərmayə cəlbediciliyinin artırılmasında yeni mərhələ açıb. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Bunu tədbirdə çıxış edən investorlar da səsləndirib. Türkiyənin “JİTPOL” şirkətinin təmsilçisi Saadettin Kahveci bildirib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu biznesin inkişafına, iş adamlarının qarşılıqlı əlaqələr qurub əməkdaşlıq etməsinə, istehsal və emal müəssisələrinin tanıdılmasına yaxından köməklik göstərir. Bu təşəbbüs ümumilikdə ölkənin iqtisadi inkişafına, sahibkarlıq potensialının artmasına xidmət edir. Azərbaycanda aparılan iqtisadi islahatlar biznes mühitinə təsir göstərir və imkanları artırır. Bunu nəzərə alan şirkət cəlbedici sərmayə sisteminin səmərəliliyindən istifadə etməklə Bakıda nümayəndəliyini açmaq niyyətindədir.

Digər çıxış edən biznes nümayəndələri vurğulayıblar ki, hazırkı şəraitdə biznes üçün əsas məsələlərdən biri qlobal proseslərin son nəticələrinin və bazarlara mümkün təsirlərinin düzgün qiymətləndirilməsidir. Həmçinin beynəlxalq səviyyədə qəbul edilən qərarların müxtəlif ölkələr və regionlar üçün yaratdığı mümkün iqtisadi nəticələrinin nəzərə alınması vacibdir. Bu baxımdan Bakı İnvestisiya Forumu dövlət rəsmiləri, biznes strukturlarının rəhbərləri və digər investisiya strukturları üçün dərin təhlillər aparmaq və bizneslər qurmaq üçün ümidverici perspektivlər vəd edir.

23 saziş üzrə 10,8 milyard dollar həcmində investisiya

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu böyükhəcmli kapital yatırımları üçün mühüm razılaşmaların əldə edilməsi baxımından da əlamətdar oldu. Forum  çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalandı. Onların sırasında süni intellekt, enerji, o cümlədən bərpaolunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı və digər istiqamətləri əhatə edən anlaşmalar xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, cari ilin iyun ayında keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr üzrə təxminən 6 milyard dəyərində də kapital anlaşmaları əldə edilib. Həmin sərmayələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dolları ötəcək. Bu, investorların Azərbaycana artan inamının və ölkəmizin investisiya məkanı kimi cəlbediciliyinin yüksəldiyinin aydın göstəricisidir. Bu miqyasda investisiyalar iqtisadiyyatın şaxələndirilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, əlavə dəyərin və məşğulluğun artırılmasına mühüm töhfələr verəcək.

SOCAR-ın nəhəng enerji şirkətləri ilə yeni sazişləri

İnvestisiya Forumunda imzalanan sənədlərin sırasında SOCAR-ın yeni tərəfdaşlıq memorandumları xüsusilə əhəmiyyət daşıyır. ABŞ-ın nəhəng enerji korporasiyası olan  “ExxonMobil” şirkəti ilə Azərbaycanın milli enerji institutu arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq. Həmçinin SOCAR-la XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarının mübadiləsi perspektivli qaz yatağının tammiqyaslı işlənməsini təmin etməklə əlavə quyuların qazılması, eləcə də yeni emal infrastrukturunun yaradılmasını başa çatdıracaq. Bu isə ölkəmizin Avropaya qaz tədarüklərinin həcminin yüksəlməsinə imkan verəcək.

SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi isə hasil edilən təbii qazın mayeləşdirilərək (LNG) SOCAR tərəfindən ABŞ-dan kənar beynəlxalq bazarlarda satış imkanlarına yol açacaq. Nəticədə, Azərbaycan maye qaz bazarında da yeni status qazanmış olacaq.

“Apollo” şirkəti ilə SOCAR arasında “upstream” işlənmə (mənbəyə doğru) və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu mümkün investisiyanın qiymətləndirilməsi və strukturlaşdırılması, bu məqsədlə birgə işçi qrupların yaradılması, hüquqi, maliyyə və texniki yoxlamanın aparılması və yekun sazişlərin hazırlanması məsələlərini nəzərdə tutur. SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz və LNG təchizatı, enerji infrastrukturu layihələrinin birgə inkişafı, hasilat layihələrinə investisiyalar, habelə enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsini əhatə edir.

SOCAR ilə VNG, “Oracle Alloy” “Eni S.p.A.” şirkətləri arasında sazişlər isə yerli neft-qaz infrastrukturlarında müasir emal işlərinin qurulmasını, habelə Azərbaycandan xaricdə (Kot-d’İvuar Respublikasında) yerləşən enerji yataqlarının işlənməsini nəzərdə tutur. Bütün bu sazişlər Azərbaycan Dövlət Neft Şirkətinin qlobal  fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.

Təşkilat Komitəsi - İnvestisiya siyasətinin beynəlxalq təqdimatı

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu nümunəvi format kimi artıq ənənəyə çevrilir və biznes ailəsinin Bakı platforması kimi iqtisadi gündəliyə yazılmaqdadır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla forumun Təşkilat Komitəsi yaradılıb ki, bu, Bakının qlobal sərmayədarların etibarlı ünvanına çevrildiyini təsdiqləyir. Komitənin tərkibinə xarici işlər, maliyyə, mədəniyyət, daxili işlər, fövqəladə hallar, səhiyyə, ekologiya və təbii sərvətlər, rəqəmsal inkişaf və nəqliyyat, energetika nazirləri, eləcə də bir sıra dövlət qurumlarının rəhbərləri daxil edilib. Bu, Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Beləliklə, İkinci İnvestisiya Forumu Azərbaycanın uzunmüddətli investisiya strategiyasının mühüm platformasına çevrilən genişmiqyaslı, strateji proqram olduğunu təsdiqləməklə, yeni layihələrin təqdimatını həyata keçirmək, regional əməkdaşlığı genişləndirmək və Azərbaycanın Şərq ilə Qərb arasında iqtisadi körpü rolunu praktik layihələr vasitəsilə nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın investisiya siyasətinin beynəlxalq səviyyədə təqdimatına xidmət edir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 21 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30