Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Füzulinin dirçəlişi: Müzəffər Ali Baş Komandanın səfərləri və qardaş Özbəkistanın dəstəyi

Füzulinin dirçəlişi: Müzəffər Ali Baş Komandanın səfərləri və qardaş Özbəkistanın dəstəyi

15.10.2026 [18:12]

Füzuli şəhərinin işğaldan azad olunmasından keçən altı il Azərbaycanın quruculuq gücünü bütün dünyaya nümayiş etdirdi. 27 il ərzində tamamilə dağıdılmış, xarabalığa çevrilmiş bir şəhərin qısa müddətdə yenidən həyata qaytarılması yalnız güclü siyasi iradə, düzgün planlaşdırma və ardıcıl icra nəticəsində mümkün ola bilərdi. Bu prosesin mərkəzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti dayanır. Dövlətimizin başçısının Füzuliyə ardıcıl səfərləri bərpa işlərinin hər mərhələsini müəyyənləşdirdi və yeni layihələrə start verdi.

Füzulinin bərpası asan vəzifə deyildi. İşğal illərində şəhərdə salamat bina qalmamışdı, bütün kommunikasiya sistemləri sıradan çıxarılmış, ərazi minalarla çirklənmişdi. Bərpa işlərinə başlamaq üçün ilk növbədə ərazilərin minalardan təmizlənməsi, yolların, enerji və su təchizatı sistemlərinin yenidən qurulması tələb olunurdu. Məhz buna görə də quruculuq işləri infrastruktur layihələrindən başladı: yollar, elektrik yarımstansiyaları, su anbarları, hava limanı. Bu ardıcıllıq Füzulinin yenidən yaşayış məntəqəsinə çevrilməsinin möhkəm təməlini yaratdı. Şəhərin müasir şəhərsalma prinsiplərinə uyğun Baş plan əsasında qurulması isə onun gələcəkdə regionun inkişaf mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.

Prezident İlham Əliyevin azad olunmuş Füzuliyə ilk səfəri 2020-ci il noyabrın 16-da, Vətən müharibəsinin başa çatmasından cəmi bir neçə gün sonra baş tutdu. Bu səfər zamanı Füzuli şəhərində Azərbaycan bayrağı ucaldıldı. Füzuli səmasında dalğalanan bayraq 27 illik işğala son qoyulmasının simvoluna çevrildi. Həmin gün Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi keçirildi. Bu yol Füzulini Şuşa ilə birləşdirən strateji əhəmiyyətli magistral olmaqla yanaşı, Azərbaycan əsgərinin Zəfərə gedən yolunun xatirəsini də yaşadır.

2021-ci il yanvarın 14-də dövlətimizin başçısı yenidən Füzulidə oldu. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməli qoyuldu. Bir ay sonra, fevralın 14-də Füzuli şəhərinin Baş planı təsdiqləndi. Prezident Horadiz-Ağbənd və Ağdam-Füzuli yollarının inşası ilə tanış oldu, Füzulidə 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimində iştirak etdi. Horadiz-Ağbənd yolu Zəngəzur dəhlizinin mühüm hissəsi olmaqla bölgənin nəqliyyat əhəmiyyətini daha da artırır. 2021-ci il martın 15-də isə Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu.

2021-ci il iyunun 14-də Prezident İlham Əliyevin Füzuliyə növbəti səfəri xüsusilə yadda qaldı. Dövlətimizin başçısı Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanış oldu, Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərə baxdı, “Füzuli” 110/35/10 kilovoltluq yarımstansiyasının açılışını etdi. Həmin gün Prezident İlham Əliyev qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşıladı. Bu görüş iki qardaş ölkənin Zəfər sevincini birgə bölüşməsinin, Türkiyənin Azərbaycana verdiyi dəstəyin rəmzi oldu.

2021-ci il avqustun 29-da Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda isə son tamamlama işləri ilə tanış oldu. Cəmi iki ay sonra, oktyabrın 26-da hava limanı Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. Təməli qoyulduqdan cəmi səkkiz ay sonra fəaliyyətə başlayan Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən ilk hava limanı kimi tarixə düşdü.

Füzulinin azadlığının birinci ildönümü – 2021-ci il oktyabrın 17-si də dövlətimizin başçısının səfəri ilə əlamətdar oldu. Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Həmin gün Füzuli-Ağdam avtomobil yolunun, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin və çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimləri keçirildi. “Ağıllı kənd” konsepsiyası Qarabağda müasir texnologiyalara əsaslanan yeni həyat modelinin təməlini qoydu.

Füzulinin dirçəlişində dost və qardaş ölkələrin dəstəyi də mühüm yer tutur. Bu baxımdan qardaş Özbəkistan Respublikasının göstərdiyi maddi və mənəvi dəstək xüsusi qeyd olunmalıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzulidə məktəb tikintisini özbək xalqı adından Azərbaycan xalqına hədiyyə etdi. 2023-cü ilin avqustunda Füzulidə Mirzə Uluğbəy adına 1 nömrəli tam orta məktəb Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin iştirakı ilə istifadəyə verildi. Üç hektar ərazidə yerləşən 960 şagird yerlik məktəbdə 40 sinif otağı, altı laboratoriya, iki kompüter sinfi, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana var. Həyətdə futbol meydançası, istirahət və tədbir zonaları, qaçış yolları yaradılıb.

Məktəbə görkəmli alim və dövlət xadimi Mirzə Uluğbəyin adının verilməsi iki xalqın ortaq tarixi-mədəni irsinə ehtiramın ifadəsidir. Bu hədiyyə Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin parlaq təzahürü olmaqla yanaşı, Füzuliyə qayıdan ailələrin uşaqları üçün müasir təhsil şəraiti yaradır. Prezident Şavkat Mirziyoyevin Füzuliyə səfəri isə qardaş Özbəkistanın Qarabağın dirçəlişinə verdiyi dəstəyin rəmzinə çevrildi.

Bu gün Füzuli şəhəri günü qeyd olunarkən görülən işlərin miqyası xüsusi qürur doğurur. 2023-cü ilin avqustunda başlanan Böyük Qayıdış davam edir, şəhərə köçən ailələrin sayı artır. Dövlət başçısının səfərləri zamanı qoyulan hər təməl daşı bu gün yaşayan, işləyən, inkişaf edən şəhərin bir parçasıdır. Füzuli Azərbaycan dövlətinin verdiyi sözü əməldə yerinə yetirdiyinin və Zəfərin davamlı quruculuğa çevrildiyinin canlı sübutudur. Füzuli şəhəri günü münasibətilə bütün füzulililəri və Azərbaycan xalqını təbrik edir, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası 

Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 40 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədalət, yoxsa tamaşa?

15 Oktyabr 10:03  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31