Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Məktəb mühiti: milli dəyərlər, intizam və dünyəvi təhsil prinsipləri

Məktəb mühiti: milli dəyərlər, intizam və dünyəvi təhsil prinsipləri

15.10.2026 [18:06]

Təhsil hər bir dövlətin gələcəyini müəyyənləşdirən strateji sahə, məktəb isə savadlı, vətənpərvər və məsuliyyətli nəslin formalaşdığı mühüm ictimai məkandır. Bu baxımdan ümumi təhsil müəssisələrində vahid geyim tələblərinin tətbiqi yalnız zahiri görünüş məsələsi deyil, həm də məktəb mədəniyyətinin, nizam-intizamın və sağlam təhsil mühitinin möhkəmləndirilməsi deməkdir.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında ideoloji təhlükəsizliklə bağlı səsləndirdiyi fikirlər bu məsələnin əhəmiyyətini bir daha ön plana çəkir. Dövlət başçısının vurğuladığı kimi, ölkənin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır, milli-mənəvi dəyərlərin, sağlam dünyagörüşünün və gənc nəslin zərərli ideoloji təsirlərdən müdafiəsi də mühüm vəzifədir. Bu istiqamətdə təhsilin üzərinə böyük məsuliyyət düşür.

Şagirdlər üçün müəyyən edilmiş vahid məktəbli forması təhsilalanlar arasında bərabərliyin təmin olunmasına, sosial fərqlərin ön plana çıxmasının qarşısının alınmasına və kollektivə aidlik hissinin güclənməsinə xidmət edir. Məktəbli forması şagirdlərdə məsuliyyət, səliqə və daxili qaydalara hörmət vərdişlərinin formalaşmasına da müsbət təsir göstərir. Eyni zamanda müəllimlərin sadə, səliqəli və işgüzar geyim tərzinə riayət etməsi onların peşəkar nüfuzunu gücləndirir, məktəbdə qarşılıqlı hörmətə əsaslanan iş mühitinin formalaşmasına töhfə verir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli 309 nömrəli və 6 oktyabr tarixli 325 nömrəli qərarları müvafiq olaraq təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələbləri müəyyənləşdirir. Bu qaydalar məktəblərdə vahid yanaşmanın təmin edilməsinə, geyim mədəniyyətinin yüksəldilməsinə və təhsil mühitinin xüsusiyyətlərinə uyğun davranış normalarının möhkəmləndirilməsinə yönəlib. Tələblərə əməl olunması məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin və şagirdlərin birgə məsuliyyətidir.

Məsələnin mühüm tərəflərindən biri də dünyəvi təhsil prinsipinin qorunmasıdır. Azərbaycan Konstitusiyasının və müvafiq qanunvericiliyin müəyyən etdiyi çərçivədə dini etiqad azadlığına hörmətlə yanaşılır. Bununla yanaşı, ümumi təhsil sistemi millilik və dünyəvilik prinsipləri əsasında fəaliyyət göstərir. Məktəbin əsas vəzifəsi uşaqların sərbəst düşünən, geniş dünyagörüşünə malik, milli və ümumbəşəri dəyərlərə hörmət edən şəxsiyyətlər kimi yetişməsinə şərait yaratmaqdır. Vahid geyim qaydalarına riayət də məhz bu məqsədlərə xidmət edən təşkilati tələblərdən biridir.

Azərbaycanın dini-mənəvi irsə münasibəti də dövlətin həyata keçirdiyi siyasətdə aydın görünür. Məscidlərin və tarixi-dini abidələrin bərpası, dini icmalara göstərilən diqqət, dinlərarası dialoqun və tolerantlıq ənənələrinin təşviqi milli-mənəvi dəyərlərə verilən önəmin ifadəsidir. Bu yanaşma göstərir ki, milli və dini irsin qorunması ilə dünyəvi dövlətçilik prinsipləri bir-birini tamamlayan anlayışlardır.

Məktəblərdə geyim tələblərinin tətbiqinə formal qayda kimi deyil, keyfiyyətli təhsil mühitinin və sağlam gələcəyin formalaşdırılmasının tərkib hissəsi kimi yanaşılmalıdır. Məktəbin əsas məqsədi şagirdlərə yalnız bilik vermək deyil, həm də onlarda intizam, məsuliyyət, vətənpərvərlik və cəmiyyət qarşısında öhdəlik hissi yaratmaqdır. Bu məqsədlərə nail olmaq üçün dövlətin müəyyən etdiyi qaydalara əməl edilməsi, ailə ilə məktəb arasında əməkdaşlığın gücləndirilməsi və milli-mənəvi dəyərlərə bağlılığın təşviqi mühüm əhəmiyyət daşıyır.

Vəfa Məmmədova

YAP Kəngərli rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 33 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31