Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dünya idman ictimaiyyətinin nəzərləri yenidən Azərbaycanda

Dünya idman ictimaiyyətinin nəzərləri yenidən Azərbaycanda

07.10.2026 [11:45]

Bakı növbəti mötəbər beynəlxalq yarışa - cüdo üzrə dünya çempionatına ev sahibliyi edir

Bu günlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq idman yarışmasına ev sahibliyi edir. Söhbət cüdo üzrə dünya çempionatından gedir. Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında  çempionatın açılış mərasimi keçirilib. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ilk günündə qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla (60 kiloqram) görüşüb. Doğma Vətəndə qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən dövlətimizin başçısı ona yeni uğurlar arzulayıb. “Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan”, - deyə Prezident İlham Əliyev bildirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparır.

Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edir.

Dünya idman ictimaiyyətinin artan inamı

Beynəlxalq miqyasda böyük populyarlığa malik cüdo üzrə növbəti dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. Bu, beynəlxalq idman ictimaiyyətinin ölkəmizə artan inamının əyani göstəricisidir. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev daim qlobal həmrəylik təşəbbüslərindən çıxış edir ki, bu da dünyada böyük təqdirlə qarşılanır. Bundan başqa, ölkəmizin müsbət reallıqları - uzunmüddətli sabitlik, cəmiyyətdəki tolerantlıq, güclü iqtisadi potensial beynəlxalq idman ictimaiyyətinin Azərbaycana artan inamını şərtləndirən amillər sırasında yer alır.

İndiyədək respublikamız Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, III MDB Oyunlarına böyük uğurla ev sahibliyi etməklə bu sahədə yaxşı təcrübə qazanıb. Ötən il ölkəmizdə həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib.

Ölkəmizdə ənənəvi olaraq keçirilən Formula 1 yarışı bu il də Bakının ev sahibliyi ilə uğurla baş tutdu. Hazırda isə  ölkəmiz yaxın vaxtlarda Azərbaycanda  ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında (FIFA U-15) dünya çempionatına və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərini yüksək səviyyədə davam etdirir. Bütün bunlar Azərbaycanın  beynəlxalq idman ictimaiyyəti ilə sıx əməkdaşlığının və ölkəmizin töhfələrinin dünyada yüksək dəyərləndilməsinin göstəricisidir.

Beynəlxalq yarışlarda qazanılan qələbələr

Azərbaycan idmançısı Əhməd Yusifovun cüdo üzrə dünya çempionatında qızıl medal qazanması azərbaycanlı idmançıların beynəlxalq səviyyəli mötəbər yarışlarda ədə etdikləri böyük uğurların davamıdır. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakının ev sahibliyi ilə keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimindəki çıxışında ölkəmizdə idmanın inkişafına göstərilən böyük qayğıdan bəhs edərək bildirib: “...Ölkəmizdə idmana, xüsusən də bütün bu nailiyyətlərin təməli olan cüdonun inkişafına göstərilən diqqət və qayğının ən yüksək səviyyədə olduğunu görmək sonsuz qürur mənbəyidir. Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi daimi dəstək sayəsində ölkəmiz bu gün böyük dünya yarışlarına ev sahibliyi edən, qonaqpərvərliyi və təşkilatçılıq təcrübəsi ilə tanınan möhtəşəm idman mərkəzinə çevrilib”.

Ölkəmizdə Prezident İlham Əliyevin ilk dəfə 1997-ci il 31 iyul tarixində Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə idmanın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb. MOK-un yeni rəhbərinin milli təəssübkeşliyi, perspektivli idmançılara böyük qayğı ilə yanaşması, klubların, federasiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi bütövlükdə ölkənin idman həyatında yüksəliş dalğası yaradıb. Ötən dövrdə paytaxt Bakıda və regionlarda beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturu qurulub. Hazırda ölkəmiz idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Təkcə belə bir faktı qeyd edək ki, son 22 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda 50-dək müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.

Öz növbəsində geniş əhatə dairəsinə malik olan dövlət qayğısı ölkəmizdə idmanın inkişafına və bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazanmalarına güclü stimul verir. Qürurverici haldır ki, idmançılarımızın mötəbər beynəlxalq yarışlarda qazandıqları medalların sayı ilbəil artır. 2024-cü ildə idmançılarımız beynəlxalq yarışlarda təxminən 1700 medal qazanmışdılar. 2025-ci ildə isə Azərbaycan bayrağı altında müxtəlif turnirlərə qatılan idmançılar rekord sayda - 2000-dən çox medal, o cümlədən də 600-dən çox qızıl medal qazanmağa müvəffəq olublar ki, bu da kifayət qədər böyük uğurdur.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 11 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Britaniya geri dönür?

06 Oktyabr 09:40

Analitik

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31